Məhkəmə qərarları › İş №2(103)-7217/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7217/2020

04.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7217/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh Dövlət Neft Şirkətinin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7” şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Neft Şirkətinə (“X7” şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “yaradılmış məhdudiyyətlərin qadağan olunması və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 70 saylı sərəncamı ilə aldığı yaşayış təyinatlı 0.6 ha torpaq sahəsindən istifadə etməsinə cavabdeh Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən yaradılmış məhdudiyyətlərin qadağan olunması, həmin torpaq sahəsinin dəmir məftillərlə olan hasarının cavabdehin hesabına sökülməsi, torpaq sahəsində onun tərəfindən çəkilmiş daş hasarın qanunsuz olaraq sökülməsi nəticəsində 4.000 manat dəymiş maddi ziyanın və öz torpağından istifadə etməsinə qanunsuz şəkildə maneə yaratması, hasarının qanunsuz şəkildə sökülməsi nəticəsində vurulmuş 10.000 manat mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə yeni qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Dövlət Neft Şirkətinin “Quruda Neft və Qazçıxarma” İstehsalat Birliyinin “BinəqədiNeft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2002-ci il tarixli məktubuna əsasən, nəzərdə tutulmuş torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə NQÇİ-nin balansından çıxarılmış əraziyə düşdüyü üçün həmin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz olunmamışdır. Bundan başqa, mübahisə predmeti olan torpaq sahəsinin plan cizgisi də “BinəqədiNeft” NQÇİ-nin geoloqu tərəfindən təsdiq olunmuşdur. Belə olan halda, Dövlət Neft Şirkətinin 13 ildən sonra torpaq sahəsinin “X7” Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisinə düşməsini bildirərək, onun öz torpağına girməsinə maneə yaratması tamamilə qanunsuzdur. Belə ki, “X7” Şirkətinə torpaq sahəsi xx.xx.2005-ci il tarixdə verilmişdirsə belə, mübahisə predmeti olan torpaq sahəsi Yaqub Cəfərova xx.xx.2002-ci il tarixdə verilmişdir. Yəni, vətəndaşa verilmiş torpaq sahəsi sonradan hansısa şirkətə verilməsi tamamilə qanunsuzdur. Birinci instansiya məhkəməsi isə, qətnamənin dördüncü səhifəsinin beşinci abzasında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə bu fikirini Mülki Məcəllənin 166.3-cü maddəsinə istinad edərək əsaslandırmağa çalışsa da, qətnamədə həmin maddəni ixtisar edərək, sadəcə cavabdehə sərf edən birinci cümləsinə istinad etməklə kifayətlənmişdir. Əslində isə, həmin maddədə deyilir ki, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Bundan başqa, Dövlət Neft Şirkətinin əməkdaşları hər hansı bir məhkəmə qərarı olmadan hasarı sökərək, iddiaçıya külli miqdarda maddi və mənəvi zərər vurmuşlar. Halbuki, mülki qanunvericilikdə qanunsuz formada tikilmiş tikintilərin belə mütləq formada məhkəmə qərarı nəticəsində sökülə biləcəyi öz əksini tapmışdır. Belə ki, MM-in 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdeh isə, qanunvericiliyin tələblərinə əməl etməyərək, mülkiyyətində olan torpaq sahəsinin hasarını sökərək dağıtmışdır. Daha sonra, “X7” qanunsuz əməllərini pərdələmək məqsədi ilə sərəncamın etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bundan əlavə, məhkəmə MM-in 139-cu maddəsinə istinad edərək, iddiaçının sözüngedən torpaq sahəsinə müllkiyyət hüququnun olmaması, bu səbəbdən də məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmamasını qeyd etmişdir. Lakin məhkəmə, həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən sözügedən torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün “qanuni gözləntiyə” sahib olduğunu görməzdən gəlmişdir. Belə ki, həmin maddəyə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Eyni zamanda, Ali Məhkəmənin xx.xx.2019cu il tarixli, 2(102)-2684/l9 saylı qərarında da vurğulanmışdır ki, bələdiyyələrin qərarı mülkiyyət hüququnun qeydə alınması üçün qanuni gözləntiyə sahib olmaq üçün əsasdır. Məhkəmə, qətnaməsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 901 İİQ nömrəli “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X8.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanuna istinad edərək qeyd etmişdir ki, mübahisə predmeti olan qərar bu Qanunun məzmununa əsasən ləğv edilmiş hesab olunur. Həmin Qanunla təsdiq edilmiş Sazişin 5-ci bəndinə görə, Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Bu bənd qanunun qəbul olunmasından əvvəlki münasibətlərə şamil edilməklə vətəndaşların vəziyyətini ağırlaşdırır. Halbuki, Konstitutsiyanın 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan başqa, Ədliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 3/3360-07 saylı məktubu ilə bildirilmişdir ki, yuxarıda qeyd olunan Qanunun məzmunundan da göründüyü kimi, Saziş sözügedən ərazilərdə yaşayış sahələrinə dair müqavilələri deyil, “Energetika haqqında” Qanundan irəli gələn müqavilələrlə bağlı məsələləri əhatə edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, SOCAR uzun illər istifadəsində olmuş həmin torpaq sahələrinin qanuni əsaslarla, Hökumət təminatı ilə “X7” Şirkətinin istifadəsinə vermişdir. Məhz Hökumət təminatına əsasən, həmin torpaq sahəsində yerüstü və yeraltı obyektləri inşa və istismar etmək Şirkətin hüququdur. Sözügedən torpaq sahəsi bələdiyyə tərəfindən qanunsuz olaraq iddiaçıya verilmişdir. Belə ki, bələdiyyənin torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncamı xx.xx.2005-ci il tarixli, 901 İİQ nömrəli Qanunun tarixinən sonrakı tarixə təsəadüf edir. İddiaçı, torpaq sahəsinin xx.xx.2002-ci il tarixli, 70 saylı sərəncamla Yaqub Cəfərova ayrıldığını və 2005-ci ildə həmin sərəncam onun adına rəsmiləşdirildiyini iddia etsə də, 2002-ci il sərəncamını iddia ərizəsinə əlavə etməmiş, həmin sərəncamın və torpaq sahəsinin faktiki yerini əks etdirən sərəncama əlavəsinin həqiqiliyini məhkəmədə təsdiq etməmişdir. Bundan başqa, iddiaçı torpaq sahəsində Binəqədi NQÇİ-nin iştirakı və razılığı ilə iki mərtəbəli fərdi yaşayış evinin tikilməsi barədə layihə-smeta sənədlərinin tərtib və təsdiq edildiyini bildirmişdir. Lakin Binəqədi NQÇİ, “X7” Şirkəti yaranan tarixdə, yəni Qanunun qəbul olunduğu xx.xx.2005-ci il tarixdə artıq ləğv olunmuşdur. Ona görə də, layihə-smeta sənədlərində NQÇİ-nin imzası yoxdur, əgər varsa belə saxtadır. Yalnız torpaq sahəsinin planında NQÇİ-nin möhür və imzası mövcuddur ki, bu hal araşdırılmış, lakin həmin sənədin arxiv məlumatları tapılmamış, onun əslinin nə iddiaçı, nə də bələdiyyə tərəfindən təqdim olunması mümkün olmamışdır. Eyni zamanda, NQÇİ-nin belə sənədləri imzalamaq, təsdiq etmək kimi bir səlahiyyəti və öhdəliyi olmamışdır. Odur ki, həmin sənədin saxta olması güman edilir. Göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Üçüncü şəxsin nümayəndəsi də, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X8.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” xx.xx.2005-ci il tarixli, 901-İİQ nömərli Qanuna əsasən, "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X8.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 70 saylı sərəncamının surətindən görünür ki, Yaqub Cəfərov, xx.xx.2002-ci il tarixli, 70 saylı qərarla fərdi ev tikintisi məqəsdilə qanunla müəyyən edilmiş qaydada ayrılması rəsmiləşdirilmiş 600 kv.m. torpaq sahəsini Sevinc Hacıyevanın adına verilməsini ərizə ilə bələdiyyədən xahiş etmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudlarında Yaqub Cəfərov və Sevinc Hacıyevanın razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m. torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları S.Hacıyevanın adına keçirilmişdir. Hazırda iddiaçı, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt etdildiyini bildirərək, ona yaradılmış maneələrin aradan qaldırılmasını, cavabdehin quraşdırdığı dəmir hasarın öz hesabına sökülməsini və ona məxsus daş hasarın sökülməsi nəticəsində vurulmuş maddi, eyni zamanda mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Cavabbdeh isə, iddiaya etiraz edərək, xx.xx.2005-ci il tarixli bələdiyyə sərəncamı əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin xx.xx.2005-ci il tarixli Qanunla təsdiq edilmiş Sazişə əsasən “X7” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyini və həmin torpaq sahəsi üzrərində Şirkətin müstəsna hüququnun olduğunu bildirir. Kollegiya tələbin hüquqi əsaslarını nəzərdən keçirərək, bildirir ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Konstitusiya Məhkəməsi Plenumunun N.Qədirovun şikayəti üzrə xx xxxxxx 2017-ci il tarixli qərarına görə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Mülki Məcəllənin 164.1-ci və 164.2-ci maddələrinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Göründüyü kimi, iddiaçının sahibliyə dair qadağan edilmiş özbaşınalıq üzrə tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın qanuni sahibi olması, cavabdehin əşyaya faktiki sahiblik etməsi (və ya iddiaçının sahibliyinə qanunsuz maneələr yaratması) və cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Həmin ünsürlərdən birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübuta yetirmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Lakin baxılan işin hallarından görünür ki, iddiaçı, mübahisəli torpaq sahəsinə özünün sahibliyinin qanuni, cavabdehin sahibliyinin isə qanunsuz olmasını kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin onun adına keçirilməsi barədə Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 70 saylı sərəncamının, torpaq sahəsinin planının işdəki surətləri kserosurət olmaqla, lazımi qaydada təsdiq olunmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə bələdiyyə sərəncamı mövcud olsa belə, birinci instansiya məhkəməsi tərəfindən onun iddia etdiyi torpaq sahəsinə dair cavabdeh tərəfindən qadağan edilmiş özbaşınalıq edilib-edilməməsi faktının müəyyənləşdirilməsi məqsədilə məhkəmə-torpaqşünaslıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4995 saylı rəyində ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə nəzarət şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilərək ölçülən mübahisəli torpaq sahəsi “X7” Şirkətinin kontrakt sahəsinin hüdudları daxilindədir. Mübahisəli torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaq sahəsinə aiddir. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımından, Kollegiya, ekspert rəyini nəzərə alaraq, hesab edir ki, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncamın qəbul edildiyi vaxt (xx.xx.2005-ci il) torpaq sahəsi artıq “X7” Şirkətinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X8.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” xx.xx.2005-ci il tarixli, 901-İİQ nömərli Qanunla təsdiq olunmuş kontrakt sahəsi hesab olunmuş və onun üzərində Şirkətin müstəsna hüququ mövcud olmuşdur. Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 4-cü maddəsinə əsasən isə, yerli özünüidarə orqanlarının qərarları normativ xarakterli aktlara aid olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin qanunla təsdiq edilmiş Sazişə əsasən “X7” Şirkətinin kontrakt sahəsi hesab olunmasına baxmayaraq, sonradan bələdiyyə qərarı əsasında iddiaçıya verilməsi qanunsuz olmaqla, Kontitusiya Qanunun tələblərinə ziddir. Kollegiya, iddiaçının mübahisəli torpaq sahəsinin “X7” Şirkətinə verilməzdən (xx.xx.2005-ci il) əvvəl Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 70 saylı qərarı ilə Yaqub Cəfərova ayrılması barədə mövqeyini də əsaslı hesab etmir. Belə ki, iddiaçı, istinad etdiyi həmin qərarın əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, adı çəkilən Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neftqaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Belə olan halda, xx.xx.2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyindən, dolayısı ilə, mübahisəli torpaq sahəsinin Yaqub Cəfərova ayrılması barədə Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 70 saylı qərarı da (əgər mövcud olmuşsa belə) hüquqi qüvvəsini itirmiş hesab olunur. İddiaçı, mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrıldığını və Ədliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 3/3360-07 saylı məktubuna istinad edərək, Sazişin sözügedən ərazilərdə yaşayış sahələrinə dair müqavilələri deyil, “Energetika haqqında” Qanundan irəli gələn müqavilələrlə bağlı məsələləri əhatə etdiyini bildirsə də, iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi sənaye təyinatlı torpaqlara aid edilməklə yaşayış sahəsi kimi nəzərdə tutulmamışdır. Kollegiya, iddiaçının mübahisəli torpaq sahəsinin ətrafında çəkdiyi daş hasarın cavabdeh tərəfindən məhkəmə qərarı olmadan sökülməsinin qanunsuz olması barədə dəlilinə münasibətdə isə vurğulayır ki, cavabdehin həmin torpaq sahəsinə sahibliyi qanuni olduğundan, iddiaçının çəkdiyi hasarı sökərək, öz hasarını quraşdırmaqda haqlı olmuşdur. Təsadüfi deyil ki, MM-in 164.1-ci maddəsinin ikinci cümləsində deyilir ki, hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Odur ki, Kollegiya qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. MPM-in 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin2(001)-98/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar