Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7371/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3510/2022 saylı işi üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla 386 manat, birgə nikahdan doğulmuş övladlarının üç yaşı tamam olanadək hər ay hər uşağa görə 100 manat olmaqla 200 manat, ümümilikdə 586 manat sabit pul məbləğində alıment tutularaq ona ödənilməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3510/2022 saylı işi üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 81, 84 və 102, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5, 234.2.1 maddələrinə, "Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununa "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa, istinadən) qismən təmin edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat, xx.xx.2021-ci il təvəllüdlü X6 və X5 3 yaşına çatana kimi hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat sabit pul məbləğində alımentin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulma müddəti 08 iyun 2022-ci il tarixdən hesablanması qət edilmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2020-ci i il tarixdə 2 saylı "Bakı Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından 2 övladları - xx.xx.2021-ci il təvəllüdlü X6 və X5 anadan olmuşdur (iş.səh.7-9). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(004)-3510/2022 saylı qətnaməsinin qismən təmin edildiyi hissəsini ləğv edərək, alimentin qazancın və başqa gəlirlərin 1/3 hissəsində tutulması, iddianın qalan hissəsinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 81.2, Mülki Prosessual Məcəllənin 188-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhərində olmadığını göstərmiş və məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə iclası təxirə salmamışdır bu səbəbdən təqaüdçü olmağı barədə arayışı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ən azından işin araşdırılması üçün tərəflərin maddi vəziyyətinin öyrənilməsi üçün bir dəfə təxirə sala bilərdi. Uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Lakin məhkəmə düzgün hüquqi qiymət verməmişdir.Onun hazırda 65 yaşı var, təqaüdçüdür, yalnız təqaüd hesabına dolanır və ayda 240 manat təqaüd alır. Belə olan halda qalan məbləği o, harda almalı və özü necə dolanmalıdır.Onun başqa gəliri olmadığından hesab edir ki, aliment təqaüdünün 1\3 hissəsi miqdarında tutulmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Сavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verməklə tərəflərin 2020-ci ilin avqust ayında evləndiklərini, uşaqlar doğulduqdan sonra iddiaçının çıxıb getdiyini, cavabdehin 65 yaşında olduğunu, 240 manat pensiya aldığını, qətnamə ilə müəyyənləşdirilən məbləği ödəmək imkanında olmadığını bildirmiş, alimentin cavabdehin təqaüdünün 1/3 hissəsi miqdarında tutulmasını, cavabdehin maddi vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 76, 77, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayənin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir, apellyasiya şikayətində qeyd edilən dəlillər valideynin övladı qarşısında olan vəzifələrinin daha yüksək səviyyədə həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.
8. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
9. Ailə Məcəlləsinin 76 və 78-ci maddələrinin tələblərinə görə: Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
10. Kollegiya qeyd edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 11.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3510/2022 saylı işi üzrə 30 avqust 2022-ci il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.