Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-742/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavavbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair 2(003)-3806/2018 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavavbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8175 sığorta ödənişi məbləği və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8205,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu,Türkan yolunda Cavabdeh1 mülkiyyətində olan “BMW 320 İ” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Mitsubishi Outlander” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Xəzər RPİ DYP şöbəsinin xx.xx.2014-cü il tarixli, 9/19-14640 saylı arayışına və DİN BDYPİ-nin xx.xx.2014cü il tarixli, CYP 825905 saylı inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh2 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx” ASC tərərfindən “Mitsubishi Outlander” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 8175 manat sığorta ödənişi həyata keçirilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi il iddia tələbi Cavabdeh2 münasibətdə təmin olunmuş, Cavabdeh2 8175 məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 8205,40 məbləğində pul «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin qismən – iddianın ona qarşı təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə ona xəbərdarlıq edilməmişdir. Sual olunur nə üçün zərər dəymiş **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ona etdiyi təkliflə razı olmadı. Niyə “xxxx” ASC-nin hadisə yerinə gələn nümayəndəsinə bildirəndə ki, maşını avto servisə apararaq dəyən zərər hesablansın, o, ödəsin və ya düzəltdirsin, buna razı olmadı. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən avtomobilə dəymiş zərərin məbləği 18317,27 manat hesablanıb. Avtomobil sahibi ilə “xxxx” ASC sığorta müqaviləsində sığorta məbləğini 15500 manat göstərib, dəymiş zərərə görə avtomobil sahibinə 8175 manat sığorta ödənişi edilib. Sual olunur qalan 10142,27 manatı kim ödəyib. Avtomobil sahibi, yoxsa isə baxan hakim. Nə üçün sığorta müqaviləsində göstərilən 15500 manat tam ödənilməyib. Necə olur avtomobilin təzə vaxtı dəyəri 21.000 dollar olduğu halda o vaxtın məzənnəsi ilə (yəni 0,78 manat) 16380 manat pul edir. Dəyən zərər isə 18317,27 manat hesablanıb. Avtomobilə dəyən zərər dəyərindən artıq necə ola bilər. Onda belə çıxır ki, hər kim istəsə şantaj, məhkəməyə vermək və sair formada ittiham etmək, öz maddi problemini həmin şəxsin boynuna qoymaq ixtiyarına malikdir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi ona qarşı irəli sürülmüş iddia bu iş üzrə toplanmış faktlarla tam sübut edilmir. Yəni göründüyü kimi, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq dilən sübutlarla təsdiq edilmir və mötəbərliyi şübhə doğurur. Heç bir əsaslandırıcı hala və maddi hüquq normalarına istinad edilmədən hakim hesab etmişdr ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla işin müəyyən edilmiş halları ondan ibarətdir ki, «xxxx» ASC ilə X2 arasında sığorta müqaviləsi bağlanmış və MİP-TBK-PT-3876/14 saylı sığorta şəhadətnaməsi üzrə “Mitsubishi Outlander” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə 15500 manat məbləğində sığortalanmışdır. xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu,Türkan yolunda Cavabdeh1 mülkiyyətində olan “BMW 320 İ” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərəkən yol nəqliyyat hadisəsi törətmiş və “xxxx” ASC-də sığortalanmış “Mitsubishi Outlander” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən dəymiş zərərin məbləği 18317,27 manat müəyyən edimiş və həmin zərərin əvəzi olaraq X1 8175 manat sığorta ödənişi ödənilmişdir. DİN BDYPİ-nin xx.xx.2014-cü il tarixli, CYP 825905 saylı inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh2 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 448.1, 916.1, 926, 936.1, 936.2, 1096, 1097, 1108.1 və 1114-ci, Sığorta Haqqında» Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia Cavabdeh2 qarşı təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 qarşı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 926-cı maddəsinə görə əgər sığortalı üçüncü şəxs qarşısında onun üzərinə məsuliyyət düşməsinə səbəb olan halın baş verməsini bilərəkdən doğurmuşdursa, sığortaçı məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Apelyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/2087 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Mitsubishi Outlander” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 15525 manat müəyyən edilir. Tədqiq edilən “Mitsubishi Outlander” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 11900 (17000-30%) manat müəyyən edilir. Yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşü və hərəkət hissələri saz, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə 2008-ci il buraxılışlı “Mitsubishi Outlander” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddətini nəzərə alaraq 2014-cü il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 17000 manat müəyyən olunur. Yol-nəqliyyat hadisəsindən sonrakı, yəni qəzalı vəziyyətdə 2008-ci il buraxılışlı “Mitsubishi Outlander” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2014-cü il tarixə respublikadaxili orta bazar qiyməti təxminən 6800 manat müəyyən olunur. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, hazırki iş üzrə yol-nəqliyyat hadisəsi baş vermiş və həmin qəza üzrə avtomobilə etibarnamə əsasında sahiblik edən Cavabdeh2 təqsirli olması müəyyən edilmiş qaydada sübuta yetirilmişdir. Hazırki mübahisə üzrə tətbiq edilməli olan qanunvericiliklə nəzərdə tutulmuşdur ki, zərərin əvəzini ödəmək avtomobilə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki şəxsin vəzifəsidir. Belə olan halda, iddianın Cavabdeh2 qarşı təmin olunmasına dair birinci instansiya məhkəməsinin mübahisələndiirlən qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3806/2018 nömrəli mülki iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-742/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-742/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver