Məhkəmə qərarları › İş №2(103)-7301/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7301/2023

20.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7301/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR DNŞ Cavabdehnə qarşı iş üzrə (Açar sözlər:əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı AR DNŞ Cavabdehndə böyük mühəndis vəzifəsində çalışmışdır. xx.xx.2014cü il tarixli 3712 saylı əmək müqaviləsinə 5 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli əmrinə əsasən “Sahil” İstehsalat bölümü 1 saylı briqadaya 12-ci dərəcəli Sosial məsələlər üzrə mühəndis vəzifəsinə keçirilib. İddiaçı xx.xx.2023xx.xx.2023-ci il tarixlərində xəstəlik dövrü keçirmiş, 1,303.03 manat ödəniş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh AR DNŞ Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il fevral ayı üzrə ödənilməmiş 1600 manat əmək haqqının və ödənilməmiş 700 manatlıq bülleten (əmək qabiliyyəti olmama vərəqəsi) məbləğinin kompensasiya edilərək “SOCAR” X5 Trestinin hesabından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin fevral ayı ərzində o, 12 saatlıq iş rejimi üzrə çalışmış, lakim maaş verilən zaman 8 saatlıq iş rejiminə uyğun hesablanaraq ödənilmişdir. Nəticədə əmək haqqı fevral ayı üzrə 1600 AZN az ödənilmişdir. Aprel ayının 11-20 aprel tarixlərində 1 saylı X4 Nevralogiya şöbəsində (stasionar) müalicə almışdır. “SOCAR” X5 Tresti bu 10 günlük müalicə müddətinin sadəcə 6 gününü qarşılayıb. Qalan digər günlərlə əlaqədar yaranan 700 manatını isə kəsiblər. Aprel ayının 21-dən işə çıxmış və ayın sonunadək 3 iş günü çalışmışdır. Lakin bülletendən gəlməyini əsas tutaraq həmin 3 iş günündən sadəcə 1-ni qeyd ediblər.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3199/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia rədd olunmuşdur.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək haqqının ödənilməsi ilə bağlı cavabdehin bu halı təkzib edən hər hansı mötəbər sübutları mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı 2023-cü ilin fevral ayında aylıq norma üzrə 8 saatlıq iş rejimində işləmiş, iddia tələbinin dəlillərindən də bu hal müəyyən olunur. Göründüyü kimi, iddiaçı 8 saatlıq iş rejiminə uyğun olaraq hesablanmış əmək haqqı almışdır. İddiaçının hazırda 8 saatlıq iş rejimində deyil, 12 saatlıq iş rejimində işləməli olması barədə iddia tələbinin dəlilinin isə heç bir hüquqi əsası mövcud deyil.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1, 157.1, 157.3, 172, 296.4-cü maddələri, Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanununun 1, 6-cı maddələri, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) 1, 7, 8, 28-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

c) Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

12. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 13.Maddə 157.1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 14.Maddə 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

15. Maddə 172. 4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

16. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

17.Maddə 1. Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 18.Maddə 6. Sosial sığorta hadisəsi baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) ödənilir.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə

19.Bənd 1.1. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 20.Bənd 6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əmək haqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır.

Apellyasiya baxışının hədləri

21.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 22.Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.

24. İddiaçı bildirir ki, cavabdeh 10 günlük müalicə müddətinin sadəcə 6 gününü qarşılayıb. Qalan digər günlərlə əlaqədar yaranan 700 manatını isə kəsiblər. 25.Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, 6 gün iş növbəsinə düşmüş və 6 gün üçün xəstəlik vərəqəsinə görə ona idarə tərəfindən ödəniş aparılmışdır. Xəstəlik vərəqəsinin qalan 4 günü isə onun istirahət dövrünə düşmüş və bu səbəbdən həmin günlər üçün ödəniş aparılmamışdır. 26.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2023-cü ilin fevral ayında aylıq norma üzrə 8 saatlıq iş rejimində işləmiş, 8 saatlıq iş rejiminə uyğun olaraq hesablanmış əmək haqqı almışdır. İddiaçının hazırda 8 saatlıq iş rejimində deyil, 12 saatlıq iş rejimində işləməli olması barədə iddia tələbinin dəlilinin isə heç bir hüquqi əsası mövcud deyil. 27.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

28. Belə ki, iddiaçı xx.xx.2023- cü il tarixindən xx.xx.2023-cü il tarixinədək xəstə olması ilə bağlı ******* nömrəli xəstəlik vərəqəsi təqdim etmişdir. Mülki iş üzrə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı növbəli iş rejimi ilə işlədiyinə görə müvəqqəti əmək qabiliyyətinin itirdiyi 10 günün 6 günü iddiaçının iş növbəsinə düşmüşdür. Həmin günlər üçün müavinət Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablanıb ödənilmişdir. Lakin müvəqqəti əmək qabiliyyətini itirdiyi qalan 4 günü isə onun istirahət dövrünə düşmüş və bu səbəbdən həmin günlər üçün ödəniş aparılmamışdır. 29.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. 30.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 31.Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 33.Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 34.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 29 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar