Məhkəmə qərarları › İş №2(103)-7375/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7375/2020

20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7375/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, X1 Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-1437/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş övladları---xx xxxxxx 2005-ci il təvəllüdlü Kərim Abdulməcid Rövşən oğlu, xx xxxx 2008-ci il təvəllüdlü Kərimli Sumeyya Rövşən qızı və xx xxxxxxx 2013-cü il təvəllüdlü Kərim İbrahim Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər xx xxxxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan xx xxxxxx 2005-ci il təvəllüdlü Kərim Abdulməcid Rövşən oğlu, xx xxxx 2008-ci il təvəllüdlü Kərimli Sumeyya Rövşən qızı və xx xxxxxxx 2013-cü il təvəllüdlü Kərim İbrahim Rövşən oğlu doğulmuşdur. Cavabdeh uşaqları saxlamadığına görə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-1437/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq X2na ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ondan hər uşaq üçün hər ay 400 manat miqdarında aliment tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin üç nikahdan beş uşağı var. O digər nikahlarından olan uşaqlarından birinin saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən aylıq qazancının dörddə bir hissəsi miqdarında, digər uşağına görə isə ayda 400 manat miqdarında aliment ödəyir. Aliment ödədikdən sonra qalan məbləğ onun dolanışığına kifayət etmir. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-1437/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki iş materiallarında olan nikah və doğum haqqında haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X5 xx xxxxxxxx 2004-cü il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci il təvəllüdlü Kərim Abdulməcid Rövşən oğlu, xx xxxx 2008-ci il təvəllüdlü Kərimli Sumeyya Rövşən qızı və xx xxxxxxx 2013-cü il təvəllüdlü Kərim İbrahim Rövşən oğlu doğulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, cavabdeh Ramiz Kərimov izahatında “Baker Hughes” şirkətində aparıcı mütəxəssis vəzifəsində işləməklə 3000 manatdan yuxarı məbləğdə əmək haqqı aldığını, iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay üç və daha çox uşağa görə qazancın və başqa gəlirlərin yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmiş, apellyasiya şikayətində qeyd etdiyi hallara dair birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və apellyasiya şikayətinə əlavə etməmiş, apellyasiya şikayətini müdafiə etməkdə maraqlı olmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-1437/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar