Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7257/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Babayeva Hicran Vəzir qızı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4842/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X3”-nın Bakı Filialına qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda, iddianı təmin etmə tədbiri görülərək, işə baxılıb yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23.05.2019-cu il tarixli 2(007)-1332/2019 nömrəli icra vərəqəsinə əsasən başlanılmış icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4842/2021 saylı 26.05.2021-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23.05.2019-cu il tarixli 2(007)-1332/2019 nömrəli icra vərəqəsinə əsasən başlanılmış icraatın dayandırılmasına dair iddiaçının ərizəsi təmin edilməmişdir (Sədrlik edən: Lalə Rəhimli). İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4842/2021 saylı, 18.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi H.Babayeva şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Məmmədov şikayətin dəlillərinə etiraz edərək, təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək barəsində iddianı təmin etmək üçün tədbir görülə bilər. Qeyd edilən Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göründüyü kimi, icra sənədi üzrə icraatın dayandırımasına dair məsələlərə icra məmurunun təqdimatı əsasında məhkəmələr və ya icra sənədi üzrə icraatın dayandırılmasının məcburi olduğu hallarda icraat icra məmurunun özü tərəfindən dayandırılır. Sadalanan qanunvericilik normalarına və iş materiallarına əsasən kollegiya hesab edir ki, iddiaçının iddia təmin etmə tədbirinə dair ərizəsi icraatın dayandırımasının məcburi olduğu hallara aid olmaqla, həmin hallarda isə icraatın dayandırılması icra məmuru tərəfindən həyata keçirildiyindən, hazırkı iddia təmin tədbiri barədə ərizənin əsassızhesab edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4842/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4842/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7257/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7257/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver