Məhkəmə qərarları › İş №2(103)-7364/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7364/2020

21.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7364/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nİzami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında xx xxxxx 2012-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının İ blok, 15-ci mərtəbə, ümumi sahəsi 81.88 kv.m olan 72 saylı mənzilin izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov, iş № 2(007)-3325/19) iddia təmin edilmiş və mübahisələndirilən müqavilə ləğv olunmuşdur. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov - sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)-1809/20) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xələfov, iş № 2(102)-4529/20) Cavabdeh kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə ümumi sahəsi 81,88 kvadrat metr olan 2 otaqlı 72 saylı mənzilinə dair xx xxxxx 2012-cı il tarixli müqavilə imzalanmış və müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin dəyəri hər kvadrat metr sahə üçün 400 manat müəyyən edilməklə, cəmi 81,88 kvadrat metr sahə üçün 32752 manat razılaşdırılmışdır. Müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 32752 manat məbləğində pul ödənilmişdir. Həmin müqavilə formal olaraq bağlanmışdır. Belə ki, X3 İddiaçı MTK-ya tikinti materiallarının (armatur) verilməsini təmin etməli idi. İddiaçı MTK isə həmin materialların qarşılığında Taley adlı şəxsin xahişi ilə Cavabdeh ilə müqavilə bağlayaraq sözügedən mənzili ona verməli idi. Sadəcə Taley adlı şəxs bildirmişdir ki, o, tikinti materiallarının verilməsini təmin edəcək və materialların əvəzi olaraq Cavabdeh ilə İddiaçı MTK arasında müqavilə bağlanacaq. Taley adlı şəxs həmin müqaviləni möhkəmləndirməkdən ötrü isə İddiaçı MTK tərəfindən Cavabdeh borcunun olmaması ilə bağlı maliyyə arayışı verilməsini xahiş etmişdir. Həmin maliyyə arayışı da Cavabdeh verilmişdir. Daha sonra Taley adlı şəxs tikinti materiallarının (armatur) İddiaçı MTK-ya verilməsini təmin etməmişdir. Belə olan halda MTK olaraq onlar Taley adlı şəxslə danışıb öz aralarında razılığa gəlmişlər. Belə ki, X1 Xametova olan borcunu özü qaytarmağa hazır olduğunu bildirərək, bu barədə Zakirə də məlumat verdiyini bildirmişdir. Bu halda materialların verilməsi təmin olunmadığı üçün aralarında olan sövdələşmə də qüvvədən düşmüşdür. Daha sonra Cavabdeh Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə şikayətilə müraciət edərək, MTK-nın onu mənzilinə buraxmadığını bildirmişdir. Bu zaman onlar xəbər tutmuşlar ki, Cavabdeh artıq Suraxanı Rayon Məhkəməsinə mənzilin və açarlarının təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia irəli sürmüş və məhkəmə tərəfindən iddiası təmin edilmişdir. Bu iddialarla bağlı hazırda məhkəmə mübahisəsi davam edir. Eyni zamanda, Cavabdeh Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində şikayəti araşdırılan zaman özü etiraf edərək bildirmişdir ki, həqiqətən də o, İddiaçı MTK-ya hər hansı bir formada ödəniş etməmişdir. X2 ona olan borcunun əvəzi olaraq mübahisəli mənzillə bağlı müqavilə bağlanılmışdır. Bu xüsusatlar isə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Əli İsgəndərov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında xx xxxx 2019-cu il tarixli qərarında öz əksini tapmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, X3 ondan 39.400 manat məbləğində borc pul almış, lakin borcun qaytarılmasında çətinlik çəkdiyinə görə təklif etmişdir ki, həmin borcun əvəzinə ona mənzil versin. Yəni, Taley borcunun əvəzinə İddiaçı MTK tərəfindən tikiləcək binada mənzil verəcəkdi, Taleyin də borcu ona ödənilmiş hesab ediləcəkdi. O, etiraz etməmişdir. Həmin gündən etibarən o, hər gün binanın tikintisi ilə maraqlanmış, gəlib-getmişdir. 2016cı ildə bina tikilib başa çatdırılmışdır, görmüşdür ki, camaat artıq təmir işlərinə başlayır, lakin onun mənzili hələ də özünə təhvil verilməmişdir. Buna görə MTK-ya mənzilin ona təhvil verilməsi barədə xahişlə müraciət etmiş, lakin MTK tərəfindən ona imtina cavabı verilmişdir. Bununla bağlı Suraxanı Rayon Məhkəməsinə iddia ilə müraciət etməli olmuşdur. Həmin məhkəmədə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. 2017-ci ildə müqavilə üzrə ona verilməsi vəd edilmiş mənzil nəyahət ki, özünə təhvil verilmişdir. 2018-ci ildə MTK-nın əməkdaşları onun mənzilinin qapısını sındıraraq mənzilini başqa bir sakinin istifadəsinə vermişlər. O, bununla bağlı prokurorluq orqanlarına da müraciət etməli olmuşdur. Lakin prokurorluqdan ona cavab verilmişdir ki, mübahisə ilə bağlı hazırda məhkəmə araşdırılması aparılır. 2019-cu ilin may ayında MTK müqavilənin etibarsız hesab edilməsi tələbi ilə ona qarşı iddia qaldırmış, sonradan iddiaçı iddiasının tələbini dəqiqləşdirərək ona qarşı pul tələbi irəli sürmüş, lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd olunmnasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MTK-nın ona qarşı olan bütün iddialarının əsassız və qanunsuz olması açıq-aydın görünsə də, məhkəmə mübahisə üzrə qətnamələri sadalamaqla kifayətlənmiş, lakin onlara hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinin tələblərinə əməl etməyərək maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Cavabdeh məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edərkən tərəflər arasında barışıq əldə olunması ilə bağlı vaxt verilməsi üçün ərizə ilə müraciət etmiş və məhkəmə kollegiyası bunu nəzərə alaraq məhkəmə iclasını xx.xx.2020-ci il tarixə təxirə salmışdır. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini təhbər tutaraq hazırkı məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisə predmeti Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə ümumi sahəsi 81,88 kvadrat metr olan 2 otaqlı 72 saylı mənzilidir. xx xxxxx 2012-cı il tarixdə həmin mənzilə dair İddiaçı MTK ilə Cavabdeh arasında dair müqavilə imzalanmış və müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin dəyəri hər kvadrat metr sahə üçün 400 manat müəyyən edilməklə, cəmi 81,88 kvadrat metr sahə üçün 32752 manat razılaşdırılmışdır. Müqavilənin 4.2-ci bəndində olan qeydə əsasən müqavilə məbləğini təşkil edən 32752 manat 100% miqdarında, yəni tam həcmdə İddiaçı MTK-ya ödənilmişdir. Hazırda iddiaçı, yəni İddiaçı MTK cavabdehin xx xxxxx 2012-cı il tarixli müqavilə üzrə hər hansı formada ödəniş etmədiyini, müqavilənin formal bağlandığını əsas gətirərək həmin müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və bu zaman cavabdeh tərəfindən MTK-ya hər hansı pay haqqının ödənilməməsinə, bununla bağlı MTK-nın ümumi yığıncağının keçirilməməsinə, cavabdehin kooperativ üzvlüyünə qəbul olunmadığına istinad etmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 109, 324, 342, 421-ci maddələri ilə əsaslandırmışdır. Əvvəlki apelyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı sayılsa da, kassasiya instansiyası məhkəməsi bununla razılaşmamış və apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi müvafiq göstərişlərlə yeni apelyasiya baxışına qaytarmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə işə apelyasiya qaydasında yenidən baxan MPM-nin 82.3, 233.3-cü maddələrini rəhbər tutmaqla başqa bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların hazırkı məhkəmə prosesində preyusidiallığını nəzərə almalı, eləcə də hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 421-ci maddəsini tətbiqini müzakirə etməlidir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri yerinə yetirərək və işin müəyyən edilən hallarını nəzərə alaraq iddianın təmin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin müəyyən edilmiş hallarından yanlış nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İşin hallarından göründüyü kimi, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilin açarı ilə birlikdə ona təhvil verilməsi barədə Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2016-cı il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə icra olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli digər qətnaməsi ilə isə İddiaçı MTK-nın Cavabdeh qarşı 10 000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İstinad edilən hər iki işdə tərəflər eyni olmuş, hazırkı işdə irəli sürülmüş hallar və faktlar həmin işlərə baxılarkən də irəli sürülmüş, lakin iddiaçının istinad etdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapmamışdır. Ona görə də, hüquqi müəyyənlik baxımından hazırkı işdə həmin halların və faktların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İşin həqiqi hallarından göründüyü kimi, T.Allahverdiyevin Cavabdeh qarşısındakı borc öhdəliyi hər üç tərəfin razılığı ilə MTK tərəfindən icra olunmuşdur. Belə olan halda Cavabdeh mənzilə görə pulu şəxsən MTK-ya ödəməməsi, MTK ilə Cavabdeh arasında mənzilin alqı-satqısına dair bağlanmış müqavilənin ləğvi üçün əsas ola bilməz. MTK Cavabdeh olan borc öhdəliyini icra etmiş, mənzilin dəyərini Cavabdeh tələb etmək hüququnu itirmiş, T.Allahverdiyevdən öhdəsinə götürdüyü 32752 manat dəyərində tikinti materialları olan armaturu, yaxud həmin pulu, ya da Cavabdeh olan 39400 manat borcu tələb etmək hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 431.2-ci maddəsinə görə kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Həmin Məcəllənin 431.3-cü maddəsinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “müqavilənin ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar