Məhkəmə qərarları › İş №2(103)-7442/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7442/2022

22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7442/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin təyin edilməsi, alimentin tutulması, çəkilmiş xərclərin yarısının tutulması, əlavə xərclərə cəlb edilmə, rüsumun ödənilməsi ) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi, 9 aylıq dövr üçün alimentin tutulması, çəkilmiş xərclərin yarısının tutulması, gələcək xərclərdə iştiraka və uşağa 3 yaşınadək baxmağa görə əlavə xərclərə cəlb edilmə, mediasiya xərcləri üçün tutulan rüsumun ona ödənilməsi tələbinə dair” Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(011)-4380/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan 2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 385696 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X3 arasında xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır, nikahdan sonra ərə Nəzərov, arvada Nəzərova soyadı verilmişdir.

2. İş materiallarında olan 6 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 739358 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır.

3. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-8209/2021 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir.

4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 339 saylı arayışdan görünür ki, X3 Bakı Şəhəri, Gəncə prospekti 54 ünvanında məcburi köçkün kimi qeydiyyatdadır.

5. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin böyük inspektoru vəzifəsində çalışır və aylıq əmək haqqı (karta köçürülən) 726,63 manat, aylıq vəzifə maaşına əlavə (son 6 ay ərzində orta rəqəm, karta köçürülən) 1606,99 manat məbləğində əmək haqqı alır.

6. İş materiallarına əlavə edilmiş AA №090252 seriyalı məcburi köçkün vəsiqəsindən görünür ki, Cavabdeh məcburi köçkün kimi qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 04 mart 2022-ci il təvəllüdlü X1 üçün hər ay aylıq əmək haqqının (bütün gəlirlərinin) ¼ məbləğində alimentin tutulması, əvvəlki 9 aylıq (avqust 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) dövr üçün aliment və çəkilmiş 2031,40 manat xərclərin yarısının - 1015 manat pulun tutulması, gələcək xərclərdə iştiraka və uşağa 3 yaşınadək baxmağa görə hər ay 150 manat əlavə xərclərə cəlb edilməsi və ondan tutulan mediasiya xərcləri üçün 50 manat rüsumun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə olan nikahları 02 may 2021ci il tarixdə 2 saylı Asan xidmət mərkəzində qeydə alınmışdır, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 doğulmuşdur, 21 avqustda cavabdeh evdən getmişdir, lakin o ailəni bərpa etmək üçün qalmışdır, lakin daha sonra qaynanasının təkidli tələblərindən sonra 31 avqust 2021-ci il tarixdə evdən çıxarılmış, atası gəlib onu aparmışdır, artıq 9 aydır ki, ər arvad münasibətləri pozulmuşdur, evdən çıxarılan zaman artıq bir aydır ki, hamilə olmuşdur, bunu cavabdeh və onun ailə üzvləri bilmişdir, buna baxmayaraq cavabdeh heç bir əhəmiyyət vermədən onu evdən çıxartmışdır, hamiləlik müddətində cavabdeh nikah pozulması barədə 6 sentyabrda mediasiyaya müraciət etmişdir, lakin əlbəttə ki, məhkəmədə mülki işə baxılmamışdır, bundan sonra 10 yanvar 2022-ci il tarixdə mediasiya ilə bağlı təklifləri cavabdehə göndərmişdir, lakin cavabdeh onun təklifinə cavab verməmişdir, keçirdiyi ağır stresslər, iztirablar, hamiləliyi vaxtında əvvəl doğuşla nəticələnmişdir, cavabdeh uşağın doğulmasından sonra onun sağlamlığı ilə maraqlamır, hamiləlik dövründə yalnız o çağırdıqda gəlmişdir, hamiləlik dövründə ona zəng etmiş, ilk analiz üçün pul lazım olduğunu bildirmişdir, lakin cavabdeh onu bloka atmışdır, ilk analizi 6 sentyabrda vermişdir, analizin dəyəri 227 manat olmuşdur, uşaq 7 aylıq ikən doğulmuş, 56 gün küvezdə saxlanmışdır, küvezdən çıxdıqdan sonra uşaq üçün yalnız yemək və pampers almışdır, hazırda cavabdeh heç bir maddi yardım göstərmir, hamiləliyi dövründə və uşağın doğulmasına qədər onun sağlamlığı üçün 2031,40 manat məbləğində vəsait xərcləmişdir, cavabdeh həmin xərclərin ödənilməsindən boyun qaçırmışdır, cavabdeh bir valideyn kimi uşağa qayğı göstərməli, onu alimentlə təmin olunması üçün tədbirlər görməli idi, mediasiya prosesinin başlanmasına dair təkliflər verilən müddətdə də buna münasibət bildirməmişdir, ona görə cavabdehdən 9 ay müddətində qanunla müəyyən edilmiş qaydada aliment tutulmalıdır, hazırda işləmir, analıq məzuniyyətindədir, cavabdeh Dövlət Gömrük Komitəsində işləyir və aylıq əmək haqqı 1500-2000 manat civarındadır.

9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(011)-4380/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 04 mart 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay onun əmək haqqının (gəlirlərinin) ¼ hissəsi miqdarında aliment və 04 mart 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh hamiləlik dövründə çəkilmiş xərclərin əvəzi qismində 1015 (min on beş) manatın alınaraq İddiaçı ödənilməsi, ilkin mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 96 (doxsan altı) manat 15 (on beş) qəpik dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4. 76.1.1, 84.1, 85.1.1, 86, 100.2, 100.3, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin “04 mart 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınması və 96 manat 15 qəpik dövlət rüsumunun tutulması” hissələrində ləğv edilməsi, 04 mart 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ondan hər ay 50 manat sabit pul məbləğində aliment tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə uşağın 3 yaşınadək saxlanması üçün 150 manat alimentin tutulması ilə bağlı qətnamə qəbul edərkən, maddi hüquq normalarının tələblərini və məhkəmə təcrübəsini nəzərə almamış, onun himayəsində yaşlı, heç bir yerdə işləməyən valideynlərinin olmasını, iddiaçının uşağın saxlanmasına görə hər ay 500-600 manat aliment aldığını nəzərə almamışdır. Hesab edirəm ki, uşağın 3 yaşına çatanadək saxlanması barədə alimentin miqdarı 50 manat müəyyən edilməlidir. Lakin məhkəmə qətnamə qəbul edərkən, maddi hüquq normasının tələblərini nəzərə almamışdır. O, Fuzuli rayonundan məcburi köçkündür və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində müvəqqəti məskunlaşmışıb. Onun şəxsiyyət vəsiqəsinin məlumatlarından görsənir ki, o, Füzuli rayonu Qazaxlar kəndində qeydiyyatdadır. Lakin məhkəmə onun məcburi köçkün olmağını nəzərə almamış, maddi hüquq normasının tələblərini pozaraq, ondan 96 (doxsan altı) manat 15 (on beş) qəpik dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsini qət edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

18. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

19. Maddə 84.2, 84.2.2-ci maddələrinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

20. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

21. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır.

22. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – “04 mart 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınması və 96 manat 15 qəpik dövlət rüsumunun tutulması” hissələrində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən – iddianın təmin edilmiş “04 mart 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin məbləği” hissəsində dəyişdirilməlidir.

31. Birinci instansiya məhkəməsi iddianı xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə aliment tutulması hissəsində təmin edərkən iddiaçının hazırda heç bir yerdə işləməməsini, onun maddi vəziyyətini, habelə cavabdehin aylıq gəlirini, onun zəruri vəsaitə malik olmasını nəzərə alaraq bu məqsədlə aliment tutulmasını mümkün saymış və belə aliment miqdarının hər ay sabit pul məbləğində olmaqla 150 manat həddində müəyyən olunmasını məqsədəmüvafiq hesab etmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən alimentin tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan məbləği düzgün müəyyən etməmişdir

33. Kollegiya qətnamə ilə Cavabdeh 04 mart 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun əmək haqqının (gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulmasının qət edildiyini, cavabdehin himayəsində heç bir yerdə işləməyən valideynlərinin olmasını nəzərə alaraq xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının hər ay sabit pul məbləğində olmaqla 100 (yüz) manat həddində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir.

34. Birinci instansiya məhkəməsi dövlət rüsumuna münasibətdə hesab etmişdir ki, iddiaçı aliment alınması iddiaları üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddianın qiyməti (bir il ərzində ödəniləcək alimentin məbləği və 1015 manat xərc) nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 96,15 manat məbləğində dövlət rüsumu alınmalıdır.

35. Lakin apellyasiya şikayətinə əlavə edilmiş AA №090252 seriyalı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh məcburi köçkün kimi qeydiyyata alındığından, cavabdehdən dövlət mədaxilinə 96,15 manat məbləğində dövlət rüsumunun tutulması yolverilməzdir.

36. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20ci maddəsənə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş “04 mart 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin məbləği” hissəsində dəyişdirilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(011)-4380/2022 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş “04 mart 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin məbləği” hissəsində dəyişdirilsin. 04 mart 2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar