Məhkəmə qərarları › İş №2(103)-7367/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7367/2021

23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7367/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 və vəkili X4 iştirakı ilə, İddiaçı X6 cavabdeh 3 Nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-nə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh 3 Nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1243/2021 20.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun tutulması qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2.000.000 (iki milyon) manat mənəvi ziyana görə kompensasiyanın alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin əsas halları ondan ibarətdir ki, X7 idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X11 ölümünə zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, hökmdən görünür ki, X7,13 dekabr 2018-ciil tarixdə, saat 17:44-də texniki cəhətdən saz vəziyyətdə olan, yol vərəqəsi əsasında idarə etdiyi 173 saylı marşrut xətti üzrə işləyən “DAEWOO BC 212MA BC 212MA” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusu Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 1029 ünvanında yerləşən metronun “Koroğlu” stansiyasımı arxa hissəsindəki avtobusların son dayanacağı olan yerdə, saatda 20 km sürətlə dairəyə doğru hərəkət etdirib sola dönmə hərəkəti edən zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət elməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etmədən, yolun hərəkət hissəsini soldan sağa doğru çəpinə keçən piyada X12 avtobusun arxa sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunu sağyan tərəfdə dayanacaqda dayanmış avtobusa doğru sıxması nəticəsində, H.C.Əliyeva hər iki avtobusun arasında qalaraq ağciyərlərin kontuziyası, dalağın travmatik cırılması, periton arxası sahənin hematoması, hər iki qasıq və oturaq sümüklərinin qapalı qəlpəli yerdəyişmiş sınıqları, sol qalça tini nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə insanda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alrmş, həmin xəsarətlərdən H.C.Əliyeva 13 dekabr 2018-ci il tarixdə, saat 19:10 radələrinə 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. X5 13 dekabr 2018-ci il tarixdə saat 17:44 radələrində idarə etdiyi 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “DAEWOO BC 212MA” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Koroğlu” stansiyasının arxa hissəsində yol nəqliyyat hadisəsi törətməsini təsdiq edən ittihamedici hökm çıxarmışdır. Həmçinin hökmlə təsdiq edilmişdir ki, X8 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-nin sürücü olmuşdur. Qəza nəticəsində vəfat edən şəxs X13 iddiaçının anasıdır. O, metropolitendə işləyirdi. Ailəni dolandıran X13 iddiaçının anası olmuşdur. Anası işinə məsuliyyətsiz şəxslərin qurbanı olmüş və çox faciəli surətdə vəfat etmişdir. Göründüyü kimi hadisənin baş verməsi 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-nin sürücüsününəməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 29 oktyabr 2019- cu il tarixli hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-nin direktoru Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1243/2021 20.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları göstərərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı X1 iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlahiyətli nümayəndəsini və vəkili dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Suraxanı rayon Məhkəməsinin 2(010)-1243/2021 20.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, "xxxx" MMC-nin sürücüsü X7 idarə etdiyi “DAEWOO BC 212MA" markalı, Az ** TE *** dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan X9 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Nizami Rayon Məhkəməsinin 1(007)-315/2019 saylı, 29 oktyabr 2019-cü il tarixli hökmünə əsasən, X7, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirli bilinərək, 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırkı iddiaçı yol-nəqliyyat hadisəsi zamanı ölən X9 anasıdır və cinayət işi üzrə zərərşəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1-cı maddəsinə əsasən avtomobil nəqliyyatı ilə daşımalar yerinə yetirilərkən sərnişinlərin həyatına və ya sağlamlığına vurulmuş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri nəticəsində baş verdiyini sübut edə bilmədikdə, daşıyıcı vurulmuş zərərə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında hesab etmişdir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, "xxxx" MMC-nin sürücüsü X5 idarə etdiyi “DAEWOO BC 212MA" markalı, Az ** TE *** dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozması nəticəsində iddiaçının anası X13 ölmüşdür. Heç şübhəsiz ki, iddiaçı anasının ölməsi, yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Lakin, tələb üzrə mənəvi zərərə görə pul kompensasiyasının 2.000.000 manat məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən məbləğ cavabdehin əmlak vəziyyətinə uyğun deyil. Məhkəmə onu da vurğulayır ki, mənəvi zərərin təmin edilməsi, iddiaçının anasının vəfat etməsi nəticəsində çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə iddiaçıya təsəlli ola bilməsi üçün müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, "xxxx" MMCdən İddiaçı xeyrinə 10000 (on min) manat məbləğində mənəvi zərərə görə pul kompensasiyasının tutulmasını ağlabatan hesab edir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1243/2021 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar