Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7228/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoruna və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7228/2022 (Açar sözlər: müqavilənin ləğv edilməsi) Bakı şəhəri 16 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(006)-1387/2022 saylı qətnaməsindən Cavabdeh1 nümyəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinə 16 noyabr 2022ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 ASC ilə X6 arasında bağlanmış 13 noyabr 2015-ci il tarixli, MK/73565/54/18 nömrəli kredit sazişindən əsasən Cavabdeh2 ASC tərəfindən X3 24 ay müddətinə illik 22 faiz şərti ilə 12.000 manat kredit verilmişdir. X1 və İddiaçı X2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar.
2. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 8İ-24470 reyestr nömrəli icra qeydinə əsasən Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X7 "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 42 ünvanında yerləşən "Bank of of Baku” ASC xeyrinə ünvan 2a qeydiyyatda olan İddiaçı MK/73565/54/18 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12649 manat 04 qəpik tutulsun. Bundan əlavə təklif etmişdir ki, borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12669 manat 04 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2021-ci il tarixdə aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 ASC-yə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan Cavabdeh2 ASC-nin xeyrinə 12649 manat 04 qəpik tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən aparılmış 16 dekabr 2021-ci il tarixli icra qeydinin ləğv olunması və ödənilmiş məhkəmə xərclərinin və rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 noyabr 2015-ci il tarixində X6 Cavabdeh2 ASC ilə kredit müqaviləsi bağlamış və 24 ay müddətinə bankdan 12.000 manat kredit götürmüşdür. Həmin kreditin təminatı olaraq həmin tarixdə X4 ilə zaminlik, iddiaçı ilə əlavə zaminlik müqaviləsi bağlanmışdır. O zamandan borcalan tərəfindən bankdan aldığı məbləğin geri qaytarıb-qaytarmaması barədə heç bir məlumatı olmamış, nə də bank tərəfindən heç bir zaman bu barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Eyni zamanda kredit müqaviləsinin müddəti 2017-ci ildə bitdiyi üçün, artıq borcun ödənilməsini düşünmüşdür. Lakin, 2021-ci ildə bank iddiaçının qeydiyyatda olduğu ünvan üzrə 14 saylı Notariat ofisinə müraciət edərək icra qeydinin aparılmasına nail olmuşdur. İddiaçıya bu barədə 2021-ci ilin 27 dekabr tarixində məlum olmuşdur, belə ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq iddiaçıya 14 saylı Notariat Ofisinin icra qeydi və icra vərəqəsi təqdim edilmişdir. Hazırda iddiaçıdan banka 12649.04 manat vəsait ödənməsi tələb olunur. Bununla razı deyildir və hesab edir ki, icra qeydi qanunsuz aparıldığı üçün ləğv edilməlidir. Belə ki, hazırki icra qeydi aparılan zaman Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələbləri kobud şəkildə pozularaq əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Tələbkar icra qeydlərinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Qanunvericiliyin tələbinə əsasən, belə bir bildirişin borcluya göndərilməsini və çatmasını təsdiq edən, habelə borcu müəyym edən sənədlər və ya bununla bağlı digər məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə edilməlidir. Eyni zamanda Notariat ofisi də icra qeydi apararkən borcun ödənilməsi barədə borcluya (zaminə) heç bir yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notariat hərəkət etməmiş, əsassız icra qeydi aparmışdır. Halbuki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparıla bilər. Əks halda, yəni tələbkarla borclu arasında bağlanılmış müqavilə üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə həllini yalnız məhkəmədə tapmalıdır. Qanunvericiliyin bu tələblərinə baxmayaraq, iddiaçıya 14 saylı Notariat Ofisi tərəfindən heç bir bildiriş göndərilməmiş, habelə iddia müddəti ötürülmüş olduğu halda bank tərəfindən gizlədilmiş, notariat ofisi tərəfindən isə bu mühüm hala əhəmiyyət verilməmişdir. Göründüyü kimi, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X7 və Cavabdeh2 ASC birgə qərəzli və qanunsuz əməkdaşlıq edərək, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167-nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162 və 170-1-ci bəndlərinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 02 sentyabr tarixli, 156-nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas plan sənədlərin” Siyahısı tələblərini kobud formada pozaraq, tam qanunsuz icra qeydinin aparılmasına nail olmuşlar. Halbuki, icra qeydi institutu tələbkarla yanaşı eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət etməlidir.
5. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 may 2022-ci il tarixli 2(006)-1387/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbinin təmin edilməsi, İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 12649 manat 04 qəpik tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən aparılmış 16 dekabr 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi, ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın (bundan sonra-Təlimat) 161, 162, 170-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 nümyəndəsi-vəkili Nümayəndə2 qətnamədən apellyasiya şikati verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilikdə icra qeydlərinin aparılması qaydasında bir sıra dəyişikliklər qəbul olunmuşdur. Belə ki, kredit münasibətləri üzrə bağlanılmış müqavilələr bilavasitə konkret olaraq hər hansı bir notariat ofisində bağlanmadıqda, o zaman tələbkar icra olunmamış pul öhdəliyi üçün icra qeydinin verilməsi üçün notariat ofisinə yox, məhz AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarasinə elektron qaydada müraciət edir. Daha sonra isə qəbul edilən müraciat elektron formada ixtiyari notariat ofisinə ötürülür. Bu icra qeydi ilə bağlı eyni prosedur yaşanıb və electron formada göndərilmiş sənədlər e-notariat sistemi ilə notariat ofisə göndərilmişdir. Nəticə etibarı ilə notarius tərəfindən müvafiq icra qeydi verilmişdir. Eyni zamanda Cavabdeh2 ASC-nin elektron müraciəti əsasında müvafiq proses başlanılmışdır. Təbii ki, proses başlanılmamışdan öncə qanunvericilikdə tələb olunan sənədlər yoxlanılır və yalnız ondan sonra icra qeydinin verilməsi prosesi başlanılır. Maraqlısı odur ki, iddiaçı icra qeydinin qanunsuz verildiyini, eləcə də ümumiyyətlə borcun olmamasını və ümumiyyətlə icra qeydi verilən zaman borcun mübahisəsiz hesab olunmasına dair müvafiq sənədlərin olmamasını bildirmişdir. Lakin, qanunda nəzərdə tutulmuş qaydada tələbkar Cavabdeh2 ASC tərəfindən borcluya (iddiaçıya) xəbərdarlıq (bildiriş) da verilmişdir. Bu fakt da “Notariat icra qeydi haqqında” ərizədə də öz əksini tapır. Bundan başqa işin sənədlərindən də açıqaşkar görünür ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə nəzərdə tutulmuş pulun qaytarılması faktı kimi qəbul oluna bilməz. Çünki, İddiaçı əgər kredit öhdəliyini icra etmişsə, onda o zaman hansı məbləğdə pulu öhdəliyini icra etdiyi, məhkəmə tərəfindən ümümiyyətlə araşdırılmamışdır. Beləliklə, işin faktiki hallarına görə notarius tərəfindən icra qeydı verilərkən, iddiaçının göstərdiyi hallar sübuta yetirilməyib, əksinə tam açıq-aşkar görsənir ki, icra qeydi mövcud qanunveriliciyn tələblərinə uyğun verilmişdir. Həmçinin, iddiaçının tələbi icra qeydinin ləğvi haqqında iddia ərizəsi təmin edilərək, onun çəkdiyi məhkəmə xərcləri və ödədiyi dövlət rüsumunun cavabdehlər arasında bölüşdürməklə ona qaytarılması hissəsi də qətnamə ilə təmin olunması əsassızdır. Çünki cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi kredit müqaviləsinin tərəfi deyil, o yalnız tələbkarın (Cavabdeh2 ASC) müraciəti asasında müyyənləşdirilmiş qaydada qanunvericiliyə əsasən icra qeydi vermişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
11. Belə ki, cavabdeh 14 saylı Notariat Kontorunun nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq digər məhkəmə iclasında iştirak edəcəyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası nümayəndəvəkilin ərizədə qeyd etdikləri hallarla bağlı sübut təqdim olunmadığını nəzərə alaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
12. Maddə 76 Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”
13. Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır və icra olunması üçün "Elektron notariat” informasiya sistemi vasitəsilə "Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
14. Bənd 162 İcra qeydi aşağıdakı hallarda aparılır: -əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; -tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
15. Bənd 170-1 İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün "Elektron notariat” informasiya sisteminə daxil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
19. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutulması hissəsində dəyişdirilməlidir.
23. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra qeydinin ləğv edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir.
24. İş materiallarından müəyyən olunur ki, tələbkar tərəfindən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əməl edilmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edilmiş, öz növbəsində də, notariat ofisi (notarius) qanunvericiliyin tələblərinə əməl etmədən icra qeydi vermişdir.
25. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş və tələbkar belə bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə notariat ofisi borcun ödənilməsi barədə zamin İddiaçı yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin Kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır.
27. Bununla yanaşı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir.
28. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 tərəfindən icra qeydi tələbkar Cavabdeh2 ASC-nin müraciəti əsasında verilmişdir. İcra qeydinin verilməsi üçün Cavabdeh2 ASC-nin müraciəti əsas olduğundan, hazırki iş üzrə ödənilmiş dövlət rüsumu da Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilməlidir.
29. Odur ki, kollegiya hesab edir ki, qətnamə ödənilmiş dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1387/2022 saylı iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi “ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh 14 saylı Notariat Kontoru tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov