Məhkəmə qərarları › İş №2(103)-726/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-726/2025

27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-726/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: müəyyən edilmiş aliment miqdarının azaldılması və borcun silinməsi X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "müəyyən edilmiş aliment miqdarının azaldılması və borcun silinməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2386/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2014-cü il tarixdə X14 və xx.xx.2016-cı il tarixdə X15 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-800/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın himayəsinə verilməsi və Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-621/2021 nömrəli qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi uşaqların ananın himayəsinə verilməsi və uşaqların yetkinik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək boşanmadan sonra uşaqların atanın himayəsinə verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə X10 ilə nikaha daxil olmuş, həmin nikahdan da xx.xx.2022-ci il tarixdə X13 doğulmuşdur. Elektron məhkəmə informasiya sisteminin məlumatına əsasən iddiaçı hazırda müəllimə vəzifəsində çalışır, aylıq əmək haqqı 400 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası Fövqladə Hallar Nazirliyinin əməkdaşıdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(005)-2250/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 8.864 manat məbləğində alimentin ödənilməsindən azad edilməsi, məhkəmə ilə müəyyən edilmiş alimentin məbləğində dəyişiklik edilərək, hər uşağa görə 100 manat olmaqla, iki uşağa görə 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2250/2022 nömrəli qətnaməsi ilə ondan cavabdehin xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmuşdur. Aliment məbləği xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bu günki günə, yəni 2 il üçün 9.264 manat məbləğində aliment edir. Həmin alimentdən 400 manatı ödənilmiş, lakin 8.864 manat məbləğində pul ödənilməmişdir. Qətnamə qəbul edilən vaxt o, başqa bir şəxslə ailə həyatı qurmuş və hamilə olmuşdur. Təbii ki, əvvəl hamilə olduğu, sonra isə körpə uşağa qulluq etdiyi üçün üzrlü səbəblərə görə işləyə bilməmişdir. xx.xx.2022-ci il tarixdə X13 adında övladı dünyaya gəlmiş və hazırda uşaq 1 il 4 aylıqdır. Bu yaşda uşaq daimi olaraq ana qayğısına və nəvazişinə ehtiyac duyduğu üçün uşağı tək qoyaraq işə gedə bilməmişdir. Oğlu Amin xəstə olduğu üçün də, o, daimi olaraq müalicəsi ilə məşğul olur. Bu səbəbdən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənməsində çətinliklər yaranmışdır. Təyin edilmiş alimentin məbləği də onun üçün həddindən artıq yüksəkdir. Cavabdeh, Fövqəladə Hallar Nazirliyində işləyir və kifayət qədər yüksək əmək haqqı alır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2386/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, dəyişdirilmiş alimentin tutulmasının bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. (hakim X6)

5. Məhkəmə alimentin azaldılması məsələsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, ilk növbədə diqqət yetirilməli faktor iddiaçının ailə vəziyyyətidir. Ailə vəziyyəti ilə bağlı hallar sırasına daxil olan şəxsin nikaha münasibəti, şəxsin öhdəsində yetkinlik yaşına çatmayan uşaqların olması iddiaçının aliment ödəmə qabiliyyətinə təsir göstərir. Hazırki iş üzrə tərəflər arasında nikaha xitam verilib, iddiaçı X10 ilə nikaha daxil olmuş, o cümlədən, həmin nikahdan dünyaya gələn X13 hələ 1 il 4 aylıqdır, onun azyaşlı və xəstəliyindən irəli gələrək, ana qayğısına və nəvazişinə ehtiyacı var. Digər bir faktor kimi maddi vəziyyət çıxış edir ki, o özündə əldə edilən gəlirlərin tələbatların ödənilməsi üçün nə dərəcədə yetərli olması məsələsini ehtiva edir. Hazırki mübahisə üzrə İddiaçı övladı X9 tək qoyaraq, işə gedə bilməməsi və uşağın xəstəliyinə görə müalicəsinə vəsait sərf etməsi ona alimentin ödənilməsi ilə əlaqədar maddi çətinliklər əmələ gətirir. Məhkəmə yuxarıda qeyd edilənləri, 2024-cü il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, valideynin uşaqları saxlamaq vəzifəsini rəhbər tutaraq hesab etmişdir ki, alimentin məbləği azaldılmalı, hər ay hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində aliment İddiaçı tutularaq, Cavabdeh ödənilməlidir.

6. İddianın 8.864 manat məbləğində aliment borcunun ödənilməsindən azad edilməsi hissəsində isə məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin müddəalarına əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Buradan həm atanın, həm də ananın uşaqların saxlanmasında bərabər, qarşılıqlı hüquq və öhdəliklərinin mövcudluğu qənaətinə gəlinir. İş üzrə Cavabdeh qanunvericiliyə müvafiq şəkildə xx.xx.2014-cü təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 himayəsində saxlayaraq, onların tələbatlarını qarşılayır, yəni uşaqların saxlanılması vəzifəsini icra edir. Cavabdehin bir valideyn kimi, iddiaçının həm aliment ödədiyi, həm də ödəmədiyi dövrlərdə öz öhdəliyini lazımınca yerinə yetirdiyi əsas götürülsə, iddiaçının 8.864 manat məbləğində aliment borcunun ödənilməsindən azad edilməsi nəinki valideyn kimi ananın uşaqlarını saxlamaq borcuna ziddiyyət təşkil edəcək, həmçinin bu sferada cavabdehin hüquqlarını da pozmuş olacaqdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 78-ci, 112-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, “Uşaq hüquqları haqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddələrinə, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, bu iddiaya baxılarkən uşaqların minimum yaşayış səviyyəsi üçün müəyyən edilmiş məbləğ yalnız ondan tutulmuşdur. Belə ki, 2024-cü ildə uşaqların minimum yaşayış səviyyəsi 235 manat məbləğində müəyyən edilmişdir ki, iki uşağa görə də bu məbləğ 470 manat edir. Qanunun normasına görə də o, həmin məbləğin 50%-ni ödəməli olduğu halda məhkəmə əsassız olaraq həmin məbləğin demək olar ki, hamsını ondan tələb edir. Bununla da məhkəmə tərəfindən AR Ailə Məcəlləsinin 56-cı və 112-ci maddələrinin tələbləri pozulmuşdur. O, iddia ərizəsində göstərilən halları sübut edən sənədləri məhkəməyə təqdim etsə də, onlar məhkəmə tərəfindən nəzərə alınmamış və sübut kimi qiymətləndirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.13-ü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi xahiş edilsə də, qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən, qətnamə mübahisələndirilən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı hissəsində dəyişdirilməli və nəticədə alimentin miqdarı azaldılmalıdır.

23. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.

24. Tərəflərin ailə vəziyyətinin dəyişməsi dedikdə isə aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi, maddi vəziyyətinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün alimentin ödənilməsindən imtina etmir. Sadəcə olaraq hər ay hər uşaq üçün 100 manat məbləğində aliment ödəmək imkanına malik olduğunu bildirir. Öz mövqeyini məhkəmə qaydasında ondan aliment tutulan zaman artıq digər şəxslə faktiki nikah münasibətlərindən hamilə olması, sonradan həmin şəxslə (X10) nikaha daxil olması, xx.xx.2022-ci il tarixdə övladının doğulması, uşağın yaşı və xəstəliyi ilə əlaqədar əmək fəaliyyəti ilə məşğul ola bilməməsi, məhz qeyd edilən səbəblərdən məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment məbləğini ödəmək üçün gəlirinin olmaması ilə əsaslandırır. Cavabdeh isə ümumilikdə alimentin miqdarının azaldılmasına razı olmasa da, birinci instansiya məhkəməsinin qətnaməsini (hər uşağa görə hər ay 175 manat) mübahisələndirmir, lakin hazırki mərhələdə bu miqdarın azaldılmasına razı deyil.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçıdan birgə nikahdan doğulmuş uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 193 manat, ümumilikdə 386 manat məbləğində aliment cavabdehin xeyrinə tutulan zaman, iddiaçı həqiqətən də X10 ilə faktiki nikah münasibətlərində olmuş və hamiləlik dövrünü yaşamışdır. Həmin qətnamə qəbul edildikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə bu şəxslə nikaha daxil olmuş, xx.xx.2022-ci il tarixdə isə bu nikahdan X13 doğulmuşdur. Bununla belə, hazırda iddiaçı cavabdehlə birgə nikahından doğulmuş iki və hazırki (ikinci) nikahdan doğulmuş bir, ümumilikdə üç uşağın saxlanılması vəzifəsini daşıyır. İlk iki uşaq cavabdehin himayəsində olsa da, artıq iddiaçının özünün də himayəsində olan uşaq var. Bu baxımdan onun ailə vəziyyətində dəyişiklik baş vermişdir.

27. Məhkəmə kollegiyası iddiaçının maddi vəziyyəti ilə bağlı qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlara əsasən iddiaçı müəllimə işləyir, əmək haqqı 400 manat təşkil edir. Uşağın hazırda 2 yaşı olmasına baxmayaraq, iddiaçının bu səbəblə əmək fəaliyyətindən kənar qaldığı müəyyən edilmir. İddiaçı hazırda nikahda olmasına baxmayaraq, bu uşağın hər mənada, o cümlədən maddi baxımdan saxlanılması yükünün yalnız onun üzərinə düşdüyünü bildirmir. Həmçinin, uşağın xəstə olduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan doğum haqqında tibbi şəhadətnamədə də bu barədə hər hansı qeyd aparılmamışdır (yenidoğulmuşun ağırlaşmaları, habelə anadangəlmə anomaliyalar qrafası boşdur). Cavabdeh özü də əmək fəaliyyəti ilə məşğul olur, hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır.

28. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, iddiaçıdan məhkəmə qaydasında aliment tutulsa da, onun tərəfindən ötən dövr ərzində ödənilməli olan aliment məbləğindən cəmi 400 manat məbləğində ödəniş edilmiş, bu baxımdan iddiaçı nəticə etibarı ilə uşaqların saxlanılmasında iştirak etməmişdir. Hazırki iddia qaldırılan tarixə onun 8.864 manat məbləğində aliment borcu olmuşdur.

29. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin bu hissədə dəlilləri qismən əsaslıdır, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıdan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin xeyrinə tutulmuş alimentin miqdarı hissəsində dəyişdirilməli (azaldılmalı) və hər ay hər uşaq üçün 140 manat həddində müəyyən edilməlidir.

30. Məhkəmə kollegiyası öz qənaəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehdən fərqli olaraq iddiaçının bu məsələdə öhdəliyi hər uşağa münasibətdə yalnız 140 manatla məhdudlaşdırılmış olacaqdır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə cavabdehin üzərinə düşəcəkdir (aydın məsələdir ki, hər uşaq üçün cəmi 100 manat məbləğində alimentin ödənilməsinə razılıq verən iddiaçı bu məbləği qarşılayan deyil). Uşağın qidalanması ilə bağlı da cavabdehin eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar cavabdeh tərəfindən qarşılanacaqdır. Hər bir halda, 140 manat 2024-cü il üzrə müəyyən edilmiş yaşayış minimumu deyil, bu məbləğdən əhəmiyyətli dərəcədə aşağı olan məbləğdir. Bu səbəbdən məhkəmə kollegiyası müəyyən edilmiş alimentin miqdarının 140 manatdan da aşağı həddə müəyyən edilməsini məqsədəmüvafiq hesab etmir.

31. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, sabit pul məbləğində miqdarı dəyişdirilmiş (azaldılmış) aliment tutularkən onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Bu baxımdan 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği 400 manat olduğundan, tutulmalı olan alimentin miqdarının isə dəyişdirilərək (azaldılaraq) hər ay hər uşaq üçün 140 manat həddində müəyyən edildiyindən uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 (140:400) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

32. Məhkəmə kollegiyası iddia tələbinin aliment borcunun silinməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq onu da qeyd edir ki, miqdarı dəyişdirilmiş (azaldılmış) alimentin tutulması bu barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanır. Bu səbəbdən bu məsələ üzrə məhkəmənin qənaəti yaranmış 8.864 manat məbləğində borcun ödənilməsindən tamamilə və ya qismən azad edilməsi üçün əsas yaratmır. Digər tərəfdən iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini mübahisələndirməmiş, ötən dövr ərzində də bu qətnamə ilə ondan tutulmuş alimentin 400 manat məbləğində hissəsini ödəmişdir. Hazırda da iddiaçı məhkəmə qaydasında ondan tutulmuş alimentin ödənilməsindən imtina etmir, bu məbləğin hər uşağa münasibətdə 100 manat həddində müəyyən edilməsini tələb edir. Bu baxımdan ötən dövr ərzində iddiaçı hər ay hər uşaq üçün ən azı 100 manat məbləğində aliment ödəyə bilərdi. Hər bir halda, iddiaçı yalnız hazırki iddia ilə məhkəməyə müraciət edən zaman hər ay hər uşaq üçün 100 manat aliment ödəmək imkanı əldə etdiyini (yəni maddi imkanının bu səviyyəyədək yaxşılaşdığını) bildirmir.

33. İddiaçı iddia ərizəsində hazırki nikahından doğulmuş uşağın təvəllüdünə istinadən onun daimi ana qayğısına və nəvazişinə ehtiyacının olduğunu və bu səbəbdən onu tək qoyub işə gedə bilmədiyini bildirir. Halbuki, iddiaçı digər iki uşağın da anasıdır və bu baxımdan yalnız hazırki nikahdan doğulmuş uşağa deyil, digər iki uşağa da münasibətdə bir valideyn olaraq vəzifələr daşıyır. Lakin ən azı 2022-ci ilin əvvəllərindən bir valideyn olaraq bu uşaqların ümumiyyətlə qayğısına qalmır. Başqa sözlə, iddiaçı hazırki nikahdan doğulmuş uşağa münasibətdə sərgilədiyi ana qayğısı və nəvazişdən digər iki uşağı məhrum etmişdir. Bu halın onun iradəsinə zidd olaraq baş verməsi, iddiaçının həmin uşaqların həyatında, o cümlədən təhsil və tərbiyəsində iştirak etməsi istəyi, onun uşaqlarla ünsiyyətinin olması və ya bu məsələnin məhkəmə qaydasında həll edilməsi müəyyən edilmir. Belə olan halda, yaranmış aliment borcunun silinməsini tələb etməklə iddiaçı ümumiyyətlə borcun yarandığı bütün dövr üçün özünü bir valideyn olaraq vəzifələrinin icrasından kənarlaşdırmaq istiyir ki, bu da yol verilməzdir. İddiaçının aliment borcunun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyi də müəyyən edilmir (Ailə Məcəlləsinin 107.2-ci maddəsi digər üzürlü səbəbləri ailə və maddi vəziyyyətdən ayırd etmişdir). İddiaçının hazırki ailə və maddi vəziyyəti bu borcları ödəməyə imkan verməyən səviyyədə deyil. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin bu hissədə əsassız olduğunu təsdiq edir və onların rədd edilməsini şərtləndirir.

34. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2386/2024 nömrəli qətnaməsi iddiaçıdan tutulan alimentin miqdarı hissəsində dəyişdirilməli, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşınadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 (140:400) misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız cavabdeh tərəfindən mübahisələndirilməməsi də nəzərə alınmaqla, iddiaçının apellyasiya şikayəti üzrə azaldılmasını tələb etdiyi alimentin məbləği ilə məhkəmə kollegiyası tərəfindən azaldılmış aliment məbləği arasında yaranmış fərqin illk məcmusu (140-100 = 40 x 2 x12 = 960) 960 manat təşkil etdiyindən cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2386/2024 nömrəli qətnaməsi İddiaçı tutulan alimentin miqdarı hissəsində dəyişdirilsin. İddiaçı Cavabdeh xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində İddiaçı Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar