Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7333/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı ASC, onunla cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1120-L/13 nömrəli və xx.xx.2013-cü il tarixli, 1213-L/13 nömrəli “xxxxn” ləğv edilməsi, həmin müqavilələr üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 17.530 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 11.389 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın, habelə yuxarıda göstərilən müqavilələrdə nəzərdə tutulmuş lizinq obyekti olan 1 ədəd “Belarus- 89.2” markalı traktorun, 1 ədəd “AG-14-4” markalı kotanın və 1 ədəd “xxxx” markalı taxılsəpənin saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 58 nömrəli qərarı ilə təsdiq olunmuş “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərara uyğun olaraq ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1120-L/13 nömrəli və xx.xx.2013-cü il tarixli, 1213-L/13 nömrəli “xxxxnə” əsasən iddia ərizəsində qeyd edilən və ümumi dəyəri 39.1000 manat olan kənd təsərrüfatı texnikası cavabdeh tərəfindən lizinqə götürülmüşdür. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən iddiaçı ASC-yə 4.020 manat ilkin ödəniş edilmişdir. Müqavilələrin şərtlərinə görə cavabdeh qalan 35.080 manat məbləğində ödənişi hissə-hissə və aybaay olaraq ASC-yə ödəməli idi. Bununla əlaqədar olaraq “Ödəniş qrafikləri” tərtib edilmiş və cavabdeh qrafiklər ilə tanış olaraq imzalamışdır. Buna baxmayaraq, cavabdeh, qeyd edilən müqavilələr və qrafiklər üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, xx.xx.2017-ci il tarixədək 17.580 manat məbləğində ödəniş etməli olduğu halda, cəmi 50 manat məbləğində ödəniş etmişdir. Öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin iddiaçı ASC-yə 17.530 manat məbləğində əsas borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə almış ASC, onunla cavabdeh arasında bağlanmış müqavilələrin şərtlərindən çıxış edərək cavabdehə 11.389 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Qeyd edilən məbləğlərin ödənilməsi barədə ASC tərəfindən cavabdehə xəbərdarlıq (pretenziya) məktubları göndərilsə də, borc cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən də, ASC hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013 və xx.xx.2013-cü il tarixli “xxxxn” ləğv edilməsini, həmin müqavilələrdə qeyd edilmiş lizinq obyekti olan 1 ədəd traktorun, 1 ədəd kotanın və 1 ədəd taxılsəpənin, habelə müqavilələr üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 17.530 manat, öhdəliyin icra edilməməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə verilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız olan iddianı qismən də olsa təmin etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçı ASC-yə müqavilələr üzrə ilkin olaraq 4.070 manat deyil, 4.930 manat məbləğində pul ödənilmişdir. Bundan başqa, müqavilələrdə qeyd olunan texnikalara güzəştlər tətbiq edilməli idi. Çünki Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 saylı Fərmanının 6.1.3cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 273 nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”na əsasən qeyd olunan kənd təsərrüfatı texnikasına texnikanın ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərti ilə, “xxxx” ASC-nin zərəri hesabına güzəştin tətbiq edilməsi nəzərdə tutulmuşdur. İşə baxmış Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı ASC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin və apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verdi. O, bildirdi ki, xx.xx.2013-cü il tarixli və xx.xx.2013cü il tarixli “xxxx” üzrə lizinq obyekti olan kənd təsərrüfatı texnikalarına güzəşt tətbiq edilə bilinməzdi. Belə ki, «“xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 273 nömrəli Qərarının 2.5-ci maddəsinə əsasən həmin Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə ASC-nin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilmə imkanı nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarının qüvvədə olduğu dövrdə xxxx üzrə, yəni xx.xx.2013-cü il tarixli müqavilə üzrə hər iki lizinq obyektinin ümumi dəyərini təşkil etmiş 31.600 manatdan ilkin məbləğin 10 %-ni təşkil etmiş 3.160 manat, xx.xx.2013-cü il tarixli müqavilə üzrə isə lizinq obyekti olan taxılsəpənin (gübrəsəpənlə) ümumi dəyərini təşkil etmiş 7.500 manatdan 860 manat məbləği cavabdeh tərəfindən əvvəlcədən ödənilmişdir. Sonrakı müddətdə isə hər iki müqavilələr üzrə cavabdeh tərəfindən cəmi 50 manat ödəniş aparılmışdır ki, bu məbləğ də güzəşt tətbiqi üçün Qaydalarda nəzərdə tutulmuş ümumi məbləğlərin 20%-ni əmələ gətirməmişdir (xx.xx.2013-cü il tarixli müqavilə üzrə əvvəlcədən ödənilmiş 3.160 manat, xx.xx.2013-cü il tarixli müqavilə üzrə əvvəlcədən ödənilmiş 860 manat və sonradan ödənilmiş 50 manat; cəmi 4.070 manat). Bu səbəbdən də cavabdehə güzəşt tətbiq edilə bilməzdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ASC cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1120- L/13 nömrəli “xxxx” görünür ki, ASC, qiyməti 29.000 manat olan 1 ədəd “MTZ-89.2” markalı traktoru və qiyməti 2.600 manat olan 1 ədəd “KR-14 (AG-14-4)” markalı kotanı müqavilənin tərkib hissəsi olan lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə cavabdehə lizinqə verir. Cavabdeh həmin kənd təsərrüfatı texnikasının dəyərindən 3.160 manatı əvvəlcədən ASC-yə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Cavabdeh ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə, ASC gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimənin ödənilməsi cavabdehdən tələb edə bilər. Bu müqaviləyə əlavə olan ödəniş qrafikindən görünür ki, tərəflər arasında ödənişlər 2014-cü ilin İ rübündən başlayıb 2022-ci ilin İİİ rübündə bitməlidir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1213-L/13 nömrəli “xxxx” görünür