Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7344/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsi 30 oktyabr 2023-cü il tarixli qərardad (hakim T.Xəlilova, 2(004)-5554/2023 nömrəli iş üzrə) qəbul edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinin hazırki məhkəməyə verilməsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) “iddiaçının seçməsinə görə aidiyyət” adlanan 36-cı maddəsinin 13-cü bəndi ilə əsaslandırmışdır. Lakin istinad olunan maddədə ümumiyyətlə əmək haqqı tələbinə dair iddianın iddiaçının seçiminə görə yaşadığı yer üzrə məhkəməyə verilməsi halı nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı öz yaşayış yeri üzrə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Həmin qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia ərizəsi birinci instansiya məhkəməsinin hakiminin icraatına daxil olan gündən, yəni 23 oktyabr 2023-cü il tarixdən 5 gün müddətində, yəni 27 oktyabr 2023-cü il tarixədək ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmadığı üçün qəbul edilmiş sayılmalı idi. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmış, nəticədə MPM-in 151-ci maddəsinin 3-cü hissəsinin imperativ tələbini pozmuşdur. Belə olan halda qərardad prosessual hüquq normalarının pozulması ilə qanunsuz qəbul olunmuşdur. Odur ki, 30 oktyabr 2023-cü il tarixli qərardad ləğv edilməli və qeyd olunan maddənin tələbinə əsasən iddia ərizəsi birinci instansiya məhkəməsində qəbul edilmiş sayılaraq mahiyyəti üzrə baxılması üçün qaytarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən 14 noyabr 2023-cü il tarixli qərardad qəbul edilərək, şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi 23 oktyabr 2023-cü il tarixdə (bazar ertəsi) məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonrakı gündən başlanaraq 5 günlük müddət, yəni müddətin sonuncu günü – 28 oktyabr 2023-cü il tarixi qeyri-iş günü olan şənbə gününə təsadüf etdiyindən, məhkəmə qərardadı növbəti iş günü, yəni 30 oktyabr 2023-cü il tarixdə, bazar ertəsi günündə qəbul edilmişdir. Beləliklə müddətin son günü qeyri-iş gününə düşdüyündən, ondan sonrakı iş günü yəni, 30 oktyabr 2023-cü il tarixi müddətin qurtarma günü hesab olunur və müddət ötürülmüş hesab edilmir. Bakı Apellyasiya Məhkəməsi şikayəti mümkün hesab edərək, icraata qəbul etmişdir. İddiaçı 21 və 30 noyabr 2023-cü il tarixlərdə “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsilə apellyasiya instansiyası məhkəməsinə şikayətə əlavələr təqdim etmişdir. Şikayətə əlavələr əvvəlki şikayətin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq MPM-in 128-ci və 129-cu maddələrin iddia ərizəsinin məhkəmə icraatında MPM-in tələblərinə riayət edilməsi ilə verilməsi məsələsinin baxılması müddətinə və müddətin axınına tədbiq edilməsinin əsassız olması qeyd edilmişdir. Bununla yanaşı iddiaçı məhkəməyə 20 noyabr 2023-cü il tarixli vəsatətlə müraciət edərək, iddiasının kiçik iddialar növünə aid olmadığı üçün şikayətinə şifahi qaydada onun və ya nümayəndəsinin iştirakı ilə baxılmasını xahiş etmişdir. Kollegiya bununla bağlı izah edir ki, mülki prosessual qanunvericilikdə yalnız kiçik iddialara dair işlərin deyil, həmçinin digər növ işlərin də yazılı icraat qaydasında baxılması təsbit olunmuşdur. Belə ki, MPM-in 397.2-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Odur ki, hazırki mülki iş üzrə şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyi üçün yazılı icraat qaydasında baxılmalıdır. Həmçinin qeyd olunan maddənin digər tələbinə görə məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Lakin işə məhkəmə iclasında baxılmasının zəruriliyi iddiaçının bu barədə ərizəsində əsaslandırılmadığı üçün kollegiya işə məhkəmə iclasında yox, yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Şikayətə münasibətdə isə məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Mülki iş materiallarından müəyyən edilir ki, hazırki iddia tələbi hüquqi şəxsə qarşı qaldırılmışdır. Həmin hüquqi şəxs, yəni Cavabdeh ünvan 1 ünvanında rəsmi olaraq qeydə alınmışdır (əsas – “Elektron məhkəmə” İnformasiya Sistemindən çıxarış). Bununla yanaşı iş üzrə ümumi qaydadan fərqli ərazi aidiyyətinin nəzərdə tutulmasına əsas verən hallar (iddiaçının seçiminə görə aidiyyət, müqavilə və s.) mövcud olmamışdır. Belə olan halda iddiaçı cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə yox, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə ərazi aidiyyəti qaydalarını pozmuşdur. MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, birinci instansiya məhkəməsinin hakimi ərazi aidiyyətinin pozulduğu üçün iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. İddiaçı isə şikayətin dəlillərində MPM-in 151.3-cü maddəsinə əsaslanaraq iddia ərizəsinin daxil olduğu gündən 5 gün müddətində qaytarılmadığı üçün qəbul edilməli olduğunu qeyd etmiş, bu səbəbdən də mülki işin cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində yox, hazırki məhkəmədə baxılmasını tələb etmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-cü maddəsinin tələblərinə görə məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Qeyd olunan maddələri təfsir etdikdə belə nəticəyə gəlmək olar ki, mülki prosessual qanunvericilik iddia ərizəsi verilərkən, onun MPM-in tələblərinə uyğun olub-olmamasını araşdırmaq üçün 5 gün müddət müəyyən etmişdir. Həmin müddət ərzində birinci instansiya məhkəməsi iddia ərizəsinin mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə verildiyini müəyyən edib qəbul etməli, yaxud mülki prosessual qanunvericilikdə əks olunmuş hallara əsaslanaraq qaytarmalı və ya qəbul etməkdən imtina etməlidir. Göstərilən müddət ərzində həmin prosessual hərəkətlər edilmədikdə isə iddia ərizəsi icraata götürülmüş hesab edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, iddia ərizsəi birinci instansiya məhkəməsinə 23 oktyabr 2023-cü il tarixdə daxil olmuş, 30 oktyabr 2023-cü il tarixdə isə geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, prosessual hərəkətlər MPM ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (MPM-in 128.1 və 128.2-ci maddələri). Hazırki mülki işdə iddia ərizəsi birinci instansiya məhkəməsinə 23 oktyabr 2023-cü il tarixdə daxil olduğu üçün 5 günlük müddət axını hadisənin baş verməsindən sonrakı gündən, yəni 24 oktyabr 2023-cü il tarixdən başlanmışdır. 24 oktyabr 2023-cü il tarixdən başlanan 5 günlük müddət axını isə 28 oktyabr 2023-cü il tarixdə sona çatmalı idi. Lakin 28 oktyabr 2023-cü il həftənin şənbə gününə, yəni qeyri-iş gününə düşdüyü üçün, müddətin qurtardığı gün sonrakı iş günü, yəni 30 oktyabr 2023-cü il hesab olunmalıdır. Belə ki, MPM-in 129.2-ci maddəsinə görə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Belə olan halda birinci instansiya məhkəməsi 30 oktyabr 2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etməklə mülki prosessual qanunvericiliyin müəyyən etdiyi 5 günlük müddəti ötürməmişdir. İddiaçının apellyasiya şikayətinə əlavəsində qeyd edilən dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması prosessual hərəkətdir. Prosessual hərəkətlər isə MPM ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-də müddət axının başlanılması və sona çatmasını tənzimləyən müddəalar həmin Məcəllənin 128 və 129 maddələrində öz əksini tapır. Belə olan halda birinci instansiya məhkəməsi MPM-in 128 və 129-cu maddələrinə əsaslanaraq 30 oktyabr 2023-cü il tarixli qərardadından verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Odur ki, kollegiya hesab edir ki, şikayətdə göstərilən hallar birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və MPM-in 10.8-1, 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r v e r d i: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7344/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7344/2023
01.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver