Məhkəmə qərarları › İş №2(103)-7446/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7446/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7446/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Hərrac Mərkəzi Cavabdeh1 və Cavabdeh2nə qarşı “daşınmaz əmlaka dair qiymətləndirmənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli qətnamədən iş üzrə iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Şirvan şəhəri, H.Əliyev küçəsi, 2A/6T nömrəli, 2 girişli 34,32 kv.m ümumi, 34.32 kv.m əsas sahədən ibarət, 1 mərtəbəli, qeyri-yaşayış sahəsinin açıq hərracda satılmasına dair cavabdeh "xxxx" MMC tərəfindən 19.03.2021-ci il tarixə təyin edilmiş hərracın keçirilməsinin dayandırılması və qeyri-yaşayış sahəsinin 20.000 manat dəyərində qiymətləndirilməsinə dair Cavabdeh2 MMC-nin 04.05.2018-ci il tarixli, G- 481 saylı rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə bağlanmış 13.04.2010-cu il tarixli 22L000000İ71 saylı “Kredit xətt müqaviləsinə” əsasən Bank iddiaçılara 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. “Kredit xətt müqaviləsi” üzrə iddiaçılara 28.03.2014-cü il tarixli, 37R000001875 saylı “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 2 faiz dərəcəsi ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Götürülən kredit əvvəllər vaxtında Banka ödənilmiş və ödənişlə əlaqədar heç bir problem olmamışdır. Ancaq sonradan, yəni 2015-ci il Azərbaycan manatının ABŞ dollarına nisbətdə ciddi ucuzlaşması götürülən kreditin qaytarılmasında çətinliklər yaratmışdır. Buna baxmayaraq Banka 5.975 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bank ilə bağlanılmış 15.04.2010-cu il tarixli, 22M000000054 saylı “İpoteka müqaviləsi” əsasında qeyri-yaşayış sahəsi (mağaza), onun mülkiyyətçisi olan İddiaçı2 tərəfindən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonradan Bank qeyd edilən borcun ödənilməsi ilə bağlı Şirvan Şəhər Məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Şirvan Şəhər Məhkəməsinin 03.07.2018-ci il tarixli qətnaməsi (İş № 2(032)-156/2018) ilə cavabdehlər - İddiaçı2, İddiaçı1 və X1 müştərək qaydada 20.642,86 ABŞ dolları məbləğində pulun iddiaçı Banka verilməsi, borcun ödənilməsi üçün ipoteka ilə yüklü olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi qət edilmişdir. Yalnız məhkəmə baxışında ipoteka ilə yüklənmiş daşınmaz əmlakın Cavabdeh2 MMC tərəfindən 20.000 manat məbləğində qiymətləndirilməsini bilmişlər. Ancaq bu məbləğin az olduğunu və real qiymət olmadığını bildirmişlər. Əmlakı qiymətləndirən MMC, qiymətləndirmə barədə sənədi qarşı tərəfə təqdim etməmişdir. Sonradan Şirvan Şəhər Məhkəməsi tərəfindən qətnamənin təmin edilməsinə dair 03.07.2018-ci il tarixli icra vərəqəsi verilmişdir. Həmin icra vərəqinə və Şirvan Şəhər İcra və Probasiya şöbəsinin 274/10-5 №-li, 18.02.2021-ci il tarixli qərarına əsasən, qeyri-yaşayış sahəsinin hərraca çıxarılması və hərracda satılmasına dair, hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən ünvana göndərilmiş bildirişləri 03.03.2021-ci il tarixdə almışlar. Bildirişlərdə göstərilir ki, ipoteka ilə yüklənmiş daşınmaz əmlakın satışına dair hərrac Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156 (20A), məhəllə 1933-də 19 mart 2021-ci il tarixdə saat 11:00-dan saat 17:00-a kimi keçiriləcəkdir. Bu barədə məlumat iddiaçılara hərracın keçirilməsinə 16 gün qalmış bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi təşkilatçı mülki qanunvericiliyin qeyd etdiyi maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən hərracın keçirilməsi dayandırılmalıdır. O cümlədən qeyd edilən kimi əmlakın bazar dəyərindən çox aşağı qiymətləndirilməsi iddiaçıları qane etmir. Həmin ərazilərdə yerləşən analoji obyektlərin qiyməti daha yüksəkdir. Ona görə də həm də belə hesab edilir ki, qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən 20.000 manat dəyərində qiymətləndirilməsinə dair 04.05.2018-ci il tarixli, G-481 saylı rəyi, daşınmaz əmlakın faktiki dəyərini əks etdirmədiyinə görə məhkəmə tərəfindən etibarsız sayılmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 21.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 03.07.2018ci il tarixli qətnaməsi (İş № 2(032)-156/2018) ilə qət edilmişdir ki, kredit borcunun ödənilməsi məqsədi ilə cəmi 20.642,86 ABŞ dolları məbləğində pul (hazırki iş üzrə iddiaçı) İddiaçı2a, (hazırki iş üzrə iddiaçı) İddiaçı1a və (hazırki iş üzrə tərəf olmayan) Eynulla Bədəlovdan müştərək qaydada (hazırki iş üzrə tərəf olmayan) "xxxx" QSC-nin xeyrinə tutulmalı, tutma (yuxarıda qeyd edilən mübahisəli) qeyri-yaşayış sahəsinə yönəlməli, qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 20.000 manat olmaqla açıq hərracdan satılmalı, qeyri-yaşayış sahəsi satıldığı halda İddiaçı2 həmin sahəyə olan istifadə hüququnun itirilməli, o, həmin sahədən çıxarılmalı, qeyri yaşayış sahəsi boşaldılmalı və alıcıya təhvil verilməlidir və sair. Qətnamə qüvvəyə mindikdən sonra onun əsasında icra vərəqəsi tərtib edilmiş və qətnamə icraya yönəldilmişdir. Şirvan Şəhər Məhkəməsi ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətini iş üzrə Cavabdeh2 MMC tərəfindən verilmiş “qiymətləndirilmə hesabatına” əsasən 20.000 manat məbləğində müəyyən etmişdir. "xxxx" MMC tərəfindən İddiaçı2a, İddiaçı1a və Eynulla Bədəlova ünvanlanmış hərracın keçirilməsinə dair 23.02.2021-ci il tarixli 01/1142 nömrəli, 01 nömrəli “Bildirişdən” görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin satılması ilə bağlı təşkil edilmiş hərrac 19.03.2021-ci il tarixdə, saat 11:00-17:00-dək keçiriləcək. İşdə olan sənədlərdən görünür ki, həmin tarixdə keçirilmiş hərrac baş tutmamışdır. "xxxx" MMC tərəfindən həmin şəxslər ünvanlanmış hərracın keçirilməsinə dair 30.03.2021-ci il tarixli, 01/1142 nömrəli, 02 nömrəli “Bildirişdən” görünür ki, həmin qeyriyaşayış sahəsinin satılması ilə bağlı təşkil edilmiş hərrac 08.04.2021-ci il tarixdə, saat 11:00-17:00-dək keçiriləcək. İşdə olan Poçt qəbzlərindən görünür ki, İddiaçı2, İddiaçı1 və Eynulla Bədəlov poçt qəbzlərini imzalayaraq qəbul etmişlər və hərracın keçirilməsi barədə məlumatlı olmuşlar. “Birja Yenilikləri” qəzetinin müvafiq saylarından görünür ki, hərracın keçirilməsi barədə həmin saylarda müvafiq elanlar dərc edilmişdir. İddiaçılar tərəfindən 15.03.2021-ci il tarixdə "xxxx" MMC-yə ünvanlanmış ərizədən görünür ki, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 20.000 manat olmaqla, 19.03.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən hərracda satışa çıxaracağı haqqında ünvana göndərilmiş 01/1144 №-li 23.02.2021-ci il tarixli bildirişləri rəsmən poçt vasitəsilə 03.03.2021-ci il tarixdə almışlar. Göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi onun tərəfindən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və son nəticədə Banka olan borc ödənilmədiyindən Bankın tələbi məhkəmə qətnaməsinə əsasən həmin qeyri-yaşayış sahəsinin üzərinə yönəldilmiş, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 20.000 manat məbləğində müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Qanunun 39.2-ci maddəsinə görə, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Qanunun 41-ci maddəsinin mənasına görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qanunun 44-cü maddəsinə görə, bu Qanunla müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Qanunun 53-cü maddəsinin tələbinə görə, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-nin 15.2.-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hərracın dayandırılması hissəsində iddia əmlakın hərraca çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin icrasına maneçilik yaratdığından əsassızdır və Rayon Məhkəməsi iddianı həmin hissədə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, iddianın “daşınmaz əmlaka dair qiymətləndirmənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, yekunlaşmamış hərrac üzrə məhkəmə qətnaməsi ilə əmlakların qiyməti müəyyənləşməsi və müvafiq icra vərəqəsi əsasında hərrac təşkil edilməsi həmin əmlaklarla bağlı qiymətin təkrar mübahisələndirilməsini istisna edir. Qeyd edilənlərə əsasən hərracla bağlı hərəkətlərin qanunsuz hesab olunması, qiymətləndirmənin və hərracın barədə iddiaçının xahişinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və Rayon Məhkəməsi bu tələbi eyni əsasla rədd etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar