Məhkəmə qərarları › İş №2(103)-7214/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7214/2025

02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7214/2025 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasının müəyyən edilməsi) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı, cavabdehin nümayəndəsi Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komisssiyasının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dаir mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-101/2025 saylı, 22 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 28 avqust 2016-cı il təvəllüdlü X5 və 15 fevral 2019-cu il təvəllüdlü X1 üçün onun himayəsinə verilmələrinə dair qətnamə qəbul edilməsinə dair iddia tələbi ilə müraciət etmiş, Cavabdeh etiraz etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(001)- 101/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - İddiaçı və Rəsulova (Babayeva) Günay Firudin qızı 05 sentyabr 2015-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 28 avqust 2016-cı il təvəllüdlü X9 və 15 fevral 2019-cu il təvəllüdlü X7 adlı övladları anadan olmuşlar; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 28 avqust 2016-cı il təvəllüdlü X5 və 15 fevral 2019-cu il təvəllüdlü X4 Cavabdeh yanında qalması qət edilmişdir; - İddiaçı və Cavabdeh arasında mediasiya mərhələsində bağlanan uşaqla ünsiyyət barəsində 14 noyabr 2023-cü il tarixli barışıq sazişinə görə tərəflər razılaşmışlar ki, İddiaçı övladları 28 avqust 2016-cı il təvəllüdlü X9 və 15 fevral 2019-cu il təvəllüdlü X7 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olacaq. İddiaçı Cavabdeh razılığı ilə övladları 28 avqust 2016-cı il təvəllüdlü X9 və 15 fevral 2019-cu il təvəllüdlü X7 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan, saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olacaq; - Hacıqabul Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında “barışıq sazişinin uşaqla ünsiyyətinin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış 23 noyabr 2023-cü il tarixli barışıq sazişinin uşaqla ünsiyyətinin təsdiq edilməsi, barışıq sazişinə əsasən İddiaçı övladları 28 avqust 2016-cı il təvəllüdlü X9 və 15 fevral 2019-cu il təvəllüdlü X7 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olması, İddiaçı 2-ci tərəf Cavabdeh razılığı ilə övladları 28 avqust 2016-cı il təvəllüdlü X9 və 15 fevral 2019-cu il təvəllüdlü X7 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan, saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olması qət edilmişdir; - Birinci instansiya məhkəməsində fikri dinlənilən 28 avqust 2016-cı il təvəllüdlü X9 bildirmişdir ki, 8 yaşı var, 30 №-li məktəbdə oxuyur. Atası keçən həftə onu götürməyə gəlmədiyindən onunla görüşə bilməyib. Whatsap proqramı telefonunda var, atasını bloka atmayıb. Onunla hər gün danışır. Hazırda anasının yanında qalır. Anası sənəd düzəltməyə gedib, yaxında gələcək. Anası gələnə qədər nənəsinin yanında qalmaq istəyir. Atasının yanında qalmaq istəmir. Atası ilə olanda anasını ona pisləyir. Atası deyir ki, “ana bizi atacaq, ana bizi sevmir”. Ata nənəsini də istəmir. Çünki o istəmədən ona məcbur edib ki, atasına onu çox istədiyini dediyi bir səs atsın. Atası ilə qalmaq, onunla görüşmək istəmir. Atası ona bir dəfə top alıb, topu evə aparmağa qomayıb, deyib ki, “topu özünlə aparsan, daha ona heç nə almayacaq”. Özü Türkiyəyə getmək istəyir. Orada oxuyanda türk dilini bilirdi. İndi də, rus, türk və Azərbaycan dillərini bilir. Əgər Türkiyəyə getsə, atasının onunla gəlməsini istəmir; - Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının 27 may 2024-cü il tarixli rəyinə əsasən uşaqların mənafeyinin üstünlüyü baxımından 28 avqust 2016-cı il təvəllüdlü X5 və 15 fevral 2019-cu il təvəllüdlü X4 ataları İddiaçı himayəsində qalmaları məqsədəmüvafiq hesab edilmişdir. Tərəflərin birgə nikahından anadan olan 28 avqust 2016-cı il təvəllüdlü X5 və 15 fevral 2019-cu il təvəllüdlü X4 valideynlərinin ayrılması ilə bağlı onlarda müşahidə edilən mənəvi-psixoloji sarsıntının aradan qaldırılması, habelə psixoloji təsirlərdən azad olunmaları baxımından psixoloji yardım almaları tövsiyə olunmuşdur; - Birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş məhkəmə-psixoloji ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 21 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 28 avqust 2016-cı il təvəllüdlü X5 anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. Valideynlər arasında qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik X2 emosional-iradi sferasına və atası İddiaçı qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. X9 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və iradəsinə uyğun sərbəst ifadə etmək qabiliyyətinə malik deyildir. X5 psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. X2 normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2025-ci il tarixli, 2(103)-3739/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(001)-101/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

4. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2025-ci il tarixli, 2(103)-3739/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3166/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərararı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2025-ci il tarixli, 2(103)- 3739/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə; “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3 və 9-cu maddələrinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 56.1, 60.1, 60.4, 61.3, 73.1, 73.2; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 17, 18; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlardan valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarına; Azərbaycan Respublikası 14.2, 76.1. 76.2, 77.1, 88, 217.4, 372.1, 372.6, 327.7, 416.1, 416.2,418.1-ci maəddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, tərəflərin birgə nikahlarından anadan olan övladları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə anaları olan cavabdehin himayəsində saxlanılmışlar. Ata olan iddiaçı cavabdehin uşaqlara lazımi qayğı göstərməməsi, xaricdə təhsil almaqla, uzun müddət Azərbaycanda olmaması, uşaqların bu dövrdə işlədikləri üçün onlara tam nəzarəti həyata keçirmək və tələbatlarını təmin etmək imkanında olmayan cavabdehin valideynlərinin himayəsində qalmaları kimi dəlilləri irəli sürərək, uşaqların saxlanılması üçün onun himayəsinə verilməsini xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi isə gəlinən nəticə ilə razılaşmışdır. İddiaçının apellyasiya şikayəti rədd edən apellyasiya instansiyası məhkəməsi xüsusən mövqeyini belə əsaslandırmışdır ki, hazırkı qəbildən olan mübahisələr həll edilərkən ilk olaraq uşaqların hüquq və mənafeləri nəzərə alınmalı, ana və uşaqlar bir-birilərindən ayrılmamalı, mübahisənin həlli zamanı qəyyumluq və himayəçilik orqanının rəyi digər sübutlarla yanaşı qiymətləndirməlidir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya kollegiyası həmçinin göstərmişdir ki, cavabdehin təhsilini inkişaf etdirmək üçün atdığı addımlar uşaqların mənafeyinə xidmət etdiyi üçün uşaqların anadan alınması üçün əsas olmamalıdır (bax bəndlər 18-28). Məhkəmə kollegiyası prinsip olaraq apellyasiya instansiyası məhkəməsinin göstərdikləri ilə razılaşsa da, hesab edir ki, məhkəmə işin faktiki hallarını bunlara münasibətdə kifayət qədər əsaslandırmamışdır.Belə ki, qeyd olunduğu kimi, iddiaçının tələbinin əsaslarından biri ondan ibarətdir ki, cavabdeh xarici dövlətdə təhsil almaqla, uzun müddət ərzində Azərbaycan Respublikasında olmur və uşaqlar bu zaman nəzarətsiz qalır. Cavabdehin Türkiyə Respublikasında tibb ixtisası üzrə təhsil alması işin mübahisəsiz halıdır. Əlbəttə ki, ananın təhsil alması özü-özlüyündə onun uşaqlarına nəzarət etməməsi anlamına gəlmir və uşaqların ondan alınmasına əsas ola bilməz. Lakin, hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh təhsili ilə bağlı uzun müddət ərzində Azərbaycanda olmur. O cümlədən, iş materiallarında olan məhkəmə iclas protokolundan müəyyən olunur ki, hazırkı mübahisə apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən də cavabdeh xaricdə olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi 15 iyul 2025-ci il tarixli ərizədə isə göstərilmişdir ki, uşaqlar 05 iyun 2025-ci il tarixdən faktiki olaraq iddiaçı ilə birgə yaşayırlar. Apellyasiya instansiyası məhkəməsi isə işin bu hallarını nəzərə almamış, iddiaçının qeyd etdiklərinin həqiqətə uyğun olub-olmamasını, cavabdeh həqiqətən xaricdə olduğu halda, hansı müddətə getməsini, bu zamanı uşaqların kimin himayəsində olmalarını, bunun onların (uşaqların) maraq və mənafelərinə uyğun olubolmamasını araşdırmamışdır. Qeyd olunmalıdır ki, ailə qanunvericiliyinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər (Ailə Məcəlləsinin 56.1-ci maddəsi). Bu nöqteyi-nəzərdən kassasiya kollegiyası hesab edir ki, cavabdeh olan ananın xarici ölkəyə uzunmüddətli səfərləri olduqda, o cümlədən təhsil almaq və ya işləmək üçün xaricdə olduqda, uşaqların bu müddət ərzində saxlanılması üçün ataya verilməsi imkanları da araşdırılmalıdır. Digər tərəfdən, uşaqların iddiaçının razılığı olmadan cavabdehlə birgə ölkə hüdudlarından kənara getmələri başqa məhkəmə mübahisəsinin predmetini təşkil etdiyindən, iddiaçının buna razılıq verməməsi hazırkı iddianın rəddi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən xüsusatlar üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutların qanunvericiliyə uyğun qiymətləndirilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmamış, nəticə etibarilə maddi hüquq normaları da düzgün tətbiq edilməmişdir. Apellyasiya baxışının hədləri

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən hissədə yenidən yoxlanılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, onun qanuni qüvvəsini almış qətnamə ilə uşaqlarla 6 gün ünsiyyət hüququnun olduğunu, cavabdehin isə ona xəbər vermədən oktyabr ayında uşaqları götürüb Türkiyəyə getdiyini, halbuki oktyabr ayına qədər 7 ay ərzində uşaqların atanın yanında qaldığını, ananın uşaqlarla maraqlanmadığını, hazırda uşaqlarının Türkiyədəki təhsili ilə bağlı hər hansı məlumatının olmadığını, ünsiyyətlə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasız qaldığını, hətta ananın axtarışa verildiyini, bu səbəbdən də uşaqların onun himayəsinə verilməsini istədiyini, uşaqların ona veriləcəyi təqdirdə ana ilə uşaqlarının unisyyətdə olmasına hər hansı maneə törətməyəcəyini, əvəllər uşaqlarda müxtəlif bədən xəsarətləri aşkar etdiyini və bu barədə fotoşəkilləri də müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyini, müvafiq icra hakimiyyəti orqanının da qərarında da uşaqların atanın himayəsində qalmasının məqsədəmüvafiq hesab edildiyini, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertizadan ümumiyyətlə məlumat olmadığını qeyd edir, apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini xahiş edir.

7. Cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini, ananın Türkiyədə təhsil alması və uşaqlarının orada onunla birgə yaşamaları üçün müvafiq şəraitin yaradılması məqsədi ilə 7 ay ərzində onları atalarına verdiyini, ananın qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşaqların ölkə hüdudundan kənara aparıldığını, kassasiya instansiyasında icraat zamanı həmin qətnamənin hələ qanuni qüvvəsini almadığını, ananın axtarışa verilməsi məsələsinin onlara bu gün məlum olduğunu və həmin qərarı mübahisələndirəcəklərini, ana tərəfindən uşaqların bütün ehtiyacların qarşılandığını, həmçinin qəyyumluq orqanının hazırkı iş üzrə iki bir-birinə zidd qərarının olduğunu, bu səbəbdən də müvafiq ekspertizanın təyin edildiyini, uşaqların psixoloqun iştirakı ilə məhkəmə iclasında dindirildiyini və anaları ilə qalmaq istədiklərini bildirdiklərini, iddiaçının ekspertizadan məlumatlı olmaması arqumentinə münasibətdə isə onun təkrar ekspertiza ilə bağlı vəsatətinin olmadığını qeyd edir, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş edir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komisssiyasının nümayəndəsi X10 hazırda uşaqların Türkiyə Respublikasında yaşamaqları səbəbindən konkret mövqeylərini bildirməyin çətin olduğunu qeyd etmiş, yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 17. (İİ) Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin təlbələrinə əsasən: 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi vətəhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən: 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

13. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərdən keçirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, brinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Kollegiya qeyd edir ki, kassasiya instansiyasının göstərişlərində qeyd edilmişdir ki, məhkəmə kollegiyası prinsip olaraq apellyasiya instansiyası məhkəməsinin göstərdikləri ilə razılaşsa da, hesab edir ki, məhkəmə işin faktiki hallarını bunlara münasibətdə kifayət qədər əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən də cavabdeh xaricdə olmuş, uşaqlar 05 iyun 2025ci il tarixdən faktiki olaraq iddiaçı ilə birgə yaşaması hallarını nəzərə alınmamış, cavabdeh həqiqətən xaricdə olduğu halda, hansı müddətə getməsi, bu zamanı uşaqların kimin himayəsində olmaları, bunun onların (uşaqların) maraq və mənafelərinə uyğun olub-olmaması araşdırmamışdır. İşə hazırda baxılan zaman mübahisə edilməyən hal ondan ibarətdir ki, uşaqlar anası ilə xaricdədirlər və kassasiya instansiya məhkəməsi tərəfindən göstərilən vəziyyət, yəni uşaqların faktiki olaraq atada olması müəyyən edilmir. Bundan irəli gələrək də, qeyd edilən göstərişlərin araşdırılması üçün zərurət qalmır. Belə ki, kassasiya instansiyasından qayıdan işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırma hədləri yalnız birincinin müəyyən etdiyi hallar üzrə onun göstərişləri ilə məhdudlaşır. Əlavə araşdırma aparılması üçün hallar müəyyən edilmir, hətta müəyyən edildiyi təqdirdə belə bu araşdırmanın mümkünlüyü yalnız beynəlxalq mübadilə vasitəsi ilə xarici ölkənin məhkəmə qurumu tərəfindən mümkündür ki, hazırda iddiaçı tərəfindən cavabdehin yaşayış yeri barədə müəyyənedici sənədlər (və ya vəsatətlər) məhkəmə kollegiyasına təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, xarici ölkənin müvafiq ədliyyə qurumları vasitəsi ilə (Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında Müqaviləyə və sair beynəlxalq hüquqi sənədlərə əsasən) hüquqi yardımın həyata keçirilməsi, iddiaçının ünsiyyət hüququ barədə məhkəmə qətnaməsinin icrasının təmin edilməsi və bununla da iddiaçının övladları barədə ətraflı məlumatlar əldə etmək kimi prosedur imkanları vardır. Qeyd edilən sübutedici məlumatların övladlarının mənafeyinə zidd olduğu və sair aidiyyəti hallarda iddiaçının yeni əsasla hazırki iddianın yenidən qaldırmaq hüququ vardır. Qeyd edilməlidir ki, qüvvədə olan məhkəmə qərarı ilə ünsiyyət hüququnun (barışığın) təsdiqi iddiaçının övladları (ananın yanında qalması) barədə statusu ilə razılaşmasını müəyyən edir. Mülki prosessual qanunvericiliyə görə isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

14. Kassasiya instansiyasının göstərişlərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə uşağların atanın icazəsi olmadan ölkə xaricinə müvəqqəti getmək hüququ müəyyən edilmişdir. Məhkəmə kollegiyasına tərəflərin verdiyi izahatlarda da ananın hazırda Türkiyədə övladları ilə birgə qalması müəyyən edilir, uşaqlar hazırda Azərbaycan Respublikasında olmadığından nə məhkəmə, nə də Qəyyumluq Orqanı tərəfindən onların dindirilməsi mümkün deyildir. Ata ananın uşaqların qayğısına qalmadığını, onların baxımsız vəziyyətdə olduğunu bildirsə də, bununla bağlı kifayət qədər mötəbər sübut təqdim edilməmişdir.

15. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır və bu səbəbdən ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri də onu ödəyən şəxsə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti rədd edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-101/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar