Məhkəmə qərarları › İş №2(103)-7262/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7262/2023

12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7262/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “nikahın pzoulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflər xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından doğulmuş övladları yetkinlik yaşına çatmışlar. 3 saylı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/Q- 10/15 saylı məktubdan görünür ki, Cavabdeh onunla birgə nikahın pozulması üçün qeydiyyat şöbəsinə müraciət etməməsi səbəbindən qeydiyyat orqanında ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh, X3, X5 qarşı "nikahın pozulması, birgə əmlaklarda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.1994-cü il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikah bağlanmış və 324 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Həmin nikahdan onların iki qız övladı dünyaya gəlmişdir: xx.xx.1994-cü il təvəllüdlü X7 və xx.xx.1997-ci il təvəllüdlü X6. Övladların hər ikisi yetkinlik yaşına çatmışdır. Son bir ildə onunla cavabdehin ailə münasibətləri kəskin şəkildə pisləşmiş, aralarında dəfələrlə münaqişələr baş vermişdir. Bunun nəticəsi olaraq, o, boşanma barədə qərara gəlmişdir. Bu məqsəd ilə, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin nikahın pozulmasından imtina edilmişdir. Birgə nikah dövründə 5 əmlak əldə edilmişdir. İddiaçı bir müddət xarici ölkədə yaşamış, göndərdiyi pul vəsaitləri hesabına öz adına daşınmaz əmlakların alınmasını arvadı Cavabdeh həvalə etmişdir. Bu məqsəd ilə, o, öz arvadı Cavabdeh 2019-cu ildə və xx.xx.2021-ci ildə etibarnamələr (iki ayrı etibarnamə) vermişdir. O, Cavabdeh mütəmadi olaraq xaricdən böyük məbləğdə pul vəsaitləri göndərirdi ki, Cavabdeh Azərbaycanda onun adına əmlaklar alsın. Lakin alınan bütün əmlaklar cavabdeh Gülbənizin adına rəsmiləşdirilmişdir. Birgə nikah dövründə Cavabdeh adına aşağıdakı 5 (beş) əmlak əldə edilmişdir. Cavabdeh ona verilən etibarnamələrdən bir daha da sui-istifadə etmiş və qanunsuz olaraq, birgə nikah dövründə əldə edilmiş 4 əmlakı özgəninkiləşdirmişdir. Cavabdeh onunla münasibətləri pisləşdikdən sonra, o, Gülbənizə verdiyi etibarnamələri ləğv etmək qərarına gəlmişdir. Bundan xəbər tutan Cavabdeh yuxarıda qeyd olunan əmlakları (mənzil, qeyri-yaşayış sahəsi və avtomobil), öz qızı X4 adına keçirmiş, digər əmlakı (Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi) isə, alqı-satqı müqaviləsi ilə X1 adına formal olaraq rəsmiləşdirmişdir. Cavabdeh onunla boşanma zamanı əmlakların bölünməsinin qabağını almaq üçün, əmlakları qanunsuz olaraq, etibarnamədən sui-istifadə edərək özgəninkiləşdirmişdir ki, əmlaklardan ona pay çatmasın.

4. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2421/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh, X3, X5 qarşı “nikahın pozulması, birgə əmlaklarda payların müəyyən edilməsi" tələbinə dair e-2(006)-2421/2023 saylı mülki iş üzrə “əmlak bölgüsü” tələbinin ayrılaraq ayrıca icraatda baxılması, İddiaçı cavabdehlər Cavabdeh, X3, X5 qarşı “əmlak bölgüsü” tələbinə dair işə nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(006)- 2421/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1994- cü il tarixində Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 324 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, tərəflərin arasında barışıq əldə edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmış, lakin müddətin sonunda tərəflər arasında barışıq əldə olunmamışdır. İddiaçı nikahın pozulmasını təkid etdiyindən, nikah münasibətlərinə daxil olmaq könüllü olduğu kimi bu münasibətlərdə qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan tərəflər arasında xx.xx.1994-cü il tarixində Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 324 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1 və 20.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il, 2(006)-2421/2023 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin ailə münasibətlərinin bərpası istiqamətində hər hansı tədbir görməmiş (barışmaq üçün təklif verməmiş və s.), birgə yaşamasının qeyri-mümkünlüyünü müəyyən edən hər hansı halı müəyyən etməmiş, nəticədə maddi hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab edilərək təmin olunmamasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, idiaçının cavabdehlə barışmaq fikri yoxdur, iddiaçı hazırda Səduyyə Ərəbistanda yaşayır. Cavabdeh əgər boşanmaq istəmirdisə o zaman mediasiya prosesində, məhkəmə iclaslarında iştirak edərdi. Birinci instansiya məhkəməsi tərəfindən barışıq üçün 3 ay vaxt verilmişdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

17. 2.2 və 2.3-cü maddələrinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

18. 19-cu maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ərarvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

19. 20-ci maddəsinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

20. 21.1-ci maddəsinə görə isə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Tərəflər xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından doğulmuş övladları yetkinlik yaşına çatmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat şöbəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında keçirilir. Bu səbəbdən də, iddiaçı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmış, lakin barışıq olmamış, iddiaçı nikahın pozulmasında təkid etmişdir.

23. Qeyd edilməlidir ki, nikahın pozulması tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərə barışmaq üçün verdiyi 3 ay müddətindən sonra iddiaçının iddiasında israrlı olmasını nəzərə almaqla, tərəflərin arasında bağlanmış nikahın pozulmalı olduğu qənaətinə gəlməklə haqlı olmuşdur. Belə ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması prinsiplərinə uyğun həyata keçirilir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

25. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyır və qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

26. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar