Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7452/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və əlavə xərcin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)- 1746/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar.
2. Tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur.
3. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment və uşaqlar üç yaşına çatanadək 200 manat məbləğində aliment və 425.25 manat əlavə xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 avqust 2019-cu il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladları - xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Cavabdeh ata olaraq heç bir maddi köməklik göstərmir. Uşaqların təlim-tərbiyəsi, təhsili, sağlamlığı, fiziki və mənəvi inkişafı ilə özü məşğul olur, yemək, paltar və yol xərclərini özü çəkir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Cavabdehin harada işləməsi və nə qədər əmək haqqı alması barədə məlumatı yoxdur.
6. 11 avqust 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment və uşaqlar üç yaşına çatanadək 200 manat məbləğində aliment və 425.25 manat əlavə xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1746/2022 saylı qətnaməsi ilə (hakim M.Bağırova) iddia qismən təmin edilmiş, Cavabdeh, 25 iyul 2022-ci il tarixdən başlayaraq, 30 may 2020-ci il təvəllüdlü X1 və 12 iyul 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində aliment və 30 may 2020-ci il təvəllüdlü X1 və 12 iyul 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulması məqsədə uyğun deyil. Belə ki, təqdim olunmuş arayışdan görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində nasos qurğularının maşinisti işləyir və onun əmək haqqı 496,08 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X7 xeyrinə hər ay, hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulması məqsədə uyğundur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı himayəsində azyaşlı uşaqlarının olması ilə bağlı işləmək imkanına malik olmadığından, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək cavabdeh iddiaçıya aliment ödəməlidir ki, həmin alimentin məbləğini məhkəmə 50 manat müəyyən edir.
10. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə əlavə xərclərə görə 425,25 manat tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən əlavə xərclərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, iddia tələbi əlavə xərclərin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 81.1-ci maddələrinə, "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-1746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın təmin edilməmiş hissəsində də iddianın təmin edilərək Cavabdeh – xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200,00 manat, cəmi 400,00 (dörd yüz) manat sabit pul məbləğində aliment və uşaqlar üç yaşına çatanadək İddiaçı üçün 200,00 (iki yüz) manat məbləğində aliment və 425,25 (dörd yüz iyirmi beş manat iyimir beş qəpik) manat pulun tutulmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Əgər uşağın yaşaması üçün minimumu 193 manatdırsa və ana uşaqların yaşı nəzərə alındığı zaman işləmək imkanı da yoxdursa, bu zaman uşaqlar və ana dövlətin müəyyən etdiyi minimum yaşayış səviyyəsindən məhrum olur. Belə ki, məhkəmə cəmi 310 manat məbləğində aliment tutmuşdur. Halbuki, ana və uşaqlara minimum cəmi 193+193+220=606 manat pul lazımdır ki, minimum səviyyədə yaşaya bilsin. Son günlər qiymətlərdə olan artımlar heç həmin məbləğə də minimum səviyyədə yaşamağa imkan vermir. Lakin məhkəmə alimentin məbləğini müəyyən edən zaman bunları nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
16. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, apellyasiya şikayətinə iştirakları olmadan baxılmasını və təmin edilməsini xahiş etmişlər.
17. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qismən ləğv edilərək, iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsinə yönəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
22. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
23. 76.2-ci maddəsinə əsasən təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
24. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
25. 78.2-ci maddəsinə görə pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
26. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 27.84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında aliment ödənilməsi barədə saziş olmadıqda arvad zəruri vəsaitə malik olan ərdən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
28. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
29. 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
30. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
31. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı:
32. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.
AR Mülki Prosessual Məcəlləsinin:
33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
38. İşin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflər rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar. Mübahisələndirilən qətnamədən cavabdeh apellyasiya şikayəti verməmiş, iddiaçı isə qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir.
39. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.
40. Bu mənada kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.
41. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
42. Göstərilən yanaşmadan çıxış edərək kollegiya apellyasiya şikayətinin dəlillərini hər uşaq üçün sabit pul məbləğində alimentin məbləğinin müəyyənləşdirilməsi hissəsində qismən əsaslı hesab edir.
43. Belə ki, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği hazırki vəziyyətdə iki uşağın saxlanılması üçün yetərli və ağlabatan məbləğ deyildir.
44. Kollegiya bu qənaətə gələrkən ona istinad edir ki, iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş uşaqların hər ikisi iddiaçının yanında qalır, həmçinin uşaqlar azyaşlı olmaqla onların 3 yaşı tamam olmamışdır, iddiaçı azyaşlı uşaqların saxlanılması ilə məşğul olduğundan işləmək imkanından məhrumdur və uşaqların maddi təminatı tamamilə cavabdehin ödəməli olduğu alimentin məbləğindən asılıdır. Bununla yanaşı, kollegiya onu da nəzərə alır ki, cavabdeh daimi işlə təmin olunmuşdur və onun aylıq qazancı aldığı 473 manat əmək haqqından ibarətdir.
45. Kollegiya qeyd edir ki, alimentin təyin edilməsi zamanı yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə istinad edilməsi düzgün olsa da, aliment məbləğin məhz həmin yaşayış minimumu həcmində müəyyən edilməsinə dair qanunvericilkdə hər hansı göstəriş yoxdur.
46. Əksinə, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən 27 iyul 2016-cı il tarixli qərarında alimentin məbləğinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğ kimi digər valideyndən tutulmalı olması qeyd edilmişdir.
47. Göstərilənlər onu deməyə əsas verir ki, uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması və aliment ödəməli olan valideynin maddi vəziyyəti nəzərə alınmalı, müəyyən edilən aliment məbləği qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğdə olmalıdır.
48. İşin yuxarıda sadalanan diqqətəlayiq hallarını, habelə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin məbləğinin hər uşaq üçün 200 manat müəyyən edilməsi onun maddi vəziyyətinə uyğun olmayacaqdır.
49. Bununla yanaşı, kollegiya birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hər uşaq üçün 130 manat alimentin məbləğini də onların maddi cəhətdən minimal ehtiyaclarının ödənilməsi baxımından kifayət hesab etmir və hazırkı vəziyyətdə iddiaçıdan iki uşağın saxlanması üçün ümumilikdə 320 manat (hər uşaq üçün 160 manat) pulun tutulmasını işin hallarına uyğun hesab edir.
50. Kollegiya həmçinin iddiaçının himayəsində azyaşlı uşaqlarının olması ilə bağlı işləmək imkanına malik olmamasını nəzərə alaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək özünün saxlanması üçün tələb etdiyi alimentin məbləğinin birinci instansiya məhkəməsi tərəfindən 50 manat müəyyən edilməsini işin hallarına uyğun hesab edir.
51. Əlavə xərclərə görə 425,25 manatın tutulması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən əlavə xərclərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, iddia tələbi əlavə xərclərin tutulması hissəsində əsassız olmuşdur.
52. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan alimentin məbləği hər uşağa görə 160 manat müəyyən edilməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1746/2022 saylı qətnaməsi Cavabdeh 25 iyul 2022-ci il tarixdən başlayaraq, 30 may 2020-ci il təvəllüdlü X1 və 12 iyul 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilsin və alimentin məbləği hər ay hər uşağa görə 160 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.