ki, ASC, qiyməti 7.500 manat olan 1 ədəd xxxx taxılsəpəni (gübrəsəpənlə) müqavilənin tərkib hissəsi olan lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə cavabdehə lizinqə verir. Cavabdeh həmin kənd təsərrüfatı texnikasının dəyərindən 860 manatı əvvəlcədən ASC-yə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Cavabdeh ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə, ASC gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimənin ödənilməsi cavabdehdən tələb edə bilər. Qeyd edilən bu müqaviləyə əlavə olan ödəniş qrafikindən görünür ki, tərəflər arasında ödənişlər 2013-cü ilin İV rübündən başlayıb 2018-cı ilin İİİ rübündə bitməlidir. İddiaçı ASC tərəfindən təqdim edilmiş hesablamalardan və digər sənədlərdən görünür ki, cavabdeh yuxarıda qeyd edilən müqavilələr üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə onun iddiaçı ASC-yə 17.530 manat məbləğində əsas borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə almış ASC, onunla cavabdeh arasında bağlanmış müqavilələrin şərtlərini əsas götürərək cavabdehə 11.389 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Qeyd edilən məbləğlərin ödənilməsi barədə ASC tərəfindən cavabdehə xx.xx.2015ci il tarixli pretenziya göndərilmiş və cavabdeh müvafiq mülki məsuliyyət daşıması barədə lazımi qaydada xəbərdarlıq olunmuşdur. “xxxx” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış və şərtlərini icra etmiş ASC-nin ləğv edilməsini xahiş etdiyi xx.xx.2013 və xx.xx.2013-cü il tarixli “xxxx” üzrə cavabdehin iddiaçı ASC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və cavabdeh bu halı inkar etmir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 747-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1.). Lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır (maddə 747.3.). Mülki Məcəllənin 747-2 maddəsinə görə, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Məcəllənin 748-1.12.4. maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Məcəllənin 748-2.5. maddəsinə görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məcəllənin 748-7.1. maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məcəllənin 748-10-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.). Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (maddə 748-10.4.). Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır Maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən müəyyən edilir ki, ASC-nin iddia tələbi sübuta yetməklə yanaşı maddi hüquq normalarına əsaslanır, cavabdehin iddiaya etirazı, yəni ASC-yə 4.070 manat deyil, 4.930 manat məbləğində ödəniş etməsi ilə bağlı dəlili əsassızdır. Çünki cavabdeh bununla bağlı sübutları təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 saylı Fərmanının 6.1.3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 273 nömrəli qərarı ilə təsdiq edilmiş «“xxxx” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları»na əsasən qeyd olunan kənd təsərrüfatı texnikasına onun ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərti ilə, ASC-nin zərəri hesabına güzəştin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh ASC həmin güzəşti cavabdehə münasibətdə tətbiq etməmişdir. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarının 2-ci bəndindən görünür ki, bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərti ilə, ASC-nin zərəri hesabına güzəşt tətbiq edilsin. Həmin qərarın 3-cü bəndinə görə, bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən ASC-dən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin. Həmin qərarın 3-1-ci bəndinə görə, 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən ASC-dən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin. Qərarın 4-cü bəndinə görə, bu qərarın 2-ci, 3-cü və 3-1-ci hissələrində nəzərdə tutulan kənd təsərrüfatı texnikasının, suvarma sistemləri dəstinin və avadanlığının güzəşt məbləği çıxıldıqdan və qalıq dəyəri tam ödənildikdən sonra həmin texnika, suvarma sistemləri dəsti və avadanlığı kənd təsərrüfatı məhsulları istehsalçılarının mülkiyyətinə verilsin. Qeyd olunan qərarın tələblərindən göründüyü kimi, lizinq müqaviləsinin predmetini təşkil edən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Lakin apellyasiya araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh, onunla ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1213-L/13 nömrəli “Lizinq müqaviləsi” üzrə ödənilməli olduğu 7.500 manatdan cəmi 860 manat, xx.xx.2013-cü il tarixli 1120-L/13 nömrəli “Lizinq müqaviləsi” üzrə ödənilməli olduğu 31.600 manatdan isə cəmi 3.160 manat, sonradan isə hər iki müqavilə üzrə cəmi 50 manat pul ödəmişdir. Odur ki, göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehə münasibətdə qeyd edilən güzəştlərin tətbiq olunması üçün əsaslar yoxdur. Cavabdeh apellyasiya şikayətində göstərdiyi kimi 4.930 manat məbləğində pulu ASC-yə ödəmiş olsaydı belə, həmin məbləğ də qeyd olunan güzəştlərin tətbiq edilməsi üçün yetərli məbləğ deyil. Belə olan halda hesab edilməlidir ki, cavabdehin bu dəlili də əsaslı deyil. Apellyasiya şikayətində bir başa qeyd edilməsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh, ondan iddiaçı ASC-nin xeyrinə 1.000 manat məbləğində cərimənin tutulmasından da narazıdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, ASC ilə cavabdeh arasında bağlanmış müqavilələrdən görünür ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə ASC cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan cərimənin məbləğinin azaldaraq 1.000 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Çünki bu nəticə iş üzrə tərəflərin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğundur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7333/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7333/2020
30.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver