Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7226/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1650 manat əmək haqqının tutulması və Cavabdeh MMC-nin səlahiyyətli şəxləri tərəfindən yol verilmiş qanun pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-2707/21) iddia qismən təmin edilmiş, Cavabdeh MMCnin üzərinə 2020-ci ilin mart və aprel ayları üzrə İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin qoyulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 04 avqust 2021-ci il tarixli məhkəmə iclasında ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iddiadan imtina barədə ərizəni müzakirə edərək hesab edir ki, iddiadan imtina qəbul edilməli, Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.4, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı hazırkı mülki iş üzrə iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7226/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7226/2021
04.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver