Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7360/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiyaşikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada 6.000.000 manat mənəvi zərərə görə kompensasianın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, vurulmuş mənəvi zərərin əvəzi kimi 6000 manatın Cavabdeh1 MMC-dən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi kimi 5 manatın Cavabdeh1 MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın Cavabdeh1 MMC-yə münasibətdə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddiaçının arvadı və qaynanasının ölümü nəticəsində mənəvi sarsıntıya məruz qaldığını təsdiq etsə də, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilən şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, digər şəxs də ola biləcəyinə dair, həmçinin şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola biləcəyinə dair müddəalarını diqqətdən kənar qoyaraq, qaynananın (yad bir şəxs deyil) idddiaçının qohumu olduğunu, arvadının anası olsa da, ona da ana kimi olmasını, tez-tez onlara gəlməsini, hadisə baş verəndə belə arvadı ilə birlikdə gəlmələrini, bütün bunların aralarında sıx bağlılıq olmasına sübut olmasını nəzərə almadan, ona münasibətdə iddianı təmin etməməklə maddi hüquq normalarını pozmuşdur. Digər tərəfdən, məhkəmə, arvadı Emilya Verdiyevanın ölümünə görə ona vurulmuş mənəvi zərərin həcmini 6000 manat həddində müəyyən etmişdir. Lakin məhkəmə niyə məhz həmin məbləği təyin etməsini əsaslandırmamış, onların 21 illik evlilik həyatını, aralarındakı bağlılığı, arvadının ölümündən sonra yenidən nikaha girmədiyini, hər gün onun yoxluğunu hiss edərək, davamlı mənəvi sarsıntı, əzab və iztirab keçirməsini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə,Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə, Cavabdeh1 MMC-də sürücü işləmiş X2 Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdə qeyd olunmuşdur ki, ...X14 xx.xx.2010-cu il tarixdə, saat 05:45 radələrində idarə etdiyi Cavabdeh1 MMC-yə məxsus “Mercedes Benz C 4572” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusla Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşıyarkən Bakı-Qazax yolunun Hacıqabul rayonu Muğan kəndi yaxınlığından keçən 139,7-ci kilometrində, avtomobil icazə verilən sürət həddindən artıq sürətlə idarə etmişdir. ...“Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin və 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hərəkətə heç bir mane olmadığı, yolun sağ kənarında təmir üçün dayanmış və arxa işıqları yanılı vəziyyətdə olan X6 təmir etdiyi “Kamaz-5320” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan ...X7, X1 ...ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. X4 iddiaçının arvadı, X17 qızı isə qaynanasıdır. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Cavabdeh1 MMC, aşağıdakılara əsasən mülki hüquq pozuntusu (delikt) qaydaları çərçivəsində iddiaçı qarşısında məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci və 1099.2-ci maddələrinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, işəgötürən olaraq cavabdeh təşkilatın iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqa zidd olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə, zərəri vuran şəxsin cavabdehin işçisi olması və zərərin əmək funksiyalarının icrası zamanı yetirilməsi. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Kollegiya, xüsusilə vurğulayır ki, işəgötürənin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır (qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. MM, maddə 1097.3.) Yəni, bu halda işəgötürənin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki yuxarıda sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən hüquqi və ya fiziki şəxsin üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyini yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmiş və işəgötürən bu zərərdən məsul tutulmuşdur. Göründüyü kimi, işçi çalışdıran şəxsin məsuliyyəti öz nəzarət (hakimiyyət) sahəsində baş verən hadisələrə görə cavabdehlik əsasına söykənir (MM-in 1099.2-ci maddəsi). Yəni, hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyyatlılığı göstərmə öhdəliyini daşıyır. Belə ki, işçisini seçərkən, ona işi ilə əlaqədar təlimat verərkən və onun işinə nəzarət edərək yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi, eləcə də əmək şəraiti zərərin yaranmasına əlverişli olduğu halda işəgötürənin məsuliyyəti qaçılmazdır. Hazırkı işdə Cavabdeh1 MMC-nin mülki hüquqi məsuliyyətini yaradan və yuxarıda sadalanan şərtlər mübahisəsiz şəkildə müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 MMC-nin işçisi - X10 əməli, yəni Bakı istiqamətində hərəkətdə olarkən avtobusu yol şəraitinə uyğun sürətlə idarə etməli, hərəkət zamanı diqqətini daim dəyişməkdə olan yol-nəqliyyat şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, qarşıda yolun sağ tərəfində qəza və qabarit işıqları yanılı vəziyyətdə nəqliyyat vasitəsinin dayanmasını nəzərə alaraq əvvəlcədən onun sol yan tərəfindən təhlükəsizliyi təmin edən lazımi yan məsafəni təmin etməklə keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməməsi, bu hərəkətsizliyin “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 2ci hissəsinin 2-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hüquqazidd olması, bunun nəticəsində iddiaçının arvadı X4 və qaynanası X7 ölməsi, qeyd edilən hüquqa zidd əməllə zərər, yəni E.Verdiyeva və X.Həsənovanın ölümü arasında uyğun səbəbli əlaqənin olması, zərərin məhz əmək funksiyalarının icrası zamanı yetirilməsi Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə müəyyən edilmişdir. Məhkəmə, işin qeyd edilən faktiki halları ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmünün mövcudluğunu və Cavabdeh1 MMC-nin mülki hüquq pozuntusu törətməsinin mübahisələndirilmədiyini nəzərə alaraq, bu xüsusatlar üzrə əlavə araşdırma aparmağı zəruri hesab etmir. Kollegiya, bu qənaətə gələrkən hökm üzrə müəyyən edilmiş halların preyudusial əhəmiyyətini nəzərə alır. Belə ki, MPM-in 82.4-cü maddəsinə görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC iddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır və onun mənəvi zərər görə iddiaçıya təzminat ödəməsi üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X15 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, Kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Bu mövqe Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.” Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun qərarında da ayrı-ayrı halların, o cümlədən yaxın qohumların itirilməsi faktının mövcudluğu mənəvi zərərin vurulması qənaətinə gəlmək üçün əsas hesab edilir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı cinayət əməlindən zərərçəkmiş şəxs kimi iddia hüququ yalnız mərhum arvadına münasibətdə mövcuddur və onun ölümünə görə iddiaçıya vurulmuş mənəvi zərərin həcmi 6000 manat həddində müəyyən ediməlidir. Kollegiya rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki,Emilya Verdiyeva və Xanım Həsənova ölməsi faktı onların ailəsinə, o cümlədən yaxınlarına mənəvi zərər vurması qənaətinə gəlməsi üçün kifayət edir və bu faktın başqa sübutlarla təsdiqinə ehtiyac yoxdur. Ona görə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2020-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Qərarda, həmçinin qeyd olunmuşdur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə, onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətənmənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Göründüyü kimi, şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü halda, təkcə onun ailə üzvlərinin deyil, eyni zamanda yaxınlarının (o cümlədən dostlarının, tanışlarının) da ölmüş şəxslə səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, onun ölümündən həqiqətənmənəvi sarsıntı, əzab və iztirab keçirdikləri halda mənəvi təzminat tələb etmək hüquqları vardır. Bu baxımdan, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçını sırf qaynanası Xanım Həsənovanın hüquqi varisi olmadığı üçün onun ölümünə görə mənəvi zərərə məruz qalmadığı barədə qənaəti əsassızdır. Xanım Həsənova, iddiaçının qaynanası olmaqla, onun arvadı EmilyaVerdiyeva ilə eyni vaxtda Cavabdeh1 MMC-nin işçisinin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. İddiaçı ilə aralarında mənəvi bağlılıq, səmimi münasibət olmuş və iddiaçı, arvadı ilə birlikdə onun ölümü nəticəsində də mənəvi sarsıntı və iztirab keçirmişdir. Kollegiya bu qənaətə gələrkən, onu da nəzərə alır ki, əksi iş materialları ilə sübut olunmur. Belə ki, cavabdeh tərəfindən məhkəməyə bu halı təkzib edən və ya şübhə altına alan hər hansı sübut təqdim edilməmişdir. Kollegiya, mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən, Kollegiya, iddiaçının həm arvadının həm də qaynanasının eyni zamanda ölümünə görə keçirdiyi mənəvi iztirab və sarsıntıları, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsini, bunun üçün sərf olunan müddəti nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 9000 manat məbləğində pul tutulmalıdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2618/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdeh1 MMC-dən vuurlmuş mənəvi zərərin əvəzi kimi 9.000 (doqquz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7360/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7360/2020
07.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver