Məhkəmə qərarları › İş №2(103)-7315/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7315/2022

30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7315/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(004)-1061/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərində olmuş, tərəflərin faktiki münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları olmuşdur.

2. 3 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il təvəllüdlü X4 doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında 2013-cü ilin oktyabr ayından 2021-ci ilin aprel ayının əvvəllərinədək qeydiyyat orqanlarında nikahlarını qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürmüşlər. 30 iyun 2016-cı ildə onların oğlu X5 anadan olmuşdur. Uşağın atası Cavabdehdur. Həmin fakt 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında 308592 nömrəli şəhadətnamə və 806072 nömrəli doğum haqqında şəhadətnamə ilə təsdiq olunur. Lakin Cavabdeh bu müddət ərzində uşağın saxlanılması üçün ona zəruri maddi yardım göstərmir. Hazırda onlar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşağı isə onun himayəsindədir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir.

6. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh faktiki münasibətdən doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 onun övladı olmasını mübahisələndirdiyi üçün, mülki iş üzrə məhkəmə-tibbi-genetik ekspertizası təyin edilmişdir.

7. Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2022-ci il tarixli, 364/2022-MTBŞ saylı rəyindən görünür ki, Cavabdeh ekspertizaya təqdim olunmuş X5 adlı uşağın bioloji atası olması faktı təsdiq olunmuşdur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(004)- 1061/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulma müddətinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)- 89/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi və qətnamənin dərhal icra olunması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilsə də, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə irəli sürülmüş tələb həcmində, yəni hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin istinad edilən müddəalarını rəhbər tutaraq hesab etmişdir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bununla yanaşı Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla hesab etmişdir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-89/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla) xx.xx.2022-ci il tarixdən tutulmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci, 78.1-ci, 78.2-ci, 100.2-ci maddələrinə, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin vəsatət adlı qeyd qoyaraq iş üzrə təkrar məhkəmə bioloji ekspertizasının təyin edilməsini xahiş etmişdir.

12. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, ona atalığın müəyyən edilməsinə dair sənədə iddiaçı aldatma yolu ilə imza atdırmışdır. Həmin uşağın bioloji atası deyil və özünü valideyn kimi yazdırmaq niyyəti olmamışdır. Hazırda özü rəsmi nikahdadır və həmişə rəsmi nikahda olduğu həyat yoldaşı ilə yaşamışdır. Nikahın bağlanılmasına dair şəhadətnamə məhkəməyə təqdim edilmişdir. Bundan başqa məhkəmə onun himayəsində başqa nikahdan olan uşaqların olmasını da nəzərə almamışdır. Həmçinin məhkəmə ekspert rəyinə istinad etsə də həmin ekspertiza rəyinin səthi olmasını, rəyin tədqiqi hissəsinin namatam olmasını nəzərə almamışdır və iş üzrə təkrar etkspertiza təyin etməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, cavabdehlə rəsmi nikah bağlamasalar da 2013-cü ildən 2021-ci ilə qədər birlikdə yaşamışlar və həmin münasibətdən xx.xx.2016cı il tarixdə övladları dünyaya gəlmişdir. Cavabdeh birinci instansiya məhkəməsi baxışında da uşağın atası olmamasını qeyd etsə də, ekspert rəyi ilə həmin hal təkzib edilmişdir. Həmçinin apellyasiya şikayətində təkrar ekspertiza təyin edilməsini xahiş etsə də uşağın səhhəti imkan vermir həmçinin bunun üçün əsaslar da yoxdur.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirakı etməmişdir. Belə olan halda məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

16. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

18. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

19. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

23. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

24. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

25. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin vəsatət adlı qeyd qoyaraq iş üzrə təkrar məhkəmə bioloji ekspertizasının təyin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərində olmuş, tərəflərin faktiki münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. 3 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il təvəllüdlü X4 doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Cavabdeh faktiki münasibətdən doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 onun övladı olmasını mübahisələndirdiyi üçün, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1061/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-tibbigenetik ekspertizası təyin edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2022-ci il tarixli, 364/2022-MTBŞ saylı rəyi ilə Cavabdeh ekspertizaya təqdim olunmuş X5 adlı uşağın bioloji atası olması faktı təsdiq olunmuşdur.

31. Cavabdeh apellyasiya şikayətində vəsatətlə çıxış edərək iş üzrə təkrar ekspertiza təyin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir.

32. Bununla yanaşı cavabdeh apellyasiya şikayətində ekspertiza rəyinin səthi olması və rəyin tədqiqi hissəsinin namatam olmasını qeyd etsə də birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş rəyinin mötəbərliyini şübhə altına almaq üçün əsas müəyyən edilməmişdir.

33. Göründüyü kimi işin faktiki halları ilə Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X3 bioloji atası olması müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

35. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 175 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Himayəsində başqa nikahdan uşaqlarının olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu xx.xx.2016-cı il təvəllüdlü X1 və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

36. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilsə də, hazırda iddiaçı tərəfindən 175 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etdiyindən, iddia ərizəsi məhz irəli sürülmüş tələb həcmində təmin edilməlidir.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin istinad edilən müddəalarını rəhbər tutaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.

39. Eyni zamanda birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə aliment iddiaçının məhkəməyə müraciət etdiyi (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-89/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla) xx.xx.2022-ci il tarixdən tutulmalıdır.

40. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

42. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

48. Belə ki, Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də alimentin məbləği 175 manat müəyyən edilmişdir ki, həmin məbləğin bir il ərzində ödəmə məcmusu (175 manat x 12 ay) 2100 manat təşkil edir. Göründüyü kimi iddianın qiyməti beş min manatdan az, yəni 2100 manat təşkil edir ki, istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(004)- 1061/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar