Məhkəmə qərarları › İş №2(103)-7288/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7288/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7288/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: birgə nikah dövründə fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərcin bölünməsi hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 istirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərcin bölünməsi tələbinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1858/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərcin, 52000 manat məbləğində pulun yarısının, yəni 26000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə iddiası Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1858/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 81, 119.1, 217.4, 218.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 225.1; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi üzrə sübutetmə yükü, yəni, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunla müəyyən olunmuş qaydada əldə olunması və həmin vəsaitin məhz onun hesabına ödənilməsi barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə iddiaçının üzərinə düşür. İddiaçı özbaşına tikili olan fərdi yaşayış evinin əldə olunmasına ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. 2.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: - Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Osmanov, qadına Osmanova soyadı verilmişdir ; -xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə, "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 014A********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə bank tərəfindən İddiaçı 36 ay müddətinə, 1,75 faiz dərəcəsi ilə 5000,00 manat məbləğində kredit verilmişdir; - Azərbaycan Respublikası "Bakı Torpaq” Layihə Smeta Borusu tərəfindən xx.xx.2016-cı il (Lisenziya 089566 nömrəli İN/L-1479/2016) tarixdə verilmiş Memarlıq və Planlaşdırma Bölməsinin surətindən müəyyən edilir ki, ünvan 3 ünvanının hüququ subyekti İddiaçıdur; - xx.xx.2020-ci il tarixdə AB Consulting tərəfindən İddiaçı ünvanlanmış fərdi yaşayış evinin dəyərinin müəyyən etmək üçün qiymətləndirmə hesabatından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiyməti 52000 manat müəyyən edilmişdir (səh.10, 12, 14-15, 17). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1858/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsini apellyasiya qaydasında ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki Məcəllənin 154, 158, 225; Ailə Məcəllənin 31, 32, 34, 36; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 218, 220.4, 372.1, 384.0.2, 385.1, 386, 387.1, 388, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Borusu tərəfindən xx.xx.2016-cı i (Lisenziya 089566 nömrəli İN/L-1479/2016) tarixdə verilmiş Memarlıq və Planlaşdırma Bölməsinin eskiz layihə sənədi ilə müəyyən edilir ki, ünvan 3 ünvanının hüququ subyekti İddiaçıdur Bundan əlavə X2 mübahisəli evə rəsmi pasport qeydiyyatına alınması, komunal xidmətlərin göstərilməsi üçün müqavilələrin bağlanması, həmin ünvanda həyat yoldaşının faktiki yaşaması işin mübahisəsiz halıdır. Deməli mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikili olması, onun tərəflərin birgə nikah dövründə əldə etmələri, tərəflərin həmin fərdi yaşayış evində yaşamaları, xx.xx.2020- ci ildə tərəflərin arasında baş vermiş ailədaxili münaqişə nəticəsində İddiaçı oğlu Elşən Osmanov tərəfindən döyülərək evdən qovulması və həmin evə hazırda faktiki olaraq Cavabdeh tərəfindən sahiblik edilməsi işin mübahisə olunmayan tərəfi, eləcə də, işdə olan mötəbər sübutlar, şahid ifadələri, tərəflərin izahatları ilə müəyyən edilmiş halıdır. Belə olan halda yəni İddiaçı birgə nikahda əldə etdikləri fərdi yaşayış evindən zorla qovulması, həmin əmlaka Cavabdeh sahiblənməsi və orada yaşaması İddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edir. Lakin həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması səbəbindən ərlə-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak kimi paylarının müəyyən edilməsinin mümkün olmamasına səbəb ola bilər, lakin birgə nikah dövründə əldə olunmuş özbaşına tikiliyə görə xərclənmiş pul vəsaitinin yarısını tələb etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur və bu iddia tamamilə əsaslıdır. Buna görə də, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.1-ci maddəsini və Ailə Məcəlləsinin 32 və 36-cı maddələrini mübahisəli pozmaqla, mübahisəli hüquq münasibətlərinə həmin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə AB Consulting tərəfindən İddiaçı ünvanlanmış fərdi yaşayış evinin dəyərinin müəyyən etmək üçün qiymətləndirmə hesabatından müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiyməti 52000 manat təşkil edir. İddia tələbinin məbləği hissəsində də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirmə aparılmış və fərdi yaşayış evinin dəyəyinə uyğun pul tələbi irəli sürülmüşdür. Daşınmaz əmlak yəni onların fərdi yaşayış evi müvafiq icazələr alınmadan tikilmiş özbaşına tikili statusunda olsa da və bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində tərəflərin hüquqları qeydə alınmasa da, həmin fərdi yaşayış evinin tikintisinə və təmirinə tərəflər birgə nikah dövründə qazandıqları pulu xərcləmişlər və həmin əmlak reyestrdə qeydə alınmamış olsa belə daşınmaz əmlakdır və ondan tərəflər istifadə edir, sahiblik edirlər.Əmlaka dair sərəncam verməklə bağlı mülkiyyətçi kimi hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa belə, əmlakdan faktiki istifadə edən və sahiblik edən, eləcə də pul vəsaiti ödəyərək əldə etdiyi, öz maliyyə vəsaitini xərcləyərək təmir etdiyi bir əmlakın mülkiyyətçisi olmasa belə əmlak hüquqları (MM-nin 158.4 maddəsi) istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa belə fərdi yaşayış evinin alınmasına və təmirinə pul xərcləyərək əldə etmiş və hazırkı iddia tələbi ilə də məhz həmin pul vəsaitinin yarısını tələb edirə, baxmayaraq ki, həmin pul vəsaiti ona vərəsəlik yolu ilə qalmış evin satışından əldə olunmuşdur, təmirinə isə sonradan (5000 AZN) bankdan pul götürərək yaxşılaşdırma işləri aparmışdır, eləcə də həyat yoldaşı işləməmiş, uşaqlara baxmış və pul qazanmamışdır. Cavabdeh öz etirazının əsaslarını sübut edərkən bir-biri ilə ziddiyətli izahatlar verir və heç bir sübuta əsaslanmayan, bir-birini təkzib edən ifadələri, şahid ifadələri arasında ziddiyətləri, şahidləri məhkəməyə təqdim etmiş cavabdehlə yaxın qohumluq əlaqələrini (oğlu və bacısı, həmçinin oğlunun qaynanası) maraqlı olmalarını məhkəmə qiymətləndirmədən, elə bu şahid ifadələrini əsas götürərək onların əsaslı olan iddia tələbini təmin etməmişdir. Bunun əksinə iddiaçı tərəf olaraq o, 1989-cu ildə Ermənistan Respublikasından Azərbaycan Respublikasına deportasiya olunarkən valideyinlərinə məxsus evin dəyişdirilməsinə dair orderi, həmin order əsasında Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində əldə etdikləri evi 1998-ci ildə sataraq Goranboy rayonu Qaradağlı kəndində ev əldə etməyini, həmin evi də 2013-cü ildə sataraq hazırkı ünvan 3 ünvanındakı mübahisəli ev almağına dair mötəbər sübutlar təqdim etmişdir. Bundan başqa elə cavabdeh tərəfin özünün məhkəmə araşdırmasına təqdim etdiyi şahidlər də bu evlərin mövcudluğunu, satılaraq növbəti evin alınmasını təsdiq edirlər. (bax iclasın audio-video çəkilişlərinə, çünki məhkəmə iclas protokolları qərəzli olaraq düzgün tərtib olunmaması qənaətindədir) Məhkəmədə tədqiq olunmuş dəlillərdən, tərəflərin izahatlarından və şahidlərin ifadələrindən belə aydın olur ki, mübahisəli evin maliyyə mənbəyi Ermənistandan köçərkən iddiaçının valideyinlərinə order əsasında verilmiş Hövsan qəsəbəsindəki evdir. Bu işin mübahisəsiz halıdır, o ki qaldı evin dəyərinin müəyyən olunmasına bu məsələnin də ədalətli həlli məqsədi ilə iddiaçı olaraq öz təşəbbüs ilə qiymətləndirmə keçirilməsi üçün ekspertə müraciət etmişlər və 52000 AZN dəyərində qiymətləndirilib, onun da yarısını tələb etməkdə haqlı olduğunu düşünür. Eyni zamanda qətnamənin ləğv olunması əsaslarından biri də birinci instansiya məhkəməsinin prosessual normaları pozmaqla qətnamə qəbul etməsidir. Belə ki, o, sonuncu məhkəmə prosesindən dərhal sonra yəni xx.xx.2022-ci il tarixdən sonra xx.xx.2022-ci ildə məhkəmə iclas protokolu ilə tanış olmağının təmin olunması üçün elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ilə müraciət etsə də, məhkəmə onun bu xahişini təmin etməmişdir, hətta hakimin köməkçisi ilə telefonla əlaqə saxlayıb elektron məhkəmə sisteminə baxmağı unutmamasını və protokolla tanış olmağına şərait yaradılmasını hakimin nəzərinə çatdırmasını xahiş etməyinə baxmayaraq bu hüququ təmin olunmamış və birinci instansiya məhkəməsi kobud qanun pozuntusuna yol vermişdir. Bu prosesual pozuntu isə ümumiyyətlə işin mahiyyəti üzrə düzgün qərar qəbul edilməməsinə səbəb olmuşdur. Məhkəmə qətnaməsi ilə tanış olarkən o, bunun bir daha şahidi olur, belə ki, məhkəmə iclas zalında müzakirə olunan məsələlərin heç biri qətnamədə öz əksini tapmamışdır, protokolla tanış olub qeyd hüququndan istifadə etməyinə də məhz məhkəmə buna görə şərait yaratmayıb, bu da məhkəmənin qeyri-obyektivliyinə və qərzliliyinə dəlalət edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin iddianı təmin etməməsinin yeganə səbəbi kimi əmlakın ƏMDK-da qeydiyyata alınmaması olmasının qeyd edildiyini, onların əmlakın alınmasına verilmiş pulun yarısını tələb etdiklərini, iddiaçının 1989-cu ildə məlum hadisələrlə bağlı Azərbaycana gəldiyini, bu vaxt iddiaçının ailəsi ilə birlikdə Hövsan qəsəbəsində yerləşən mənzilə köçdüyünü, daha sonra 1998-ci ildə Hövsan qəsəbəsində yerləşən mənzili sataraq Goranboy rayonunun Qaradağlı kəndində mənzil aldığını və ora köçdüklərini, orada 2013-cü ilə qədər yaşadıqlarını, 2013-cü ildə həmin mənzili sataraq hazırki mübahsəli mənzili aldıqlarını, həmin mənzilin alınma mənbəyinin bu pullar olduğunu, iş materialından da göründüyü kimi bankdan kredit məbləği əldə edilərək mənzilin təmirinin həyata keçirildiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən bu halın nəzərə alınmadığını, mənzilin alınan zaman pulun əlbəəl verildiyini, satan şəxs tərəfindən sadəcə əl yazma ilə qəbz verildiyini, həmin satan şəxsin keçən məhkəmə iclaslarında şahid kimi dindirildiyini, lakin sonrakı iclaslarda iştirak etmədiyini, satan şəxsin şahid ifadəsinin qeyd edildiyi protokolun iş materialına əlavə eilməsini tələb etsələr də bunun baş tutmadığını bildirmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, 1984-cü ildə nikaha daxil olduqlarını, əmlakların hər birinin öz vəsaiti hesabına alındığını bildirmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində mənzilin öz vəsaiti hesabına almasını qeyd etdiyini, lakin bu halın həqiqəti əks etdirmədiyini, mənzilin iddiaçı və cavabdehin övladı olan Elşən adlı şəxs tərəfindən alındığını və hazırda övladları və arvadı ilə həmin mənzildə yaşadıqlarını, şahid ifadələrində də mənzildə Elşən, arvadı və uşaqlarının birgə yaşamasının qeyd edildiyini, eyni zamanda iş materialına əlavə edilmiş Accessbank ASC tərəfindən verilmiş arayışa əsasən kredit borcunun iddiaçı tərəfindən əldə edilməsinə baxmayaraq, 3700 manat borc məbləğinin də Elşən tərəfindən ödənildiyinin əks olunduğunu, iddiaçının 26000 manat pul tələbini hansı əsasla tələb etməsini sübut edə bilmədiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: təqdim olunmuş sübutlar əsasında məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 14.Ərlə arvadın ümumi mülkiyyəti adlanan Mülki Məcəllənin 225-ci maddəsinə əsasən: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.225.4. Ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

15. Nəzərə alınmalı olan Ailə Məcəlləsinin 32, 34.1, 34.2, 35, 36.4-36.9, 37-ci maddələrinin tələblərinə əsasən: Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: -onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); -ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 20.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152-158, 225 və Ailə Məcəlləsnin 31-37; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 217.4, 372, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (baxılan hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqətə çatdırılmalıdır ki, iddia fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərc barədə olsa da bu barədə mötəbər sübutlar təqdim edilməmiş, əmlakın dəyəri barədə aidiyyəti olmayan sübutlar təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb əsassız olduğundan apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 22.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1858/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar