Məhkəmə qərarları › İş №2(103)-7335/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7335/2022

28.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7335/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(001)-1966/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona hədiyyə edilmiş, içərisində bir ədəd boyunbağıdan, bir ədəd sırğadan, bir ədəd qolbaqdan, bir ədəd badam formalı üzükdən ibarət olmaqla, ümumi qızıl çəkisi 25 qram olan Türkiyə istehsallı, 585 əyarlı ətrafı brilyant qaşlarla bəzədilmiş, ümumi dəyəri 3400 manat olan bir dəst komplektinin (qarniturun) naturada özünün yaxud dəyərinin alınıb ona verilməsi, həmçinin ödədiyi 54 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(001)- 1966/2022 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin olunmuş, xx.xx.2022-ci il tarixli reyestrlə qətnamə cavabdehlərə göndərilmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə qətnamədən verdiyi apellyasiya şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(001)-1966/2022 saylı qərardadı ilə qaytarılmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə verdiyi şikayət isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(001)-1966/2022 saylı qərardadı ilə qaytarılmışdır. Bundan sonra, birinci instansiya məhkəməsi icra vərəqəsi verərək qətnaməni icraya yönəltmişdir. Cavabdehlər xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə dəftərxana vasitəsilə apellyasiya şikayətləri vermiş, həmin şikayətlər baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Baxılan işdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixli reyestrlə tərəflərə göndərilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh2, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli və 16 avqust 2022-ci il tarixli qərardadları ilə apellyasiya şikayətləri qaytarılmış, bundan sonra yenidən apellyasiya şikayətləri təqdim olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi sonradan verilmiş apellyasiya şikayətləri üzrə prosessual müddətlərin ötürülüb-ötürülməməsini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə qiymət verməmişdir. Çünki, apellyasiya şikayətinin daha əvvəl digər əsasla qaytarılması prosessual müddətin axımını dayandırmır və tərəf məhz müəyyən olunmuş müddət ərzində qanunla müəyyən olunmuş formada və qaydada şikayət verməyə haqlıdır, əks halda buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməlidir. MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi isə MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bununla yanaşı, apellyasiya şikayətləri qanunla müəyyən edilmiş qaydada və formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən isə, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-in 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. MPM-nin 361.1.4-361.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Apellyasiya şikayətləri isə MPM-in qeyd olunan normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya şikayətləri qanunla müəyyən olunmuş elektron qaydada verilməmiş, həmçinin müəyyən edilmiş formada (Əlavə 2) tərtib olunmamışdır. Yəni 2 saylı Əlavədə göstərilən bir çox zəruri hissələr şikayətdə öz əksini tapmamışdır (maddi və prosessual hüquq normalarının pozulmasına dair konkret dəlillər, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və s.). MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (Apellyasiya şikayətinin məzmunu) tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bununla yanaşı qeyd edilməlidir ki, MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Hazırkı halda isə cavabdehlər tərəfindən verilmiş şikayətlər qanunvericiliyin tələblərinə uyğun qaydada və məzmunda verilməməklə yanaşı, şikayətlərdə apellyasiya şikayəti verən şəxslə həmin şikayəti imzalayan şəxs eyni olmamaqla, şikayəti imzalayan şəxsin bunun üçün səlahiyyətini təsdiq edən sənədlər də iş materiallarına əlavə olunmamışdır. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətlərin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(001)-1966/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar