Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-737/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh (Quba Regional “ASAN xidmət” mərkəzi Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: “bağışlama müqaviləsi, sübutetmə vəzifəsi, mübahisələndirilən əqdlər, ağır şərtlərlə bağlanmış əqd”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Kübar qızının və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2024 saylı, 23 yanvar 2024cü il tarixli qətnaməsindən İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********67-05101-093001 reyestr nömrəli elektron çıxarışa əsasən, Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 49,7 kv.metrdən ibarət 11 nömrəli mənzili İddiaçı1 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş xəstəlik tarixinə və 25 iyul 2023-cü il tarixli arayışa əsasən, İddiaçı1 “uşaqlıq boynunun dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi” diaqnozu qoyulmuş, daha sonra xx.xx.2022-ci il tarixdə “uşaqlıq boynunun xərçəngi” diaqnozu dəqiqləşdirilmişdir. Xəstəyə konkurent kimyaradioterapiya məsləhət görülmüş, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək şüa müalicəsi aparılmış (xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixilərində monokimyaterapiya icra olunmuşdur), kafi vəziyyətdə sahə onkoloqunun nəzarətinə evə yazılmış, 2 ay sonra müraciət etməsi bildirilmişdir. Xəstəyə xx.xx.2023-cü il tarixdə KT simulyasiya aparıldıqdan sonra xx.xx.2023-xx.xx.2023-cü il tarixinədək konkurrent kimyaradioterapiya məqsədilə X1 (VMAT) metodu ilə 15 MV fotoşualarıyla çanaq nahiyyəsi regional limfa düyünlərinə birdəfəlik mənbə doza -1.8 Qr, cəmi mənbə doza – 45.0 Qr distansion çüa terapiya aparıldı. Müalicə yüksək doza gücü ilə HDRBt BMD-9.0 Qr, CMD-18 Qr boşluqdaxili braxiterapiya aparıldı. Həftəlik sispenza 64 mq, v/d 2 infuziya olunub (xx.xx.2023: xx.xx.2023)
3. Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-17 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, İddiaçı1 xx.xx.2020-ci il tarixli elektron çıxarışa əsasən tam mülkiyyətində olan Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilini qardaşının qızı - Cavabdeh bağışlamışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzili xx.xx.2023-cü il tarixdə Cavabdeh adına tam mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində elektron qaydada qeydiyyata alınmış və ona ********** nömrəli elektron çıxarış verilmişdir.
5. İddiaçı1 adına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.2023-cü il tarixdə xx.xx.2033-cü il tarixə kimi verilmişdir.
6. xx.xx.2024-cü il tarixli AZ-İİ 388264 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, İddiaçı1 xx.xx.2024-cü il tarixdə ağciyər ürək çatışmamazlığından Qusar şəhərində ölmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı1 (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdehı) (Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə iddiaçının xüsusi mülkiyyətindəki Qusar şəhəri, Zərifə Əliyeva (keçmiş Muxtadır) küçəsi, bina-92A, ünvanda yerləşən 49,7 kv.metrdən ibarət 11 nömrəli mənzilin Cavabdeh hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış, reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi və həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********67-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarış etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1951-ci il tarixdə Qusar rayonun Hil kəndində anadan olmaqla, hazırda əmək pensiyaçısıdır və uzun müddətdir ki, mülkiyyətində olan Qusar şəhəri, Zərifə Əliyeva küçəsi (əvvəllər Muxtadır küçəsi), bina 92 “A”-da yerləşən 11 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Həyat yoldaşı X2 1986-cı ildə vəfat etmiş, balaca qızı X3 da 2020-ci ildə onkoloji xəstəlikdən vəfat etmiş və həmin vaxt ona məxsus olan, hazırda yaşadığı mənzil də vərəsəlik əsasında onun mülkiyyətinə keçmişdir. Hazırda yaşayan yeganə övladı, qızı X4r ki, o, da Rusiya Federasiyasının vətəndaşı olmaqla Tolyatti şəhərində yaşayır. Vəfat etmiş qızı Sevinc Sahbazovadan vərəsəlik əsasında mülkiyyətinə keçən Qusar şəhəri, Zərifə Əliyeva küçəsi (əvvəllər Muxtadır küçəsi), bina 92 “A”-da yerləşən 49,7 kv.metrdən ibarət mənzil də DƏDRX-nin Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarış əsasında onun adına dövlət qeydiyyatına alınmıdır. Hazırkı iş üzrə Cavabdeh iddiaçının atabir, ana ayrı qardaşının qızıdır və Bakı şəhərində qeydiyyatda olub yaşamaqla bərabər, onun Qusar şəhərində də şəxsi həyət evi var və istirahət, bayram günlərində, eləcə də yay aylarında Qusarda olur. 2022-ci ilin dekabr ayında iddiaçı özünü pis hiss etdiyinə görə Qusar şəhərində yerləşən “OKİ” klinikasına getmiş və orada işləyən, çoxdan tanıdığı ginekoloq Tamara həkim iddiaçını müayinə edərək bildirmişdir ki, təcili olaraq Bakı şəhərinə Onkologiya Mərkəzinə müayinəyə getməlidir. Eləcə də məsləhət görmüşdür ki, onun da yaxından tanıdığı qardaşının qızı Cavabdeh çoxlu, eləcə də həmin Xəstəxanada tanışları var və Bakı Onkologiya Mərkəzinə də onunla getsin. Ona görə də iddiaçı, eləcə də Tolyatti şəhərində yaşayan qızı X7 Abdullayevaya telefonla zəng vurub xahiş etmişlər ki, bu məsələdə iddiaçıya kömək etsin. Sonra da Cavabdeh iddiaçını Bakı Milli Onkologiya Mərkəzinə aparmış və orada müayinədən keçərək xx.xx.2022-ci il tarixdə iddiaçıya “uşaqlıq boynunun dəqiqlədirilməmiş hissəsinin bədxassəli yeni törəməsi” diaqnozu qoyulmuşdur. Sonrakı günlərin bayramlara düşməsi ilə əlaqədar iddiaçıya bildirilmişdir ki, 2023-cü ilin ilk günü olan yanvarın 5-də həmin xəstəxanaya gəlib təcili müalicəyə başlasın. Ona görə də iddiaçı Qusar şəhərinə qayıtmış və 05 yanvar 2023-cü il tarixdə də Cavabdeh ilə Bakı Milli Onkologiya Mərkəzinə gedib müalicəyə başlamış, yanvarın 12-dən başlanaraq kimya terapiya, şüa vermə və iynələrin vurulması kimi müxtəlif müalicələr qəbul etmişdir. Lakin xəstəxanada gecələr qalmağa yer olmadıgına görə 25 yanvar 2023-cü il tarixə kimi hər gün gündüzlər müalicə qəbul edib, gecələr yatmaq üçün Cavabdeh evinə getmişdir. Cavabdeh iddiaçının xəstəxanaya gedib-gəlməyinə köməklik etmiş və yanvarın 25-nə kimi iddiaçı gecələr onun evində qalmış, sonra da stasionar qaydada xx.xx.2023-cü il tarixə kimi həmin xəstəxanada yatmaqla müalicə almışdır. Müalicə ilə əlaqədar bütün xərcləri, eləcə də nəqliyyat xərclərini də Tolyattidə yaşayan qızı Arzu Hüseynova cəkmişdir. İddiaçı qəflətən aşkar edilmiş onkoloji xəstəliklə əlaqədar özünü itirmiş, demək olar ki, şok vəziyyətdə idi və qardaşının qızı Cavabdeh başqa ümid edəcək heç bir yaxını yox idi. 2023-cü ilin yanvar ayının 5-dən başlanaraq Bakı Milli Onkologiya Mərkəzində müalicə alıb qardaşı qızının evində qaldığı vaxtlarda, Cavabdeh iddiaçıya demişdir ki, Qusar şəhərində yaşadığı evi ona verməlidir, əks halda müalicə vaxtı iddiaçının onun evində qalmağına imkan verməyəcək və xəstəxanaya aparmayacaq, müalicəsinə də heç bir köməklik etməyəcəkdir. O, da əli heç yana çatmadığına görə çarəsizlikdən və xəstəlikdən ölüm qorxusundan razılaşmışdır. Cavabdeh 16 yanvar 2023-cü il tarixdə xəstəxanada müalicə qəbul etdikdən sonra onu birbaşa Qusara gətirmiş və gecəni evində qalmışlar. Cavabdeh evə dair Çıxarış və digər bütün sənədləri iddiaçıdan götürmüş, iddiaçının şəxsiyyət vəsiqəsi də əvvəlcədən onda idi. 17 yanvar 2023-cü il tarixdə də iddiaçını Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə aparmış və mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən evini ona, yəni Cavabdeh bağışlamağına dair müqavilə bağlatdırıb ona imza etdirmiş və həmin gün də Bakı şəhərinə qayıdıb müalicəsini davam etdirmiş, iddiaçı yanvarın 25-dən martın 3-nə kimi də stasionar qaydada həmin xəstəxanada müalicədə olunmuşdur. Bunlardan xəbər tutan Tolyattidə yaşayan qızı Arzu Hüseynova 12 fevral 2023-cü il tarixdə Azərbaycana gəlmiş və gündüz vaxtlarında mütəmadi olaraq Bakıda xəstəxanada onun yanında olmuşdur. Onun qeydiyyata alınması ilə əlaqədar evin sənədlərini və şəxsiyyət vəsiqəsini istədikdə isə Cavabdeh onları verməkdən imtina etmişdir. Qızı iddiaçının yanından çıxıb gedəndən sonra da Zamira axşamlar xəstəxanaya yanına gələrək ona psixoloji təsirlər etməyə başlamış və evi qızına verməməyini-tələb edərək demişdir ki, “onsuz da Arzu Rusiyaya qayıdacaq, yenə də Zamiraya möhtac qalacaqsan.” Nəhayət fevralın 13-14 tarixlərdə cavabdeh Qusardakı evinin açarlarını onlara vermiş, şəxsiyyət vəsiqəsini və digər sənədləri isə qaytarmaqdan imtina etmişdir. Ona görə də iddiaçının qızı Arzu məcbur qalıb Qusarda başqa ünvana qeydiyyata düşmüş və evin qıfılını da dəyişdirmişdir. Mart ayının 3-də xəstəxanadan çıxdıqdan sonra iddiaçı qızı Arzu ilə Qusara qayıtmışlar. Məcbur qalıb şəxsiyyət vəsiqəsinin itirilməsi barədə polis şöbəsinə ərizə yazaraq yeni şəxsiyyət vəsiqəsi almış, 29 mart 2023-cü il tarixdə də Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə gedərək 17 yanvar 2023-cü il tarixli Bağışlama müqaviləsinin təsdiq olunmuş surətini götürmüş və Cavabdeh ilə əlaqə saxlayıb həmin müqavilənin ləğv olunmasına çalışsa da bir nəticəsi olmamış və qızı Arzu Azərbaycana gələndən sonra Cavabdeh onunla əlaqə saxlamaqdan imtina etmiş, hazırda da telefon zənglərinə cavab verməyərək onunla əlaqədən yayınır. Hazırda da iddiaçı qızı Arzu Hüseynova qızı ilə birlikdə ünvan 1 ünvanda yerləşən evində yaşayır. Və nəticədə də ona məlum olmuşdur ki, Cavabdeh ünvan 1 ünvanda yerləşən evini öz adına keçirib Çıxarış alaraq təcili satmaq, onu da evdən çıxartdırıb çölə atmaq istəyir. Halbuki, həmin ev onun yeganə yaşayış yeridir və başqa qalacaq yeri də yoxdur. Göründüyü kimi, Cavabdeh onun tənha vəziyyətdə qalıb onkoloji xəstəliyə tutularaq ağır vəziyyətə düşməyindən istifadə edərək, yeganə yaşayış yeri olan mənzilini ona bağışlamağı barədə Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində 17 yanvar 2023-cü il tarixli, 4Ə-87 qeydiyyat nömrəli Daşınmaz Əmlakın Bağışlaması müqaviləsini bağlatdıraraq ona imza etdirmiş və bununla yeganə yaşayış yerindən məhrum olmaqla onun özü üçün son dərəcə əlverişsiz şərtlərlə nəticələnən müqavilə, yəni ağır şərtli əqd bağlamağa məcbur olmuşdur.
9. Qusar Rayon Məhkəməsinin 2(029)-424/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əli Cəlilov ) iddia tələbi rədd edilmişdir.
10. İddiaçı qətnamədən apellyasya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1806/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qusar Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
12. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Guseinova (Şahbazova) Arzu Vaqif qızı ərizə verərək izahatında bildirmişdir ki, anası, yəni İddiaçı1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun ərizəsi əsasında Qusar rayon Notariat Ofisində 8V-12 reyestr nömrəli vərəsəlik işi açılmış və o, anasının vərəsəsi kimi tanınmışdır. Odur ki, iddiaçı olan mərhum anası İddiaçı1 hüquqi varisi kimi iddiaçının onunla əvəz edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərardadı ilə Guseinova (Şahbazova) Arzu Vaqif qızının ərizəsi təmin edilmiş, İddiaçı1 Cavabdeh, üçüncü şəxslər Quba Regional “ASAN” Xidmət Mərkəzi notariat Ofisinə və Daşınmaz Əmlakn Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə tərəflərdən biri olan İddiaçı1 öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyinə görə, xx.xx.2024-cü ildə ölmüş İddiaçı1 onun hüquqi varisi olan Guseinova (Şahbazova) Arzu Vaqif qızı ilə əvəz edilmişdir.
14. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, mərhum iddiaçı onun bibisi olmuşdur. Bibisinin iki övladı olmuşdur: Sevinc və (iddiaçının hüquqi varisi) Arzu. Arzu Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. Bibisi Sevinclə birlikdə yaşayırdı. Sevinc xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra bibisi tək qalmışdır. Bibisinə baxan olmamışdır. Bu səbəbdən bibisi hər il may ayından oktyabr ayına kimi Qusar rayonunda onlarla qalırdı, sonra isə Bakı şəhərinə gələrək onlarla birlikdə yaşayırdı. Bibisi xx.xx.2022-ci il tarixdə ona zəng edərək xəstəliyi barədə məlumat vermiş və o, bibisinə müalicəyə gedib-gəlməsində köməklik etmişdir. O, bibisindən maraqlanmışdır ki, Arzunun onun xəstəliyindən məlumatı var ya yox və bibisi ona demişdir ki, Arzunun xəbəri var, amma Azərbaycana gələ bilməyəcək. Daha sonra, yəni müalicə davam edən zaman bibisi Arzuya zəng edərək müalicə üçün 2.000 manat pul göndərməsini istəmiş, Arzu isə maddi imkanının olmadığını demişdir. Bundan sonra bibisi ona Qusardakı mənzilinin onun (cavabdehin) oğlu Sərxana verəcəyini bildirmiş, lakin o, bibisinə təklif etmişdir ki, bunun üçün Arzunun halallığını alsın. Sonradan bibisi ona demişdir ki, Arzu mənzilin Sərxana bağışlanmasına razıdır. xx.xx.2023-cü il tarixdə onlar Quba Regional “ASAN” Xidmət Mərkəzi notariat Ofisinə getmişlər və bibisi özünə məxsus mənzilə dair onunla “Bağışlama müqaviləsi” bağışlamışdır. Bundan sonra onlar Bakı şəhərinə qayıtmış və bibisinin müalicəsi davam etmişdir. xx.xx.2023-cü il tarixdə o, xəstəxanaya bibisinə baş çəkməyə gedəndə öyrənmişdir ki, Arzu anasını çıxarıb Qusara aparmışdır. xx.xx.2023-cü il tarixdə Arzu onun yanına gələrək mənzilin açarını ondan istəmiş və o, açarı Arzuya vermişdir. Arzu ondan mənzilə dair sənəd istəməmişdir. O, bibisinin müalicəsinə təxminən 5.000-6.000 manat xərc çəkmişdir. Bibisi mənzili ona bağışlayandan sonra da, mənzildə yaşamağa davam etmişdir. O, bibisini mənzildən çıxartmaq niyyətində olmamışdır. Bibisi öz mənzilini könüllü olaraq ona hədiyyə etmişdir və birmənalı olaraq əmindir ki, bibisi bu iddianı Arzunun təkidi ilə qaldırmışdır.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mənzilə dair iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə “Bağışlama müqaviləsi” bağlanarkən və həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” cavabdehin adına “Çıxarış” verilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Cavabdeh mübahisəli mənzili hədiyyə olaraq qəbul etməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq mənzili öz mülkiyyətinə keçirtmiş, hədiyyə verən olan bibisinə (iddiaçıya) həmin mənzildə yaşamasına və mənzildən istifadə etməsinə də maneçilik yaratmamış, iddiaçı ölənə kimi həmin mənzildə yaşamış və sərbəst olaraq mənzildən istifadə etmişdir. Bağışlama müqaviləsinin və “Çıxarışın” etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, rəsmi sənədlərlə və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırkı mübahisə üzrə bağışlama müqaviləsinin notarial qaydada bağlanmasına əməl edilmişdir. Mərhum iddiaçı mülkiyyətçi kimi sərəncam hüququndan istifadə etməklə, öz iradəsi ilə qardaşının qızı Cavabdeh mənzilini bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə əməl edilmiş, Cavabdeh bağışlanmış əmlakı qəbul etmiş və öz adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyatdan keçirmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzili üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.4, 337.1, 394, 399.1, 666.1, 667.1, 668.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Qətnamədən İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2248/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, “Bağışlama müqaviləsinin” və onun əsasında “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydin etibarsız hesab edilməsi üçün “hədiyyə verən” (iddiaçı) tərəf sübut etməlidir ki, həmin müqavilə verilən zaman o, ağır vəziyyətə olmuş, müqavilənin digər tərəfi – “hədiyyəni alan” (cavabdeh) bundan istifadə etmiş və nəticəsində “hədiyyə verən” həmin müqaviləni özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamışdır. Lakin işin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəf bu kimi halları sübuta yetirə bilmir. İddiaçı tərəfin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlardan bu kimi halların mövcud olması müəyyən edilməmişdir. Belə ki, “hədiyyəni alan” “hədiyyə verənin” qardaşının qızıdır; “hədiyyə verən” müqavilə bağlanan zaman onkoloji xəstə olsa da, onun sərbəst hərəkət etmək imkanı olmuş; o, özü hərəkətlərinin mənasını və nəticəsini dərk etmişdir. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iddiaçı tərəf iddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində öz mövqeyi həm də Mülki Məcəllənin 673.2.2ci maddəsinin tələbləri baxımından əsaslandıraraq “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsini və həmçinin ləğv edilməsini istəmişdir. Lakin iş materiallarından görünmüşdür ki, iş üzrə tərəflər arasında “Bağışlama müqaviləsi” artıq bağlanmış və bağışlama baş vermişdir. Bu səbəbdən də məhkəmə bağışlama barədə verilmiş vədin ləğvi və ya ondan imtinanın əsaslı olub-olmamasının müzakirəsini qeyri mümkün hesab etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə, Mülki Məcəllənin 152.4, 337.1, 339.1, 394, 399.1, 673.2.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 384, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
22. Qətnamədən İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2829/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarı ilə İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2248/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Qusar şəhəri, Zərifə Əliyeva (keçmiş Muxtadır) küçəsi, bina-92A, ünvanda yerləşən 49,7 kv.metrdən ibarət 11 nömrəli mənzil İddiaçı1 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzində İddiaçı1 “uşaqlıq boynunun dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi” diaqnozu qoyulmuş, daha sonra xx.xx.2022-ci il tarixdə “uşaqlıq boynunun xərçəngi” diaqnozu dəqiqləşdirilmişdir. Xəstəyə konkurent kimyaradioterapiya məsləhət görülmüş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şüa müalicəsi aparılmış (xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixlərində monokimyaterapiya icra olunmuşdur), kafi vəziyyətdə sahə onkoloqunun nəzarətinə evə yazılmışdır. İddiaçı müalicəsinin başlandığı 05 yanvar 2023-cü il tarixdən stasionar müalicəsinin başlandığı 25 yanvar 2023-cü il tarixə kimi 20 gün ərzində ambulator şəraitdə gündüzlər Onkologiya Mərkəzində müalicə olunmuş, gecələr isə cavabdehə məxsus evdə qalmış, cavabdeh iddiaçını xəstəxanaya aparıb evinə gətirmiş, iddiaçıya qulluq etmişdir. Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-17 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, İddiaçı1, onda yeni aşkar olunmuş onkoloji xəstəlikdən müalicə olunduğu vaxtda - mülkiyyətində olan Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilini Cavabdeh bağışlamış, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən həmin mənzil cavabdehin adına qeydə alınmışdır. Bundan xəbər tutan iddiaçının Rusiya Federasiyasının Tolyatti şəhərində yaşayan qızı Arzu Hüseynova 12 fevral 2023-cü il tarixdə Azərbaycana gəlmiş və gündüz vaxtlarında xəstəxanada iddiaçının yanında olmuşdur. İddiaçı1 yeni şəxsiyyət vəsiqəsi xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı1 xx.xx.2024-cü il tarixdə Qusar şəhərində ölmüşdür. Birinci instansiya məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə Guseinova (Şahbazova) Arzu Vaqif qızı mərhum anası - İddiaçı1 hüquqi varisi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində həmin halları göstərmiş, həmçinin qeyd etmişdir ki, müalicə ilə əlaqədar bütün xərcləri, eləcə də nəqliyyat xərclərini də Tolyattidə yaşayan qızı Arzu Hüseynova cəkmişdir. Qəflətən aşkar edilmiş onkoloji xəstəliklə əlaqədar özünü itirmiş, demək olar ki, şok vəziyyətdə olmuş və cavabdehdən başqa ümid edəcək heç bir yaxını olmamış, cavabdeh onun ağır vəziyyətindən istifadə edərək Qusar şəhərində yaşadığı mənzili ona verməsini, əks halda müalicə vaxtı evində qalmağına imkan verməyəcəyini və xəstəxanaya aparmayacağını, müalicəsinə də heç bir köməklik etməyəcəyini demiş, cavabdehin təklifini qəbul etməyə məcbur olmuş, cavabdeh 16 yanvar 2023-cü il tarixdə xəstəxanada müalicə qəbul etdikdən sonra onu birbaşa Qusara gətirmiş və 17 yanvar 2023-cü il tarixdə Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə aparmış və mülkiyyətindəki mənzilini cavabdehə bağışlamağına dair müqavilə bağlatdırmış, ona imza etdirmiş və həmin gün də Bakı şəhərinə qayıdıb müalicəsini davam etdirmişdir. Bununla yeganə yaşayış yerindən məhrum olmaqla onun özü üçün son dərəcə əlverişsiz şərtlərlə nəticələnən müqavilə, yəni ağır şərtli əqd bağlamağa məcbur olmuşdur. Ona görədə iddiaçı xüsusi mülkiyyətindəki mənzilin cavabdehə hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış 17 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi və həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019 və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar). Hazırki işdən göründüyü kimi, iddiaçı onda ankaloji xəstəliyin aşkar olunması nəticəsində ağır vəziyyətə düşməsini, şokda olmasını, cavabdehin onun bu vəziyyətindən istifadə etməsini, yəni mənzili ona verməsini, əks halda müalicə vaxtı evində qalmağına imkan verməyəcəyini, xəstəxanaya aparmayacağını, müalicəsinə heç bir köməklik etməyəcəyini deməsini, nəticəsində cavabdehin təklifini qəbul etməyə və özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olduğunu, ona dəqiq diaqnozun qoyulmasından qısa müddət sonra (cəmi 20 gün) mülkiyyətində olan mənzili cavabdehə iradəsinə uyğun olaraq bağışlamadığını bildirmişdir. İddiaçı həmçinin qızının Rusiya Federasiyasından 12 fevral 2023-cü il tarixdə Azərbaycana gəlməsindən sonra hazırkı iddianı qaldırmaq istəsə də, cavabdehin onlara maneçilik törətməsini, müvafiq sənədləri və onun şəxsiyyət vəsiqəsini vermədiyini, nəticədə xx.xx.2023-cü il tarixdə yeni şəxsiyyət vəsiqəsi aldığını qeyd etmiş, hazırkı iddianı da 13 aprel 2023-cü il tarixdə qaldırmışdır. İddia tələbini rədd etmək barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsi ilə razılaşmış apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, “Bağışlama müqaviləsinin” və onun əsasında “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydin etibarsız hesab edilməsi üçün “hədiyyə verən” (iddiaçı) tərəf sübut etməlidir ki, həmin müqavilə verilən zaman o, ağır vəziyyətə olmuş, müqavilənin digər tərəfi - “hədiyyəni alan” (cavabdeh) bundan istifadə etmiş və nəticəsində “hədiyyə verən” həmin müqaviləni özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamışdır. Lakin işin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəf bu kimi halları sübuta yetirə bilmir. İddiaçı tərəfin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlardan bu kimi halların mövcud olması müəyyən edilməmişdir. Belə ki, “hədiyyəni alan” “hədiyyə verənin” qardaşının qızıdır; “hədiyyə verən” müqavilə bağlanan zaman onkoloji xəstə olsa da, onun sərbəst hərəkət etmək imkanı olmuş; o, özü hərəkətlərinin mənasını və nəticəsini dərk etmişdir. İş üzrə tərəflər arasında “Bağışlama müqaviləsi” artıq bağlanmış və bağışlama baş vermişdir. Bu səbəbdən də məhkəmə bağışlama barədə verilmiş vədin ləğvi və ya ondan imtinanın əsaslı olub-olmamasının müzakirəsini qeyri-mümkün hesab etmişdir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, iddiaçının iddiada göstərdiyi dəlilləri mənzilin bağışlanılması barədə müqavilənin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu və əqdin digər tərəfinin də həmin dəlilləri təsdiq edən izahatı olduğu halda, apellyasiya məhkəməsinin həmin əqdin iddiaçının iradəsinə uyğun olması barədə mövqeyi düzgün olmamışdır. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh iddiaya qarşı etirazında iddiaçı tərəfindən mənzilin ona bağışlanmasının səbəbini iddiaçının ağır onkoloji xəstəliyə tutulmasından sonra ona 20 gün ərzində qulluq etməsi ilə, habelə əvvəllər də 3 il ərzində iddiaçıya baxıb qulluq etməysi ilə əsaslandırsa da, apellyasiya instansiya məhkəməsi ikinci halın mövcudluğunu, yəni əvvəllər iddiaçının qulluğa ehtiyacının olub-olmamasını, cavabdehin iddiaçıya nə kimi qulluq göstərməsini ümumiyyətlə araşdırmamış, bağışlama müqaviləsinin bağlanması zamanı isə iddiaçının xəstəliyi ilə bağlı ağır vəziyyətə düşməsinin cavabdeh tərəfindən də qəbul edilməsinə düzgün hüquqi qiymət verilməmişdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Sadalanan normalardan müəyyən olunduğu kimi, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh iddiaçıya qulluq etdiyini və onun müalicəsinə təxminən 5.000-6.000 manat xərc çəkməsini qeyd etməklə bağışlama müqaviləsinin bağlanmasında maraqlı olduğunu nümayiş etdirmişdir. Lakin bu halda da apellyasiya instansiya məhkəməsi tərəfindən, əqdin uydurma əqd olub-olmaması Mülki Məcəllənin 340.1-ci maddəsi baxımından yoxlanılmamış, həmçinin yoxlamanın nəticəsindən asılı olaraq cavabdehə çəkdiyi xərclərlə bağlı iddiaçının hüquqi varisinə qarşı ayrıca iddia ilə müraciət etmək hüququna malik olmasının izah edilməsi müzakirə olunmamışdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin maddi hüquqi normanın tələbinə görə də vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. Hazırkı işə baxan birinci instansiya məhkəməsi isə həmin maddi hüquq normalarının tələblərini pozaraq onları ümumiyyətlə tətbiq etməmiş, məhkəmə qətnaməsində də həmin hüquq normalarının adı belə çəkilməmiş, əksinə qətnamədə hazırkı işə tətbiq edilməli olmayan başqa hüquq normalarına istinad edilir. Belə ki, həmin hüquq normaları ümumi xarakterli olmaqla fiziki və hüquqi şəxslərin mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edib həyata keçirmələri, onların müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəst olmaları, Sərəncam hüququnun - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı olması, Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilələrin notariat qaydasında təsdiqlənməli olması, Müqavilənin bağlandığı andan qüvvəyə minməsi və tərəflər üçün məcburi olması hallarını, eləcə də Bağışlama müqaviləsinin bağlanması qaydalarını müəyyən edən ümumi normalardır ki, həmin hüquq normaları hazırkı iş üzrə iddiaçıya da aiddir və yalnız cavabdehin mənafeyinin müdafiə olunması üçün tətbiq oluna bilməz. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə, İddiaçı1 iddia tələbinin təmin olunmaması üçün sübut kimi, yalnız cavabdehin ifadəsinə, eləcə də mübahisə predmeti olan bağışlama müqaviləsinin bağlanması və mülkiyyət Çıxarışının verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyinə istinad olunmuşdur. Halbuki, mübahisə predmeti olan bağışlama müqaviləsinin bağlanması və mülkiyyət Çıxarışının verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halları iddia tələbinin əsası və predmeti deyildir. İş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz və ifadəsinə gəldikdə isə, cavabdeh tərəfindən xırda və formal istisnalar olmaqla iddia ərizəsində göstərilənlərə əsasən təsdiq edilir və qeyd olunur ki, iddiaçını bağışlama müqaviləsinin bağlanması üçün məcbur, eləcə də ona belə təklif etməmiş, xəstə olan iddiaçıya 3 il müddətində baxıb qulluq etmiş, 2022-ci ilin dekabr ayının axırlarında onu həqiqətən Milli Onkologiya Mərkəzinə aparıb müalicə etdirmiş, evində saxlamış və bütün müalicə xərclərini də özü çəkmişdir. Müalicə xərcləri 5-6 min manat təşkil etmiş, bunun 280 manatını Raziyənin qonşuları, 300 manatını da iş yoldaşları vermişlər. Raziyənin Tolyatti şəhərində yaşadığı qızı Arzuya zəng edib anasının müalicəsi üçün 2.500 manat pul istədikdə o, pulunun olmadığını bildirərək pul göndərməmiş və evi satmağı məsləhət bilmişdir. İddiaçı, ona baxdığı üçün evi bağışlama yolu ilə cavabdehə vermiş, bununla bağlı iddiaçıya heç bir təzyiq etməmiş və hədə-qorxu gəlməmişdir. Cavabdehin belə ifadə verməsi də təbiidir və onun hərəkətlərindən də belə görünür ki, iddiaçının xəstə vəziyyətindən istifadə edib ələ keçirdiyi evi geri qaytarmaq istəmir. İş üzrə yalnız cavabdehin ifadəsinə əsaslanıb qətnamə qəbul edən məhkəmə, iddia ərizəsində və iddiaçının məhkəmədə verdiyi ifadəsinə, eləcə də sübut kimi istinad etdiyi iddiaçının uşaqlıq boynunun dəqiqləşdirilmiş hissəsində bədxassəli yeni törəməsi kimi onkoloji xəstəlik aşkarlanması barədə Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən Çıxarışa, heç bir hüquqi qiymət vermir və iddiaçının belə bir ağır xəstəlik keçirməsini, məhz stasionar qaydada xəstəxanada müalicədə olduğu dövrdə Quba “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisində bağışlama müqaviləsi imzalaması faktlarına heç bir əhəmiyyət vermir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən Vəkil sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli 4/382- 572 №-li məktubu ilə də təsdiq edilir ki, “xx.xx.1951-ci il təvəllüdlü, Qusar şəhəri, Muxtadır, 92 A, mənzil-11 ünvanında qeydiyyatda olan xəstə İddiaçı1 ilk dəfə xx.xx.2022-ci il tarixində Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Milli Onkologiya Mərkəzində aparılan klinik, laborator, instrumental, histoloji müayinələrə əsasən xəstəyə “Uşaqlıq boynunun xərçəngi” diaqnozu qoyulmuş (Histoloji nəticə: yastı epitel hüceyrəli karsinoma), həkim-mütəxəssislər tərəfindən baxılmış, konkurent kimyaradioterapiya məsləhət görülmüş, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək şüa müalicəsi aparılmış (xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində monokimyaterapiya icra olunmuşdur), kafi vəziyyətdə sahə onkoloqonun nəzarətinə evə yazılmış, 2 ay sonra müraciət etməsi bildirilmişdir. Daha sonra xəstə Milli Onkologiya Mərkəzinə müraciət etməmişdir.” Göründüyü kimi mübahisə predmeti olan mənzilin iddiaçı tərəfindən cavabdehə hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış, reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi tərtib olunub imzalandığı vaxt, evin mülkiyyətçisi olan hədiyyə verən şəxs İddiaçı1 onkoloji xəstəlikdən Milli Onkologiya Mərkəzində stasionar qaydada müalicədə olmuşdur. Belə vəziyyətdə olan hədiyyə verən şəxsin psixoloji durumu da heç bir sübuta ehtiyacı olmayan açıq-aşkar haldır. Bundan başqa hazırkı iş üzrə iddia tələbi cavabdeh və ya başqa şəxslərin ifadələrindən asılı deyil və bir başa qanundan irəli gələn bir vəziyyətdir. Belə ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdin (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilməsi və eləcə də Mülki Məcəllənin 673.2.2-ci maddəsinə görə vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətlərinin bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişməsi halında hədiyyə verən şəxsin bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilməsi onların, hazırkı halda iddiaçının hüququdur. Və iddiaçının həmin hüquqdan məhrum olunması mülki qanunvericliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin qətnaməsində isə, qeyd olunan maddi hüquq normalarından bilavasitə hazırkı işə tətbiq edilməli olan Mülki Məcəllənin 339.1-ci və 673.2.2-ci maddələrinin adları belə çəkilmir, iş materiallarına həmin hüquqi normaların tələbləri baxımından qiymət verilmir, əksinə hazırkı işə tətbiq edilməli olmayan ümumi xarakterli maddi hüquq normalarına istinad edilir. İddia tələblərinin hüquqi əsasını da Mülki Məcəllənin 339.1 və 673.2.2-ci maddələri təşkil edir. İddiaçı yuxarıda qeyd olunduğu kimi, onda qəflətən aşkar edilmiş onkoloji xəstəliklə əlaqədar özünü itirmiş, demək olar ki, şok vəziyyətdə olmaqla qardaşı qızı Cavabdeh başqa burada ümid edəcək heç bir yaxını olmamış və cavabdehin evi ona verməyəcəyi halda müalicə vaxtı onun evində qalmasına imkan verməyəcəyindən, xəstəxanaya aparmayıb müalicəsinə də heç bir köməklik etməyəcəyindən qorxub çarəsizlikdən və xəstəlikdən ölüm qorxusundan, evinin Cavabdeh bağışlaması müqaviləsinə imza etməyə məcbur olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
26. Cavabdeh Kübar qızı və onun nümayəndəsi və vəkili Vəkil2 etiraz başlıqlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2829/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarının məzmunu ilə eyni olan müraciətində hazırki iş üzrə qətnamələrin çıxarılmasında təqdim edilən sübutlara yenidən obyektiv, qərəzsiz, hərtərfli və tam baxıldıqdan sonra hüquq normalarına müvafiq qanuni və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
27. Məhkəmə iclasında İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
28. Məhkəmə iclasında Cavabdeh Kübar qızı və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
29. 3-cü şəxs Quba regional "Asan Xidmət" mərkəzində Notariat ofisi məhkəməyə ünvanladığı məktubda iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edə bilməyəcəyi bildirilmiş və işə iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq digər üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi MPM-in 376.2-ci maddəsinə əsasən işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
30. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər:..673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı:
Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsasdır.
35. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
37. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
38. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
39. Məhkəmə tərkibi hesab edir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
40. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
41. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
42. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın rədd edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
43. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə aparmaqla mübahisəli mənzilə dair 17 yanvar 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarlı əqd olub-olmamasına hüquqi qiymət verilməlidir. Çünki mübahisənin qanuni həlli məhz həmin müqavilənin etibarlı olubolmamasından asılıdır.
44. Belə ki, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
45. Mülki Məcəllənin 339.1-ci maddəsində... habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilməsi nəzərdə tutulmuşdur. Hazırkı tələbin faktiki halları baxımından qanuni əsası kimi bu norma nəzərdən keçirilə bilərdi. Ancaq birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, yəni tətbiq edilməli olan həmin normanın hazırkı mübahisəyə tətbiq edilməsinin mümkünlüyü barədə heç bir hüquq dəyərləndirmə aparmamışdır. Belə ki, iddiaçı onda ankaloji xəstəliyin aşkar olunması nəticəsində ağır vəziyyətə düşməsini, şokda olmasını, cavabdehin onun bu vəziyyətindən istifadə etməsini, yəni mənzili ona verməsini, əks halda müalicə vaxtı evində qalmağına imkan verməyəcəyini, xəstəxanaya aparmayacağını, müalicəsinə heç bir köməklik etməyəcəyini deməsi nəticəsində cavabdehin təklifini qəbul etməyə və özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olduğunu, ona dəqiq diaqnozun qoyulmasından qısa müddət sonra (cəmi 20 gün) mülkiyyətində olan mənzili cavabdehə iradəsinə uyğun olaraq bağışlamadığını, qızının Rusiya Federasiyasından 12 fevral 2023-cü il tarixdə Azərbaycana gəlməsindən sonra hazırkı iddianı qaldırmaq istəsə də, cavabdehin onlara maneçilik törətməsini, müvafiq sənədləri və onun şəxsiyyət vəsiqəsini vermədiyini, nəticədə xx.xx.2023-cü il tarixdə yeni şəxsiyyət vəsiqəsi alaraq hazırkı iddianı da 13 aprel 2023-cü il tarixdə qaldırmasını göstərməsinə baxmayaraq birinci instansiya məhkəməsi gəldiyi qənaət zamanı bu dəlilləri təkzib edəcək heç bir arqument də göstərməmişdir.
46. Belə ki, iddiaçı müqavilə bağlanarkən və cavabdehin adına mənzilə dair çıxarış verilərkən qanunvericiliyin əqdlərlə bağlı forma tələbinə əməl olunmadığını, eləcə də mənzildə yaşamasına və istifadə etməsinə cavabdehin maneçilik yaratdığını mübahisələndirməmişdir. Başqa sözlə müqavilənin etibarsızlığını həmin əsaslara görə tələb etməmişdir. Ancaq birinci instansiya məhkəməsinin mübahisə doğurmayan bu hallar üzrə hüquqi zərurət olmadan dəyərləndirmə aparsa da sanki iddia edilən halları da yoxlamış kimi davranaraq yekunda müqavilənin və çıxarışın etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün qanuni əsasların mövcud olmadığı qənaətinə gəlmişdir. Əlbətdə ki, bu cür qənaət ədaləti təmin edə bilməz. Çünki hələ mərhum iddiaçı sağlığında mübahisələndirdiyi bağışlama müqaviləsinin onun iradəsinə uyğun bağlanmadığını, yəni ağır vəziyyətə düşməsi və cavabdehin bundan istifadə etməsi nəticəsində bağlamağa məcbur olduğunu iddiasının məzmumunda bəyan etmişdir. Ona görə də cavabdehin mübahisəli mənzil üzərində əldə etdiyi mülkiyyət hüququ qanuni əsaslarla əldə edilmədiyindən toxunulmaz da hesab edilə bilməz və bu cür “hüquq” dövlət tərəfindən də müdafiə edilmir. 47.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə və iradə ifadəsi sərbəstliyi, əqdlərin etibarsızlığı, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq məqsədi ilə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
48. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilərək mərhum İddiaçı1 mülkiyyətində olmuş Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilinin Cavabdeh bağışlanmasına dair İddiaçı1 ilə Cavabdeh arasında Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-87 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və həmin mənzilə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilməli; iddia təmin edildiyindən iddia ərizəsinin, eləcə də apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ümumilikdə ödənilmiş 150 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızına ödənilməlidir.
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Mərhum İddiaçı1 mülkiyyətində olmuş Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilinin Cavabdeh bağışlanmasına dair İddiaçı1 ilə Cavabdeh arasında Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-87 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və həmin mənzilə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilsin. İddia təmin edildiyindən iddia ərizəsinin, eləcə də apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ümumilikdə ödənilmiş 150 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.