Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7294/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və Cavabdeh 22 sentyabr 2007-ci ildə nikah bağlamışlar. Birgə nikahdan iki övladları - 04 sentyabr 2008-ci il təvəllüdlü X4 və 17 avqust 2013-cü il təvəllüdlü X5 doğulmuşlar. Tərəflər arasında olan nikah Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-229/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi və 2(007)- 1158/2022 saylı, 25 yanvar 2022-ci il tarixli əlavə qətnaməsi ilə və həmin qətnamələri qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2691/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, hər iki uşaq iddiaçının yanında və himayəsində saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat mediasiya xərcinin, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 140 manat, cəmi 190 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə xahiş etmişdir.
3. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, uzun müddətdir ki, cavabdehlə ayrıdırlar, birgə yaşamırlar. Cavabdeh bir valideyn ana olaraq övladları ilə maraqlanmır, onların mənəvi, maddi ehtiyaclarının olub-olmamasına diqqət yetirmir. Cavabdehin maddi vəziyəti yaxşıdır, əmək müqaviləsi əsasında Bakı Neft Emalı Zavodunda kompüter mütəxəssisi vəzifəsində çalışır və yaxşı məbləğdə aylıq əmək haqqı alır. Hesab edir ki, cavabdehin də bir valideyn olaraq övladları qarşısında daşıdığı vəzifələri vardır və bu vəzifələri yerinə yetirməyə borcludur.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1900/23 saylı iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment, 50 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması qət edilmişdir, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100-cü maddələri və digər əlaqədar normalarla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə nəzərə almamışdır ki, iddiaçının uşaqların saxlanması ilə bağlı cavadehin vəsaitinə ehtiyacı yoxdur. Çünki iddiaçı keçən illər ərzində cavabdehə qarşı alimentlə bağlı müraciət etməmişdir. Sadəcə iddiaçı bu kimi hərəkətləri ilə cavabdehə psixoloji təsir göstərir, əziyyət vermək niyyəti ilə və uşaqlarla ünsiyyətlə bağlı məhkəmə qərarının qarşısını almaq üçün istifadə edir, uşaqlarla görüşməsinə imkan vermir, uşaqlardan uzaq durmağa məcbur edir, uşaqların gözündən salmağa çalışlır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
10. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar;
12. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
15. 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:
16. 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad.
17. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur;
18. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
19. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
20. Maddə 19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı alimentin tutulması hissəsində təmin etməklə qanuni və əsaslı nəticəyə gəlsə də, tutulmuş alimentin məbləğinə münasibətdə qətnamə əsaslandırılmamışdır.
24. Belə ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər uşaq üçün 110 manat müəyyən edərkən cavabdehin cəmi 665.5 manat pensiya aldığını, iddiaçının isə 1346.31 manat əmək haqqı aldığını nəzərə almamışdır.
25. İddiaçının aldığı əmək haqqı cavabdehin aldığı əmək haqqından iki dəfə çoxdur.
26. Məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının hər uşağa görə 110 manat olmaqla cəmi 220 manat müəyyən edilməsi nəticəsində aldığı əmək haqqından cavabdehin özünə cəmi 425 manat pul vəsaiti qalır ki, bu da şəxsin normal təminatı üçün azdır.
27. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri, o cümlədən tərəflərin maddi vəziyyətini, iddiaçının 1346.31 manat əmək haqqı almasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulmuş alimentin məbləği aylıq hər uşağa görə 70 manat müəyyən edilməlidir.
28. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası izah edir ki, apellyasiya qaydasında mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin və alimentin miqdarı hər ay hər uşağa görə 70 (yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.