Məhkəmə qərarları › İş №2(103)-730/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-730/2024

11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-730/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərər, əsassız varlanma obyektinin qaytarılması, subyektiv hüquq, iddiaya cavab verməli olan şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun, habelə mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mətbəə bölməsinin rəisi vəzifəsində xidmət edərkən 2019-cu ilin iyul ayının əvvəllərində ona müraciət etmiş tanışı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti, baş leytenant İddiaçı xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrin birinə dəyişdirmək arzusunda olduğunu öyrəndikdən sonra həmin vaxt Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mətbəə bölməsinin texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Cavabdeh2 ilə danışıb bu məsələnin həlli istiqamətində söhbət apararkən sonuncu, Müdafiə Nazirliyində tanışı olan yüksək vəzifəli şəxsə 12 000 manat pul verilməsi müqabilində İddiaçı Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə yerdəyişməsi məsələsini həll etdirmək imkanında olduğunu bildirmiş, bundan sonra onlar cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək qanunsuz qazanc əldə etmək məqsədilə İddiaçı həmin işin həlli üçün lazım olan məbləğdən əlavə 1000 manat olmaqla, cəmi 13 000 manat məbləğində pul almaq qərarına gəlmişlər.

2. Cavabdeh1 daha çox qanunsuz qazanc əldə etmək məqsədilə ümumi niyyətdən kənara çıxaraq İddiaçı 2000 manat daha artıq, yəni guya Müdafiə Nazirliyində adını çəkmək istəmədiyi şəxsə 15 000 manat məbləğində pulun verilməsi müqabilində xidmət yerini Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə dəyişdirə biləcəyini vəd edib İddiaçı razılığını almaqla təkrarən digər vasitəçidən istifadə etməklə vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir.

3. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə İddiaçı qardaşı Rufan Vahidov vasitəsilə İddiaçı məxsus 15 000 manat məbləğində pulu alaraq, əvvəlcədən aralarında olan razılığa əsasən 12 500 manatını Cavabdeh2 təqdim edib 2500 manatını özünə götürmüş, lakin verdikləri vəd üzrə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişlər.

4. Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək müvafiq olaraq 9 ay və 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişlər.

5. İddiaçı və X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 312.1-ci maddəsi ilə aparılan cinayət təqibinə rüşvət vermə barədə könüllü olaraq məlumat verdikləri və barələrində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmələri nəzərə alınmaqla bəraətverici əsaslar olmadan xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən 15 000 manat borcun, 3000 manat mənəvi zərərin əvəzinin, 145 manat dövlət rüsumunun, yəni cəmi 18 145 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən Cavabdeh1 həmin vəzifə və rütbədə xidmətdə olarkən, cinayətkar əməllərini davam etdirərək 2019-cu ilin iyul ayının əvvələrində ona müraciət etmiş tanışı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin zabiti, baş leytenant İddiaçı xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrin birinə dəyişdirmək arzusunda olduğunu öyrəndikdən sonra, gizir Cavabdeh2 ilə danışıb bu məsələnin həlli istiqamətində söhbət apararkən sonuncu Müdafiə Nazirliyi sistemində tanışı olan yüksək vəzifəli şəxsə 12 000 manat pul verilməsi müqabilində İddiaçı Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə yerdəyişmə məsələsini həll etdirmək imkanında olduğunu bildirib Cavabdeh2la cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək qanunsuz qazanc əldə etmək məqsədi ilə baş leytenant İddiaçı həmin işin həlli üçün lazım olan məbləğdən əlavə 1000 manat olmaqla cəmi 13 000 manat məbləğində pul almaq qərarına gəlmişlər. Cavabdeh1 baş leytenant İddiaçılə əlaqə saxlayıb tutduğu vəzifəyə görə geniş əlaqələrinin olmasını bildirməklə daha çox qanunsuz qazanc əldə etmək məqsədilə ümumi niyyətdən kənara çıxıb ekstses törədərək gizir Cavabdeh2 niyyəti ilə əhatə olunmayan 2000 manat artıq, yəni guya vasitəsi ilə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan adını çəkmədiyi şəxsə 15 000 manat məbləğində pulun verilməsi müqabilində xidmət yerini Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinə dəyişdirə biləcəyini vəd edib İddiaçı razılığını almaqla təkrarən digər şəxsi vasitəçidən istifadə etməklə vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, xx.xx.2019-cu il tarixdə qardaşı Rufan Vahidovla Bakı şəhəri, Binəqədi rayonu ərazisində görüşüb inandırıcı görünməsi və pulun verilməsi faktını təsdiq etmək üçün yaxınlıqda yerləşən 11 saylı notariat ofisinə getməklə aralarında borc müqaviləsi bağlayıb vətəndaş Rufan Vahidovun vasitəsilə baş leytenant İddiaçı işinin həll olunması adı ilə 15 000 manat məbləğində pul alaraq, əvvəlcədən aralarında olan razılığa əsasən həmin pulun 12 500 manatını cinayətkar qrupun üzvü gizir Cavabdeh2 təqdim edib 2500 manatını özünə götürmüş, lakin verdikləri vəd üzrə baş leytenant İddiaçı xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişlər. Sözügedən cinayət işi üzrə tərəfimdən mülki iddia verilməmişdir. MPM-in 42-ci maddəsinə əsasən, cinayət işindən əmələ gələn mülki iddia, əgər o cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Məhkəmə tərəfindən cavabdehlər tərəfindən mənə 15000 manat ziyan vurulması müəyyən edilmişdir. Eyni zamanda cavabdehlər mənə maddi ziyan vurmaqla yanaşı, mənəvi ziyan da vurmuşdurlar. Belə ki, hadisədən sonra dərin sarsıntı keçirmişəm, psixoloji travma almışam. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailəsini, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin, iddia tələbini irəli sürərkən ödədiyi 145 manat dövlət rüsumu da cavabdehlərdən tuutularaq ona ödənilməlidir.

8. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) iddianı qismən müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Naxçıvan MR-də hərbi hissələrin birində hərbçi kimi qulluq edir. Cavabdehlər onu Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə keçirmək üçün ondan 15000 manat pul alımış, lakin verdikləri vədə əməl etməmişlər. Belə ki, iddiaçının qardaşı Rufan Vahidovla Cavabdeh1 arasında notarial qaydada kredit müqaviləsi bağlanmış, Rufan Vahidov qardaşı İddiaçı məxsus 15 000 manat məbləğində pulu Cavabdeh1 qardaşı Fəridin iş yerini dəyişməkdə köməklik etmək üçün rüşvət kimi vermiş, pulu təminat altına almaq üçün isə notariat ofisində borc müqaviləsi bağlamışlar. Lakin cavabdehlər nə iddiaçıya iş yerinin dəyişdirilməsi barədə verdikləri vədə əməl etmiş, nə də aldıqları pulu qaytarmışlar. Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı dələduzluq cinayətini törətməkdə təqsirli bilinərək məhkum olunmuş, məhkəmənin hökmü ilə iddiaçıya 15 000 manat məbləğində zərər vurulması müəyyən edilmişdir. Hazırda iddiaçı vurulmuş maddi və mənəvi zərəri cavabdehlərdən tələb edir. İddia tələbində pul cavabdehlərdən müştərək qaydada tələb edilsə də, hər cavabdehdən təqsirli olduqları məbləğdə pul tutulmasına etiraz etmir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Ələsgər oğlu iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, həqiqətən iddiaçıya iş yerini dəyişməsində kömək edəcəyinə dair söz vermiş, bunun üçün ona 15 000 manat məbləğində rüşvət vermək lazım olduğunu bildirmiş, lakin pulu şəxsən ondan yox, qardaşı Rufandan notarial müqavilə əsasında almışdır. Həmin puldan 2500 manatını özünə götürmüş, qalan 12 500 manatını Cavabdeh2 vermişdir. Bundan bir müddət sonra işin alınmadığını görüb özü hüquq mühafizə orqanlarına hadisə barədə məlumat vermişdir. Belə ki, iddiaçı pulu verəndən sonra işinin görülməsini tələb etmiş, o da öz növbəsində Cabirə müraciət etmişdir. Cavabdeh2 isə pulun yüksək vəzifəli şəxsə verildiyini, lakin həmin şəxsin heç bir hərəkət etmədiyini bildirmişdir. Məhz bundan sonra o, hadisə barədə prokurorluğa məlumat vermişdir. Bundan sonra isə onun və Cavabdeh2 barəsində cinayət işi açılmış, yekunda onların barəsində məhkəmə hökmü çıxmışdır. Onlar törətdiyi əmələ görə cəzalarını çəkmişlər. Odur ki, iddianın təmin edilməməsini xahiş edir.

10. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, heç vaxt iddiaçıdan pul almamışdır. Belə ki, digər Cavabdeh1 ona İddiaçı iş yerinin dəyişdirilməsi barədə xahiş etmiş, bu məqsədlə Cavabdeh1 ona 12 500 manat vermişdir. O isə Cavabdeh1 aldığı pulu iddiaçının iş yerinin dəyişdirilməsi üçün MN-nin vəzifəli şəxsinə vermişdir. Lakin həmin şəxs pulu ondan alsa da, nə Fəridin iş yerini dəyişdirməklə bağlı verdiyi vədi yerinə yetirmiş, nə də bu məsələni həll etmək üçün ona verilən pulu qaytarmışdır. Bu səbəbdən də o və Cavabdeh1 məhkəmənin hökmü ilə məhkum olunmuş və cəzalarını çəkmişlər. Hesab edir ki, törətdikləri əmələ görə artıq cəza alıblar, buna görə də iddia tələbi təmin olunmamalıdır.

11. Birinci instansiya məhkəməsinin 07 sentaybr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 2500 (iki min beş yüz) manatən və 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun, Cavabdeh2 12 500 (on iki min beş yüz) manatın və 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 12.1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, həmin hökmlə Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus 15 000 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirdikləri müəyyən edilmişdir. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 12.2. Belə olan halda məhkəmə yalnız cavabdehlərin iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyıb-daşımaması, yəni iddiaçının cavabdehlərdən həmin zərəri mülki qaydada tələb etməkdə haqlı olub-olmaması məsələsinə münasibət bildirir. 12.3. Məhkəmə hesab edir ki, cavabdehlər təqsirli olaraq törətdikləri cinayət əməlləri ilə İddiaçı məxsus 15 000 manat məbləğində pulu ələ keçirdiklərindən iddiaçının hesabına əsassız varlanmışlar. Belə ki, onlar öz təqsirli hərəkətləri ilə iddiaçıya zərər vurmaqla qalmamış (delikt), vurduqları bu zərər nəticəsində qazanc əldə etmiş, əsassız varlanmışlar. Bu səbəbdən məhkəmə cavabdehlərin iddiaçı hesabına əsassız varlandığı və onları əsassız varlandıran pulu iddiaçıya qaytarmaq vəzifəsi daşıdıqları nəticəsinə gəlmişdir. Bu baxımdan iddiaçı həmin pulu cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. 12.4. Lakin iddiaçı 15 000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsə də, məhkəmənin hökmündən görünür ki, həmin pulun 2500 manatını Cavabdeh1, 12 500 manatını isə Cavabdeh2 mənimsəmişdir. Belə olan halda hər bir cavabdeh yalnız özünü varlandıran pulu iddiaçıya qaytarmaq vəzifəsi daşımalıdır. Bu baxımdan iddiaçının həmin pulun hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb etməsi əsassız olmuşdur. Odur ki, Cavabdeh1 2500 manat, digər Cavabdeh2 isə 12 500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. 12.5. İddia tələbinin 3000 manat məbləğində mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, "Ramazanov və digərlərinin” işi üzrə 29 oktyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti nəzərə alınaraq, cavabdehlərin iddiaçının hesabına əsassız varlandıqları pulun iddiaçıya qaytarılmasının qət edilməsi iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 14.1-ci, 385.1-ci, 386.1-ci, 1091.1-ci, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına istinad etmişdir.

14. Qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, təmsil etdiyi şəxsin iddia tələbinə etirazının məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, tətbiq edilməli maddi hüquq normasını tətbiq etmədiyini, Cavabdeh2 iddiaçıdan pul almadığının müəyyən olunmasına və bu səbəblə iddiaçının ona qarşı iddia irəli sürmək hüququnun olmadığına əhəmiyyət vermədiyini irəli sürmüşdür. Apellyasiya şikayətinə qarşı etiraz

15. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi göndərərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apelyasiya baxışı

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 nümayəndəsi (vəkili) ərizə ünvanlayaraq xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı, həmçinin digər cavabdeh də məhkəməyə gəlməmişlər.

17. İşin halları, apellyatorun nümayəndəsinin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Cavabdeh2 12 500 (on iki min beş yüz) manatın və 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən, qətnamənin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsi də apellyasiya baxışının predmeti deyildir. Eyni zamanda nəzərə alınmalıdır ki, apellyator qətnamənin tam şəkildə ləğvini tələb etsə də, iddianın ona münasibətdə təmin edilən hissəsi ilə, digər cavabdehə münasibətdə təmin edilən hissəsi bölünməz xarakterli deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə iddiaçının 12 500 manat pulunun məhz Cavabdeh2 tərəfindən mənimsənildiyi müəyyən olunmuşdur.

39. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası (§ 32) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

40. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2473/2023 saylı iş üzrə 07 sentaybr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2 12 500 (on iki min beş yüz) manatın və 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar