Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7425/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı, Cavabdeh Alimentova (Rzayeva) Yeganə Aydın qızının və onun vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-1836/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Alimentova (Rzayeva) Yeganə Aydın qızına qarşı – iki yetkinlik yaşına çatmamış uşağı xx xxxx 2009–cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011–ci il tarixdə anadan olmuş Alimentova Röya Heybət qızının saxlanmasına məhkəmə tərəfindən təyin olunmuş 260 (iki yüz) altmış manat aliment pulunu azaltmaqla, hər ay uşaqların saxlanmasına ondan cəmi 200 (iki yüz) manat aliment pulunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)–943/2020 saylı, xx.xx.2020–ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Qətnamə əsasən iki yetkinlik yaşına çatmamış uşaqları xx xxxx 2009–cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş Alimentova Röya Heybət qızının nikahı pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılması qət etmişdir. Eyni zamanda, qətnaməyə əsasən, yetkinlik yaşına çatana qədər uşaqların saxlanmasına ondan hər ay hər bir uşağa 130 manat, cəmi 260 manat aliment pulu tutulmalıdır. Beləliklə, iddiaçının maaşının 1/3 hissəsi 83 manat 33 qəpik təşkil edir. Buna baxmayaraq, o, iki uşağın saxlanmasına 200 manat verir. Lakin, bundan artıq o, ödəyə bilmir. Çünki, maaşdan cəmi 50 manat ona qalır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra o, hər ay vaxtı–vaxtında iki uşağın saxlanmasına 200 manat cavabdehə ödəyir. Hesab edir ki, onun tələbi tamamilə əsaslıdır və ondan tutulan alimentin miqdarı azaldılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-1836/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Alimentova (Rzayeva) Yeganə Aydın qızına qarşı alimentin miqdarının azaldılması barədə iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1836/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən yetkinlik yaşına çatana qəsdər uşaqların saxlanmasına ondan hər ay hər bir uşağa 130 manat, cəmi 260 manat aliment pulunun tutulmalıdır. O, avtiservisdə fəhlə işlədiyini və əmək haqının ayda cəmi 250 manat təşkil etdiyini bildirmişdir. Beləliklə, maaşının 1/3 hissəsi 83 manat 33 qəpik təşkil etdiyini, buna baxmayaraq, o iki uşağın saxlanmasına 200,0 manat verdiyini, lakin bundan artıq ödəyə bilmədiyini qeyd etmişdir. Maaşdan ona 50 manat qaldığını qeyd etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra o, hər ay vaxtı-vaxtında iki uşağın saxlanılmasına 200, 0 manat cavabdehə ödədiyini, lakin maşının cəmi 250,0 manat olduğu üçün uşaqların saxlanılması üçün 200 manatdan çox pul ödəyə bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 və onun vəkili X3 apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 943/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavbdeh İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü Alimentova Röya Heybət qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay sabit pul şəklində 130 manat məbləğində alimentin tutularaq anası Alimentova (Rzayeva) Yeganə Aydın qızına ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş AZ-İ seriyalı 343740 №-li xx xxx 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir. İşə əlavə olunmuş "xxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən "xxxxxxxxxxxxx" MMC şirkətində rəngsaz vəzifəsində işləyir. Onun aylıq əmək haqqı məbləği 250 manatdır. Beləliklə, birinci instansiya məhkəməsi araşdırılması zamanı məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmamışdır. Azərbaycan Respublikası AM-nin 112.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmadığından, iddiaçının mövcud iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, iddiaçının maaşının 250,0 manat olması onun cavabdehlə birgə nikahlarından olan uşaqlarının saxlanması üçün maddi yardım göstərmək vəziyyətindən azad etmir. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (xx xxxxxx 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Bundan başqa “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan da aşağı məbləğdə ondan tutulmalı olan 130 manat məbləğində alimentin miqdarının azaldılmasını tələb edir. Odur ki, iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, azaldılması tələb olunan iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-1836/2020 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7425/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7425/2020
08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver