Məhkəmə qərarları › İş №2(103)-7242/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7242/2023

14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7242/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər:bağışlama, bağışlanmış əmlakın qəbul edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın və ya onun dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X4 və Cavabdeh nişanlı olmuş, rəsmi nikaha daxil olmasalar da, xx.xx.2021ci il tarixdə faktiki ailə münasibətlərinə girmiş, xx.xx.2021-ci il tarixdə münasibətləri pozulmuşdur.

2. Nişanlı olduqları dövrdə Cavabdeh İddiaçı qol saatı hədiyyə etmiş, İddiaçı hədiyyənin ucuz olmasını əsas gətirərək onu bacısı Vəfa Həsənəliyeva vasitəsilə Cavabdeh anasının işlədiyi 30 saylı Poliklinikanın baş həkimi Şahid vermişdir ki, Cavabdeh qaytarsın.

3. Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qızıl-zinyət əşyalarının, onlar olmadıqda isə ümumi dəyərinin, yəni 14 000 manatın İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə icraat hazırda davam edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. X4 (iddiaçı) X5 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin nişan üzüyü əvəzinə onun üçün aldığı 8000 manat dəyərində "Armand” markalı brend qol saatının və ya onun dəyərinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə nişanlı olmuş, nişan zamanı cavabdehə qızıl-zinət əşyaları almış, cavabdeh də ona nişan üzüyü almaq istəmişdir. Vəzifəli şəxs olduğuna, yəni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində işlədiyinə görə üzük taxmaq istəmədiyini bildirmiş, bu səbəblə cavabdeh ona nişan üzüyü əvəzinə “Armand” markalı qol saatı alıb hədiyyə etmişdir. Saatın qiymətini internet vasitəsilə araşdırmış, onun brend olmadığını və qiymətinin 150-200 manat olduğunu müəyyən etmiş, hədiyyənin ucuz olmasını özünə yaraşdırmayaraq saatı bacısı Vəfa Həsənəliyeva vasitəsilə cavabdehin anası Əzizə xanımın işlədiyi 30 saylı Poliklinikanın baş həkimi Şahid vermişdir ki, cavabdehə qaytarsın. Evlənənə kimi bir neçə dəfə küsübbarışmışlar, nişanı qaytarmışlar. Daha sonra barışmışlar və xx.xx.2021-ci il tarixdə toy edərək evlənmişlər. Təxminən iki ay birlikdə yaşadıqdan sonra xx.xx.2021-ci ildə cavabdeh evdən getmişdir. Tərəflər arasında rəsmi nikah bağlanmamışdır. Tərəfləri barışdırmağa çalışsalar da, bu mümkün olmamışdır. Tərəflər ayrılandan təxminən bir il sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə "əmlak” tələbinə dair iddia ərizəsi verərək, 14.000 manat dəyərində qızıl-ziynət əşyalarının natura və ya dəyərinin X1 alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehə qarşı “7000 manat dəyərində qol saatının və ya onun dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermiş, lakin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılaraq ona izah edilmişdir ki, həmin iddia tələbi ilə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Bu qərardaddan verdiyi şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsində işə baxılarkən cavabdeh bildirmişdir ki, gələcək həyat yoldaşı İddiaçı qiymətli nişan üzüyü almaq istəmiş, lakin nişanlısı dövlət işində çalışdığından barmağında üzük gəzdirmək istəməmişdir. Bu səbəblə də onun üçün dəyəri 8000 manat olan "Armand” brend markalı qol saatı almışdır, lakin İddiaçı saatı bəyənməyib geri qaytarmışdır. O, saatın dəyərinin 150-200 manat olduğunu bilmişdir və alınmış hədiyyəni özünə qarşı hörmətsizlik kimi qəbul edərək, bundan əsəbləşib saatı geri qaytarmışdır. Lakin audio-video görüntülü aparılan məhkəmə prosesində cavabdeh "Armand” markalı qol saatını onun üçün 8000 manata aldığını bildirmişdir. Cavabdeh qızıllarını tələb etdiyinə görə, o da saatın qaytarılmasını tələb edir. Hesab edir ki, Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən cavabdehdən 8000 manat dəyərində “Armand” markalı brend qol saatı və ya onun dəyəri alınaraq ona verilməlidir.

6. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, məhkəmə Şahid qismində dəvət etsə də, Sevinc xanım məhkəməyə gəlməyəcəyini demişdir. Lakin Sevinc xanım onunla telefon əlaqəsi yaratmış və Rəşadın bacısı Vəfanın ona gətirib verdiyi qutunu, cavabdehin anası Əzizə xanıma verdiyini bildirmişdir. Hesab edir ki, baş həkim Sevinc xanım və cavabdehin anası Əzizə xanım məhkəməyə gəlmədiklərinə görə iş üzrə araşdırmanı tam aparmaq mümkün olmamışdır. Buna baxmayaraq iddiaçı hesab edir ki, ona hədiyyə edilmiş saat cavabdehdədir. Cavabdeh saatı və ya onun dəyəri olan 8000 manat pulu iddiaçıya qaytarmalıdır.

7. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə anası Əzizə xanımın işlədiyi 30 saylı poliklinikanın baş həkimi Şahid vasitəsilə tanış olmuşlar. Nişan zamanı Rəşad ona qızıl-zinət əşyaları almış, o isə xx.xx.2020-ci il tarixdə "sevgililər günü” münasibətilə qol saatı alaraq Rəşada hədiyyə etmişdir. Sonradan münasibətləri pisləşmiş və o, nişanı qaytarmış, ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını Rəşada qaytarmışdır. Rəşad isə onun aldığı saatı bacısı Vəfa vasitəsilə anası Əzizə xanımın işlədiyi 30 saylı poliklinikanın baş həkimi Sevinc xanıma vermişdir ki, onlara qaytarsın. Sevin xanım onun anası Əzizə xanıma zəng vuraraq gəlib saatı götürməsini təklif etmişdir. Bu zaman anası Əzizə xanım Sevinci xanıma irad tutmuşdur ki, ona deməmiş niyə götürübsən. O və anası Əzizə xanım saatı Sevinc xanımdan götürməyiblər. Rəşadın və ya bacısı Vəfanın gedib Sevinc xanıma verdikləri saatı geri götürmələrinə etiraz etmir. Rəşad və ya digər şəxs ona saat qaytarmayıb. O, saatı 8000 manata almamışdır, əmək haqqını alanda sevgililər günü münasibətilə təxminən 150-200 manata saat almış və Rəşada hədiyyə etmişdir. Güman etmişdir ki, nişanı və qızıl-zinət əşyalarını Rəşada qaytardığına görə, Rəşad da onun hədiyyə etdiyi saatı geri qaytarıb. Lakin sonradan məhkəmədə bilmişdir ki, Rəşad saatın qiymətini yoxlatdırıb, 150-200 manat olduğunu müəyyən edib və saatın qiymətinin ucuz olmasını özünə təhqir hesab edərək, hədiyyətini qəbul etməkdən imtina etmişdir. Rəşad saatı bacısı vasitəsilə Sevinc xanıma vermişdir ki, onlara qaytarılsın. İddiaçı özü bildirir ki, saatın qiyməti 150-200 manatdır. Belə olan halda saatın qiyməti 8000 manat ola bilməz. Nişanı qaytarandan sonra onları barışdırmışlar və xx.xx.2021-ci il tarixdə toy edərək evlənmişlər. Toy zamanı ona alınan qızıl-zinyət əşyaları yenidən özünə qaytarılmışdır. Onlar iki ay birlikdə Hovsan qəsəbəsində yaşamışlar. Bundan sonra Gənclikdə olan evə köçməli idilər. Lakin buna iddiaçının anası icazə vermədi. Onlar rəsmi nikah bağlamaq üçün ərizə versələr də, Rəşad Həsənəliyev nikahı rəsmiləşdirmək üçün qeydiyyat şöbəsinə getməkdən imtina etmişdir. Çınki, Rəşadın anası buna icazə verməmişdir. xx.xx.2021-ci ildə ayrılmışlar, toy zamanı ona hədiyyə edilmiş qızıl-zinət əşyaları Rəşadda qalmışdır. Rəşad onun cehiz əmlakını və geyim əşyalarını qaytarsa da, qızıl-zinət əşyalarını qaytarmaqdan imtina edir. Bu səbəblə 14 000 manat dəyərində qızıl-zinyət əşyalarının qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Rəşad isə onun qızıl-zinət əşyalarını qaytarmamaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bir daha bildirir ki, o, Rəşada 8000 manat dəyərində saat almamışdır, aldığı saatın dəyəri 150-200 manatdır. Rəşad saatı ona qaytarmayıb, Sevinc xanım da ona saat verməyib. Rəşad hədiyyətinin qiymətini özü öyrənib, 150-200 manat olmasını dəqiqləşdirib. Saatın qiymətinin ucuz olmasını özünə qarşı təhqir hesab edib və hədiyyəni qəbul etməkdən imtina edib. Hesab edir ki, iddia əsassızdır, iddianın rədd edilməsini xahiş edir.

8. Birinci instansiya məhkəməsinin 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 9.4-cü və 34.1-ci, Mülki Məcəllənin 157.2-ci, 668.1.3-cü və 672.1-ci maddələrinə istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 9.1. İddiaçı cavabdehin ona aldığı saatı cavabdehə qaytardığını və saatın cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçının nümayəndəsi cavabdehin iddiaçıya hədiyyə etdiyi saatın “Armand” brend markalı olmasını, bu saatın 8000 manata alınmasını təsdiq edən kassa mədaxil çekini, saatın sertifikanı, zəmanət talonunu və sair yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə, iddiaçı imzaladığı iddia ərizəsində və iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının cavabdehin hədiyyə etdiyi saatın qiymətini yoxlatdığını və saatın qiymətinin 150-200 manat dəyərində olduğunu bildikdən sonra, ucuz qiymətə saat alınmasını iddiaçının özünə qarşı təhqir hesab etdiyini və hədiyyəni qəbul etməkdən imtina etdiyini bildirmişlər. İddiaçının bildirdiyi kimi, cavabdeh başqa məhkəmədə digər işə baxılarkən izahatında “saatı 8000 manata almışam” ifadəsini söyləməsi, hazırkı iş üzrə iddiaçıya hədiyyə edilmiş saatın dəyərinin 8000 manat olması kimi qəbul edilə və sübutetmədən azad edilən preyudisal əhəmiyyət kəsb edən hal kimi qəbul edilə bilməz. Çünki iddiaçının istinad etdiyi hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt deyildir. 9.2. Tərəflər arasında rəsmi nikah bağlanmadığına görə, tərəflər arasında Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş ər-arvadın hüquq və vəzifələri yaranmamışdır. 9.3. İddiaçı ona hədiyyə edilmiş əmlakı qəbul etməkdən özü imtina etmiş, aldığı hədiyyəni cavabdehə qaytarmamışdır. İddiaçı ona hədiyə edilmiş saatın cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 9.4. İddiaçıya hədiyyə edilmiş saat cavabdehdə olmadığına, iddiaçı cavabdehin verdiyi hədiyyəni cavabdehə qaytarmadığına və iddiaçının hədiyyəni bəyənməyərək qəbul etməkdən imtina etidiyinə görə, iddia özü-özlüyündə əsassız olduğundan rədd edilməlidir.

10. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi (vəkili), onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, izahatlar

12. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

14. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

17. Maddə 669. Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. Maddə 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

19. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

27. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

30. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələbinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

31. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

32. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

33. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarət olmuşdur ki, cavabdeh ona nişan üzüyü əvəzinə “Armand” markalı qol saatı alıb hədiyyə etmiş, saatın qiymətini internet vasitəsilə araşdırmış, onun brend olmadığını və qiymətinin 150-200 manat olduğunu müəyyən etmiş, hədiyyənin ucuz olmasını özünə yaraşdırmayaraq saatı bacısı vasitəsilə cavabdehin anasının işlədiyi 30 saylı Poliklinikanın baş həkimi Şahid vermişdir ki, cavabdehə qaytarsın.

34. Başqa sözlə, iddiaçının özünün bildirdiklərindən aydın olan odur ki, o, hədiyyəni qəbul etmədiyi üçün tərəflər arasında bağışlama müqaviləsi bağlanmamış, beləliklə də hədiyyə predmeti iddiaçının mülkiyyətinə keçməmişdir (§ 16).

35. Nəzərə alınmalıdır ki, mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

36. Kollegiya hesab edir ki, iddiaçı, geri qaytarılmasını tələb etdiyi saatın mülkiyyətçisinə çevrilmədiyindən, birinci instansiya məhkəməsinin onun tələbi üzrə gəldiyi nəticə düzgündür və apellyasiya şikayətinin təmin olunması üçün əsas mövcud deyildir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2349/2023 saylı iş üzrə 17 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar