Məhkəmə qərarları › İş №2(103)-740/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-740/2022

12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-740/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3741/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı uşağın təhsilinə görə əlavə xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, 01.05.2011-ci il təvəllüdlü X3 təhsilinə görə ödənilmiş 15365 manat məbləğində pul vəsaitinin ½ hissəsi, yəni 7683 manat mbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Suraxanı Rayon Məhkəməsinin 2(010)-3741/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, mühüm əhəmiyyətli faktiki halların araşdırılmadığını göstərmiş, bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, 1200 manat əmək haqqı olduğunu, hazırda evli olduğunu, həmin nikahından da bir uşağı olduğunu, alimenti tam ödədiyini bildirdi. Eyni zamanda, uşağın özəl məktəbdə təhsil alması, həmçinin ödənişli dərnəklərə getməsi barədə iddiaçının onun razılığını almadığını bildirdi. Bu səbəbdən, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 04.08.2011-ci il tarixdə verilmiş “Nikah haqqında” şəhadətnamədən müəyyən edilir ki, X6 01.05.2011-ci ildə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 08.07.2017-ci il tarixdə verilmiş “Nikahın pozulması haqqında” şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 02.05.2017-ci il tarixdə ləğv edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.02.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında 22.06.2010-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 615 saylı nikah qeydinin ləğv edilməsi, 01.05.2011-ci il tavəllüdlü X4 anası X2 himayəsində saxlanılması, cavabdehdən 01.05.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23.12.2016-cı il tarixindən başlayaraq hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.11.2018-ci il tarixli 2(010)- 6708/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin olunmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-791/2017 nömrəli iş üzrə 22.02.2017- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 01.05.2011-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi qət edilmişdir. "xxxx" MMC-nin 26.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı Beynəlxalq Təhsil Kompleksi (BBTK) və vətəndaş İddiaçı arasında 14.10.2019-cu il tarixli 85 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, vətəndaşın oğlu X3 2019- 2020-ci tədris ili üçün təhsil haqqı 8000 (səkkiz min) manat təşkil edir. Bu məbləğin 4800 (dörd min səkkiz yüz) manat ödəniş edilmişdir. X1 01.03.2020-30.04.2020 tarixləri arasında güzəştli şərtlərlə təhsil almış, 01.05.2020-ci il tarixdə isə məktəbdən ayrılmış, hazırda İddiaçı Bakı Beynəlxalq Təhsil Kompleksinə borcu 1300 (bir min üç yüz) manat təşkil edir. 24.05.2021-ci il tarixli arayışdan görünür ki, X7 şahmat kulubunda 2018-ci ilin fevral ayından 2019-cu ilin mart ayınadək şahmat dərslərin və yarışlarda ödənişli olaraq iştirak etmiş, bunun üçün ümumi olaraq 1600 manat ödəniş edilmişdir. 24.05.2021-ci il tarixli arayışdan görünür ki, X6 2021-ci ilin fevral (460 manat), mart (460 manat), aprel (460 manat), may (460 manat) aylarında kursda igilis dili və danışıq, çin dili və ev tapşırığı dərslərində ödənişli olaraq iştirak etmişdir. “Grand Master” Şahmat klubu tərəfindən İV dərəcə Nəcəfli Ammar İ yer tutduğuna və fərqləndiyinə görə diplomla təltif olunmuşdur. “Trio” tədris, incəsənət və idman mərkəzinin 30.07.2021-ci il tarixli 001 nömrəli arayışından görünür ki, Nəcəfli Azər (Ammar) Ruslan oğlu (01.05.2011-ci təvəllüdlü), “Trio” tədris, incəsənət və idman mərkəzinə 2017-ci il oktyabr ayından 2018-ci ilin iyun ayınadək ev tapşırığlarını etmiş və şaxmat kurslarında ödənişli olaraq iştirak etmiş, aylıq ödəniş ev tapşırığı 250 (iki yüz əlli) manat, şahmat dərsləri 50 (əlli) manat, ümumi olaraq 2700 (iki min yeddi yüz) manat ödəniş etmişdir. Uşaq Tədris mərkəzinin 27.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı oğlu 01.05.2011-ci il təvəllüdlü X6 “Trio Studkt” (təlim-tədris) mərkəzinə 2018-ci il oktyabr ayından 2019-cu ilin iyun ayınadək kurslarda ödənişli olaraq iştirak etmiş, ümumi olaraq 3125 (üç min yüz yirmi beş) manat ödəniş etmişdir. 96 nömrəli 01.10.2018-cı il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammar “ev tapşırıqlarının yerinə yetirilməsi və dərnəkləri” üçün 350 manat məbləğində ödəniş etmişdir. 151 nömrəli 28.02.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və dərnəkləri” üçün 375 manat məbləğində ödəniş etmişdir. 190 nömrəli 10.05.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və ingilis dili kursları” üçün 450 manat məbləğində ödəniş etmişdir. 204 nömrəli 12.06.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ingilis dili kursu” üçün 50 manat məbləğində ödəniş etmişdir. 177 nömrəli 12.04.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və ingilis dili kursu” üçün 450 manat məbləğində ödəniş etmişdir. 163 nömrəli 18.03.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və ingilis dili kursu” üçün 450 manat məbləğində ödəniş etmişdir. 138 nömrəli 14.01.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və dərnəklər” üçün 300 manat məbləğində ödəniş etmişdir. 128 nömrəli 17.12.2018-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və dərnəklər” üçün 350 manat məbləğində ödəniş etmişdir. 116 nömrəli 12.11.2018-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və dərnəklər” üçün 350 manat məbləğində ödəniş etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinin mənasından da görünür ki, digər valideynin yetkinlik yaşına çatmayan uşaqla bağlı əlavə xərclərə cəlb edilməsi iki halda mümkündür: uşağın ağır xəstə olması və ya şikəst olması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında da həmin mövqe təsdiq edilmişdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətinə etiraz edərək qeyd edərək bildirir ki, iddiaçı uşağın ödənişli əsasla özəl məktəbdə təhsil almasını onunla razılaşdırmamışdır. Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının dövlət təhsil müəssisələrində icbari olan ümumi orta təhsil və tam orta təhsil pulsuz olduğundan, cavabdehin iddiaya qarşı etiraz dəlilləri əsaslı olmuşdur, uşağın müxtəlif əlavə təhsil müəssisələrində, kurslarda iştirakı üçün ödənilmiş xərclər onun üçün zəruri olan xərclər dairəsinə aid edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və iş üzrə haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3741/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar