Məhkəmə qərarları › İş №2(103)-7380/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7380/2021

08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7380/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Mehrabova (Məsimova) Mina Dönməz qızının Cavabdeh qarşı “aliment” tələbinə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3152/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mehrabova (Məsimova) Mina Dönməz qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan azyaşlı övladları 31.03.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə yaşayış minimumuna uyğun olaraq hər ay Cavabdeh onun xeyrinə 175 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13.01.2017-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 31.03.2017-ci il tarixdə X3 adlı övladları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim Solmaz Mustafayeva) 2(006)-910/2020 saylı, 22.07.2020-cı il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, cavabdehlə nikahlarının pozulması və birgə nikahdan olan azyaşlı övladları 31.03.2017-ci il təvəllüdlü X1 onun, yəni ki, anası, iddiaçı Məsimova (hazırda Mehrabova) Mina Dönməz qızının yanında qalması qət edilmişdir. Məhkəmə olan vaxt cavabdeh və onun anası ilə razılaşmışlar ki, o aliment tələb etməsin və əvəzində cavabdehgilin evində ayrı təsərrüfat kimi yaşasın. Lakin onlar onu evdən çıxartdıqları üçün kirayə ev tutmağa məcbur olmuşdur. Cavabdeh uşağa heç bir maddi köməklik göstərmədiyi üçün uşağın saxlanması üçün aliment tələbi barədə iddia qaldırmağa məcbur olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3152/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi, Cavabdeh 31.03.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31.03.2021-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Mehrabova (Məsimova) Mina Dönməz qızına ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, qətnamənin dərhal icra edilməsi və Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət gəlirinə alınması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun alimentin tutulması hissəsində dəyişdirilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini, ölkədə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edildiyi və birinci instansiya məhkəməsinin istinad etdiyi nə poliklinikanın, nə də X2 arayışlarının ekspert rəyi olmaması, əgər olsa belə həmin xəstəliyin alimentin azaldılması üçün əsas olmaması arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnaməni iddiaçı mübahisələndirməklə iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, qətnamə cavabdeh tərəfindən isə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər 13 yanvar 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 31.03.2017-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Hazırda tərəflərin arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-910/2020 saylı, 22.07.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan 31 mart 2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Adı çəkilən qətnaməyə əsasən işə baxılan zaman iddiaçının cavabdehə qarşı aliment tələbi olmadığından birgə nikahdan olan uşağın saxlanması üçün aliment tutulması məsələsinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X4 tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 3127 nömrəli arayışa əsasən Cavabdeh yüngül dərəcəli əqli gerilik F70.0 diaqnozunun qoyulduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh sağlamlığında problemlərin mövcud olmasını müəyyən etməklə, hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün iş üzrə müəyyən edilən halları ağlabatan həddə nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, cavabdehdən 150 manat məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulmalı olan alimentin məbləğinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehin sağlamlıq imkanlarının məhdudluğu onun qanunla nəzərə alınmalı olan maddi və diqqətəlayiq digər hallara daxildir və həmin qanuni mənafelər nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir və uşağın marağının pozulması hallarını yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3152/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar