Məhkəmə qərarları › İş №2(103)-7351/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7351/2021

23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7351/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdehn iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-573/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 27.04.2014-cü il təvəllüdlü X7 və 20.08.2015-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanması üçün Sabunçu rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment üzrə 2020-ci ilin may ayının 11-dək yaranmış 3840 manat aliment borcundan azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 29 iyun 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 27 aprel 2014-cü il təvəllüdlü Nuray və 20 avqust 2015-ci il təvəllüdlü Sunay adlı iki uşaqları var. Sabunçu rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması və uşaqlarının Ruhanə Sadıqovanın yanında qalması qət edilmişdir. Daha sonra Sabunçu rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ilə uşaqlarının saxlanması üçün ondan Cavabdeh xeyrinə hər uşağa görə 154 manat, cəmi iki uşağa görə 308 manat alimentin tutulması və Sunay adlı uşaqlarının 3 yaşına çatanadək hər ay 50 manat alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli qətnaməsi ilə nüəyvən edilmiş aliment miqdarı dəyişdirilərək, ondan Cavabdeh xeyrirə hər ay hər uşağa görə 160 manat, cəmi iki uşağa görə 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə 15.07.2019-cu il tarixdə icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Lakin bununla bağlı onu icra məmuru icra şöbəsinə dəvət etməmiş və ondan alimentin ödənilməsi tələb olunmamışdır. Ondan alimentin tələb olunmamasının səbəblərini aşağıda göstərilənlərə əlaqələndirir. Həmin səbəblərlə bağlı arqumentləri aşağıdakılardan ibarətdir. Qanunvericiliyin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment borcunun yarandığı dövr üçün onların birlikdə (Maştağa qəsəbəsində) yaşamaqlarına dair kifayət qədər sübutları var. Uşaqlarının Bigəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində təhsil alır. Sunay adl uşaqları həmin internat məktəbinə 06.03.2019-cu ildə, Nuray adlı uşaqları isə 15.09.2019-cu ildə qəbul edilmişdir. Uşaqlarının həmin məktəbə aparılıbgətirilməsi üçün sürücü təşkil etmiş və həmin sürücü yaşadığı evin qonşuluğunda yışayır. Yaşadıqları evdə uşaqlarınn doğum günü məclisi təşkil olunmuş və həmin məclisdə cavabdehin özü anası və digər yaxın tanışlar iştirak etmişdir. Bundan başqa foto şəkillər vardır. Cavabdeh özü hazırda Ramana qəsəbəsində anasının yanında yaşayır və məhz onlar birlikdə yaşadıqları müddətdə uşaqları Bilgəh qəsəbəsindəki məktəbə qəbul edilmişdir. Hazırda yaşadığı evdə cavabdehə məxsus hər hansı bir əmlak yoxdur. Cavabdehlə nikahları pozulduqdan bir müddət sonra barışaraq birlikdə yaşamışlar və o 2020-ci ilin may ayının 11-də uşaqları ilə birlikdə özünə məxsus bütün əşyalarını götürərək anasının yaşadığı evə köçmüşdür. Nikahları pozuİduqdan bir müddət sonra cavabdehlə birgə yaşadıqları dövrdə uşaqlarının məktəbə qəbul edilmələri barədə rəsmi müraciəti cavabdeh özü etmişdir. Belə ki, onların nikahları pozulduğuna görə uşaqlarının məktəbə qəbul edilmələri barədə məhz cavabdeh tərəfindən müraciətin edilməsi tələb olunurmuş. Çünki uşaqların təhsil aldığı məktəb internat məktəbi olduğundan orada yalnız imtiyazlı ailələrin uşaqları təhsil ala bilər. Məhz onların nikahları poqulduğundan, uşaqları analarının yanında qaldığından, internat məktəbi bu səbəbləri əsas gətirərək uşaqlarını məktəbə qəbul etmişlər. Cavabdeh 2020-ci ilin may ayının 11-də evdən çıxıb getdikdən sonra məhkəməyə müraciət etmiş və qətnamənin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Yuxarıda qeyd etdiyi kimi qətnamə 16.05.2019-cı il tarixdə çıxarılmasına baxmayaraq 2020-ci ilin may ayının 11-nə dək ondan aliment borcunun ödənilməsini tələb etməmişdir. Qətnamə çıxarıldıqdan sonra icraya yönəldilsə də, ondna aliment tələb olunmurmuş. Çünki onlar birlikdə yaşayırmışlar və uşaqlarının bütün tələbatalarını, eyni zamanda cavabdehin özünün də təlabatlarını lazımi şəkildə yerinə yetirirmiş. Cavabdeh qətnamənin yenidən icraya yönəldilməsini isə ona görə xahiş etmişdir ki, o əvvəl icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə vermiş və icra sənədi məhkəməyə geri qaytarılmışdır. Məhz 2020-ci ilin may ayının 11-də evdən çıxıb getdikdən sonra qətnamənin yenidən icraya yönəldilməsi barədə məhkəməyə ərizə vermişdir. Daha sonra icra məmuru onu icra şöbəsinə dəvət etmiş və aliment borcunun olduğunu ona bildirmiş və o, cavabdehin evdən çıxıb getdiyi tarixdən sonra yaranan və davam edən alimenti ödəməyinə etiraz etmədiyini bildirmişdir. Hazırda onun həmin dövr üçün aliment borcu 3840 manat təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-573/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şiakyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, onlar 2019-cu ilin may ayından 2020-ci ilin may ayınadək birlikdə yaşamışlar və bu müddət ərzində iddiaçı uşaqların ehtiyaclarını ödəmış, uşaqlarına baxmış və zəruri xərclərini iddiaçı qarşılamışdır. Lakin cavabdeh şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qətnaməsində görünür ki, X6 ilə İddiaçı arasında 29 iyun 2013-cü il tarixdə bağlanmış nikahın pozulması, 27 aprel 2014-cü il təvəllüdlü X2 və 20 avqust 2015-ci il təvəllüdlü X3 anaları X1 himayəsində qalmaları qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, X4 08.02.2018-ci il tarixdən başlayaraq, 27.04.2014-cü il təvəllüdlü X2 və 20.08.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment və 20.08.2015-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-3297/2019 saylı 16 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli, 2(008) 2354/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, İddiaçı 27.04.2014-cü il təvəllüdlü X2 və 20.08.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh xeyrinə ödənilməsi, alimnetin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin 13 iyul 2020-ci il tarixli 128 saylı arayışından görünür ki, 27.04.2014-cü il təvəllüdlü X7 valideyn (ana) Rühanə Hacıyevanın 15.09.2019-cu il tarixli ərizəsinə əsasən, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin məktəbəqədər hazırlıq sinfinə, 20 08.2015-ci il təvəllüdlü X8 isə 06.03.2019-cu il tarixli ərizəsinə əsasən internat məktəbin nəzdində olan X9 qəbul edilmişdirlər. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməmiş hissəsindən və müəyyən müddətə həmin aliment öhdəliyindən azad edilmədən ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödəməli şəxsin aliment borcunun ödənilməsindən tamamilə və ya qismən azad edilməsi imkanı nəzərdə tutulmuşdur. Qanunverici bu imkandan yararlanmaq üçün şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəlməsi və aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinə görə bu borcları ödəmək iqtidarında olmaması hal(lar)ından aslı etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər uşaqları ilə birlikdə 2019-cu ilin may ayından 2020-ci ilin may ayınadək birlikdə yaşamışlar və bu müddət ərzində iddiaçı uşaqların ehtiyaclarını ödəmış, uşaqlarına baxmış və zəruri xərclərini qarşılamışdır. Bu halı cavabdeh də bildirməklə, faktiki olaraq iddia tələbini etiraf etmişdir. Buna görə də kollegiya hesab edir ki, iddiaçının aliment borcundan azad edilmə barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri mövcud olduğu hallarda aliment borcu olan şəxsin həmin borcdan tamamilə və ya qismən azad edilməsi tələbinin təmin edilməməsi şəxsin məhkəmə müdafiə və qanuni gözlənti hüquqlarını pozmaqla yanaşı, ailə qanunvericiliyin sözügedən müddəasının deklarativ xarakterli olmasına dəlalət edərdi. Nəzərə alınmalıdır ki, Konstitusiyada valideynlərin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək vəzifəsi təsbit edilməklə yanaşı, qanunvericilikdə bundan istisna hallarının hüdudları da müəyyən edilmişdir. Lakin xüsusi diqqət yetirilməlidir ki, bu istisnalar qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin qaydanın mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə isə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-573/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə tələbi”nə dair iddiası təmin olunsun. İddiaçı 27.04.2014-cü il təvəllüdlü X7 və 20.08.2015-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanması üçün Sabunçu Rayon Məhkəməsinin 2(008)-3297/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment üzrə 2020-ci ilin may ayının 11-dək yaranmış 3840 (üç min səkkiz yüz qırx) manat aliment borcundan azad edilsin. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar