Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7383/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə cavabdeh "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətindən 15000 manat pul məbləğində sığorta ödənişinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət reyestrdən Çıxarış nömrəsi ******* olan fərdi yaşayış evi "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. Bununla bağlı BA seriyalı, 998974 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə görə sığorta müqaviləsi xx.xx.2019-cu il tarixdə qüvvəyə minir və xx.xx.2020-ci il tarixdə qüvvədən düşür. Sığorta məbləği 15000 manatdır. Qeyd etdiyi fərdi yaşayış evində ilin yay fəslində daimi yaşayır, digər fəsillərdə isə mütəmadi olaraq evə baş çəkir. 2020-ci ilin yanvar ayında evinə baş çəkmək üçün getdikdə evin bir neçə divarında ciddi çatlar yarandığı görmüş və bu barədə "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə telefon vasitəsilə məlumat vermişdir. Verdiyi məlumata əsasən sığorta işçisi evə baxış keçirmişdir. Bundan bir neçə gün sonra isə təkrar baxış keçirilmiş və ona cavab veriləcəyi bildirilmişdir. "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin 0919/1 nömrəli, xx.xx.2020-ci tarixli məktubu ilə müraciətinə cavab olaraq bildirilmişdir ki, evdə yaranmış çatların hansı səbəbdən əmələ gəlməsi müəyyən edilmədiyi üçün sığorta ödənişi edilməsindən imtina edilir. Bu əsassız cavabdır və "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış BA seriyalı, 998974 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnaməyə əsasən yuxarıda göstərilən hadisəyə görə ona 15000 manat pul məbləğində sığorta ödənişi edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxxxxxxxxxx" ASC-yə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq bildirilmişdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu Novosaratovka kəndində xüsusi mülkiyyətdə olan 0.25 ha torpaq sahəsində ümumi sahəsi 79.5 kv.m olan yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonu Novosaratovka 29A ünvanında xüsusi mülkiyyətdə olan yaşayış evi "xxxxxxxxxxxx" ASC tərəfindən icbari sığortalanmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunan P20024 saylı qiymətləndirmə rəyindən görünür ki, Gədəbəy rayonu Novosaratovka 29A ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı divardakı çatların daha öncədən baş verdiyi və zaman keçdikcə çatların tədricən böyüməsi qənaətinə gəlinmişdir. Çatlar köhnə olduğu üçün hadisənin baş vermə səbəbini müəyyən etmək mümkün olmamışdır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. İşin müəyyən olunmuş hallarına əsasən Gədəbəy rayonu, Novosaratovka 29A ünvanında xüsusi mülkiyyətdə olan 0.25 ha torpaq sahəsində ümumi sahəsi 79.5 kv.m olan fərdi yaşayış evi tam pay hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən əmlak "xxxxxxxxxxxx" ASC tərəfindən icbari sığortalanmışdır. İddiaçı daha sonra "xxxxxxxxxxxx" ASC-yə müraciət edərək əmlakının zərərə məruz qaldığını bildirmiş, lakin əmlakda baş vermiş çatların hansı səbəbdən əmələ gəlməsini müəyyən etmək mümkün olmadığından və hadisənin sığorta hadisəsi olması öz təsdiqini tapmadığından sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Aşağıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Həmin Qanunun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. “İcbari sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; 36.3.2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi; 36.3.3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; 36.3.4. qrunt sularının səviyyəsinin dəyişməsi; 36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi sığortalının iradəsindən asılı olmayan baş vermə ehtimalına təsadüflük əlamətlərinə malik olan hadisə və ya yaranan haldır. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk-sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Sığorta iqtisadi ictimai münasibətlər sistemi kimi risk kateqoriyası ilə əlaqədardır. Lakin hər bir risk sığortaya qəbul edilə bilməz. Cəmiyyətin təsərrüfatına, sosial həyatına, insanın iqtisadi və şəxsi həyatına məxsus risklərin çoxluğu, həmin risklərin mənfi təsirinin nəticəsi olaraq mümkün olan zərərlərin gözlənilməsi ilə əlaqədar qeyri-müəyyənlik elementi daşıyır. Risk – bu hazırda və ya gələcəkdə arzu edilməyən, ya da daha az arzu edilən nəticənin potensial ehtimalıdır. Tərəflərin iradəsindən asılı olmayan, qeyri-müəyyən hadisə olub, tez-tez təhlükə törədən və zərərlərə səbəb olan və ona görə də sığortaya maraq yaradan hadisəni adi risk adlandırırlar. Sığortanın 4 əsas funksiyası vardır ki, onlar da aşağıdakılardır: risk; xəbərdarlıq; yığım (əmanət); nəzarət funksiyası. Əsas funksiyası kimi risk funksiyası çıxış edir. Sığorta riski, zərər görən təsərrüfatlara pul yardımının göstərilməsi üzrə sığortanın əsas təyinatı ilə əlaqədar olduğundan, risklik funksiyası əsas funksiyalardan biri hesab olunur. Məhz risklik funksiyasının fəaliyyəti nəticəsində dəyərin pul formasının məbləği, təsadüfi sığorta hadisələrinin baş verməsi ilə əlaqədar olaraq, sığorta iştirakçılarının arasında bölüşdürülür. Zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsədlərə uyğun olaraq sığortaçı təşkilat zərərçəkənin təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Göründüyü kimi «Sığorta riski» - ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır. Ümumiyyətlə “sığorta riski” anlayışı dəhşətli hadisələrdən zərərdəymə ehtimalını və təhlükə riskini əks etdirir. Sığorta müəyyən hadisə baş verdikdə arzuolunmaz nəticələrdə riskin dərəcəsinin aşağı salınmasının əsas metodudur. Sığorta riskləri- əmlak, maliyyə, iqtisadi, siyasi, təbii risklər formalarında olur. Əmlak riski- əmlakın yanğından, zəlzələ,daşqın və digər hadisələrdən təsadüfən zərər görməsidir. Sığortanın obyekti kimi sığortalını həyatı, sağlamlığı, iş qabiliyyəti, vətəndaşların təşkilatların, müəssisələrin əmlakları, əmlak mənafeləri, nəqliyyat vasitələri və yüklər, risklər, məsuliyyət və s. çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxxxxxxxxxx" ASC sığorta ödənişinin verilməsindən haqlı olaraq imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biri hesab olunur. Kollegiya iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçıya məxsus Gədəbəy rayonu, Novosaratovka 29A ünvanında yerləşən fərdi yaşayış evi barədə “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunan P20024 saylı qiymətləndirmə rəyinə əsasən, sözügedən yaşayış evinin divarındakı çatların daha öncədən baş verdiyi və zaman keçdikcə çatların tədricən böyüməsi qənaətinə gəlinmişdir. Çatlar köhnə olduğu üçün hadisənin baş vermə səbəbini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının şığortalanmış əmlakına dəymiş zərər “İcbari Sığortalar haqqında” Qanunla müəyyən olunan sığorta hadisəsi hesab edilən halların dairəsinə düşmədiyindən iddia tələbi əsassızdır. Bundan əlavə həmçinin kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan evin divarında çatların əmələ gəlməsi “İcbari sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsində sadalanan hallar nəticəsində baş verməmişdir. İddiaçının mülkiyyətində olan evin divarında çatların əmələ gəlməsi, o halda sığora hadisəsi hesab oluna bilərdi ki, həmin hadisə tərəflərin iradəsindən asılı olmayan səbəblərdən baş verərdi. İddiaçının mülkiyyətində olan evin divarında çat olması isə Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Novasaratovka kənd X3 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixdə verdiyi arayışdan da görüdüyü kimi, mübahisəli ev 1972-ci ildə tikilmişdir və evin evin arxa tərəfində çatın olduğu müşahidə edilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, baş vermiş çat hər-hansı kənar təsir nəticəsində deyil, evin təbii olaraq köhnəlməsi nəticəsində yaranmışdır. Belə olan halda isə baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığına görə, cavabdeh təşkilat sığorta ödənişinin verilməsindən düzgün imtina etmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7383/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7383/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver