Məhkəmə qərarları › İş №2(103)-7401/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7401/2022

29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7401/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(001)-4781/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin faktiki nikahından 10 oktyabr 2018-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşaqları vardır.

2. Cavabdeh həmin uşaq üzərində atalığı müəyyən olunmuş, bu barədə 5 saylı Bakı «Asan Xidmət» Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən “atalığın müəyyən edilməsi haqqında” 03 noyabr 2018-ci il tarixli şəhadətnamə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 193 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir).

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə faktiki ailə quraraq evlənmiş, birgə nikahdan 10 oktyabr 2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Lakin cavabdeh lazımi səviyyədə uşağa baxmır, onun maddi tələbatını ödəmir. Uşağı tək saxlayıb, böyütmək ona çətinlik törədir. Hətta cavabdeh başqa şəxslə faktiki olaraq evlənmişdir. O, hazırda işləmir və yetkinlik yaşına çatmayan uşağın böyüməsi ilə məşğuldur. Maddi köməkliyə ehtiyacı var, lakin buna baxmayaraq cavabdeh qanunvericiliyiə uyğun olaraq ona maddi cəhətdən köməklik göstərmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh iddiaya etiraz ərizələrində göstərmişdir ki, iddiaçının ailəsinin müdaxiləsinə görə ailəsi dağılmış və Laçın Rayon Məhkəməsi onun qaldırdığı iddiaya görə uşağı ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək görməyi üçün icazə vermişdir. Uşağa aldığı oyuncaqları iddiaçının anası uşağın və onun gözünün önündə qıraraq “mənə pul lazımdır, pul ver” deyir, bu da onlara uşağın yox, pulun marağında olduqlarını göstərir. Çünki 10 nəfərə yaxın ailədə heç kim işləmir. Uşağın onunla necə xoşbəxt olduğu, üzü güldüyü şəkilləri var. Əgər o, 193 manat aliment versə, onlar ailədə 10 nəfərə yaxındılar, həmin aliment pulunu özlərinə xərcləyəcəklər, övladı isə daha da baxımsız qalacaq və o, övladını görəndə hədiyyələr alıb gəzdirə bilməyəcək. Ən yaxşı halda hər ay 100 manat aliment verə bilər. Aliment pulunu o, ancaq uşağının anasına verə bilər, çünki indiyə qədər 2 ilə yaxındır ki, uşağını götürəndə və təhvil verəndə uşağının anasını görməmişdir və ona uşağı haqqında heç bir məlumat onlarda olan vaxtlar olmur. Xahiş edir övladı iddiaçıdan alınıb onun himayəsinə versin. O, hal-hazırda Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyində bağ fəhləsi işləyir və onun aylıq aldığı maaşı təqdim edilmiş arayışda 413 manat göstərilsə də, təmiz 352 manat alır. Onun başqa heç bir yerdən gəliri yoxdur. Onun yeməyi, içməyi, dolanışığı onun hər həftənin hər iki son günləri gedib uşağını görməyi, onu geyindirmək, yedizdirmək, gəzdirmək aldığı bu əmək haqqı üzərindədir. İddiaçının ondan tələb etdiyi 193 manat aylıq alimenti ödəməyə heç cürə imkanı çatmır. Əlavə heç yerdə də işləməyə gözündə olan xəstəliyə görə işləyə bilmir. Əgər gələcəkdə onun aylıq gəliri artarsa, övladının xatiri üçün alimentə müəyyən məbləğ əlavə edə bilər. Övladını iddiaçı ilə birlikdə o, işdə olarkən götürüb gediblər. O, onlardan heç vaxt imtina eməmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(001)- 4781/2022 saylı qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia təmin edilmiş, Cavabdeh 13 iyul 2022-ci il tarixdən başlayaraq, 10 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, həmçinin cavabdehdən 43 (qırx üç) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, tərəflərin 10 oktyabr 2018-ci il təvəllüdlü Dəniz adlı uşaqları var. Hazırda iddiaçı cavabdehdən uşağın saxlanması üçün 193 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir, cavabdeh isə iddianı qismən qəbul edir və 100 manat məbləğində aliment ödəyə biləcəyini bildirir. Məhkəmə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyünü, cavabdehin az qazanca malik olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 13 iyul 2022-ci il tarixdən başlayaraq 10 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 44.3, 45.1, 75.1, 78.1, 78.2, 100.2, Azərbaycan Respublikası Konstitusiyasının 17.2, 34 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək alimentin qazancının (aylıq gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti - qətnamənin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işləməsi, alimentin qazancının (aylıq gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən olunmalı olması kimi əsaslandırmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir.

13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

17. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir.

18. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər.

20. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

23. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

31. Maddə 402. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apelyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən – tərəflərin faktiki nikahlarından 10 oktyabr 2018-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşaqları vardır, cavabdehin uşaq üzərində atalığı müəyyən olunmuşdur.

36. Birinci instansiya məhkəməsi alimentin məbləğini 2022-ci il üzrə yaşayış minimumuna uyğun (sabit pul miqdarında 193 manat) müəyyən etmiş, cavabdeh isə apellyasiya şikayətində maddi imkanının aşağı olmasını və s. göstərərək, alimentin qazancının (aylıq gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən olunmasını xahiş etmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir.

38. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. (bax: 22-ci bənd)

39. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (bax: 23cü bənd)

40. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. (bax: 24-cü bənd)

41. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər (maddi imkanının aşağı olması və s.) isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsindən azad etmir.

42. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işləyərək əmək haqqı alması halı özü-özlüyündə iddianın alimentlə bağlı hissədə əsassızlığı və ya alimentin miqadırının məhz AM-nin 76-cı maddəsinə əsasən müəyyən olunması ilə nəticələnə bilməz. Çünki, həmin məbləğin (işdə olan arayışa əsasən cavabdehin orta əmək haqqısı 413 manat təşkil edir) dörddə bir hissəsi kifayət qədər az məbləğ təşkil etdiyindən alimentin məbləğinin Ailə Məcəlləsininnin 76-cı maddəsinə uyğun olaraq müəyyən edilməsi də azyaşlının üstün mənafeyinə uyğun deyildir.

43. Eyni zamanda «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.5-ci bəndindəki mövqeyinə görə - daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər.

44. Apellyasiya şikayətinin digər dəlillərinin (uşaqla ünsiyyət, uşağın cavabdehə verilməsi və s.) hazırki mübahisəyə aidiyyəti olmadağından, məhkəmə kollegiyası onlara hüquqi qiymət verməyi zəruri hesab etmir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

46. Həmçinin qeyd edilməldiir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir (bax: 30 və 31-ci bəndlər).

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(001)- 4781/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar