Məhkəmə qərarları › İş №2(103)-7419/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7419/2022

09.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7419/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin nənəsinin mənzilində saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlərin istifadəsində olan, iddia ərizəsinin təsviri hissəsində qeyd olunan ümumi dəyəri 42.900 (qırx iki min doqquz yüz) manat təşkil edən, iddiaçıya məxsus və ona hədiyyə verilmiş qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, qaytarılması mümkün olmadığı halda, dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı ərizə ilə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni müzakirə edərək hesab edir ki, imtina qəbul olunmalı, iş üzrə icraata xitam verilməlidir. MPM-ə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı ümumi dəyəri 42.900 (qırx iki min doqquz yüz) manat təşkil edən qızıl-zinət əşyalarının, yaxud onların dəyərinin qaytarılması tələbinə dair iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar