Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7467/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlunun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi qismində Şahin Rəfiyev tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında imzalanmış 03 aprel 2006-cı il tarixli müqavilənin onun maraqlarına toxunan hissədə, yəni Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8 K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan, C korpusu, K-N hərifoxları və 8-10 rəq. oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan, A2 korpusu, K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC tərəfindən İlqar Ağahəhimoviçə satılması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 isə İddiaçı, Cavabdeh1 MMC-yə və Cavabdeh4 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd olunması, onunla Cavabdeh1 MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında sahibliyinə və istifadəsinə təhvil verilmiş, ümumi sahəsi 4564 kv.metr olan qeyri-yaşayış sahələrində tərəfindən pəncərələrin və qapıların quraşdırılması, eləcə də daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsi, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmiri və s. bu kimi tikinti işlərinin yerinə yetirilməsi faktının təsdiq olunması, həmin təmir-tikinti işlərinin aparılmasına İddiaçı, "Cavabdeh1” MMC və Cavabdeh4 tərəfindən edilən müdaxilələrin qanunsuz hesab edilməsi, müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliklərin, yəni ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac materiallarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işlərinin "Cavabdeh1” MMC tərəfindən yerinə yetirilməmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh2 iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək Binəqədi rayon icra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında mülkiyyət hüququ ilə sahibliyinə və istifadəsinə təhvil verilmiş, Bakı şəhəri, Atatürk pr. 3078 "A” məhəlləsindəki yaşayış binasında yerləşən 2 mərtəbəli "Ticarət Mərkəzi”ndə iş ahəngini pozan hərəkətlərin və obyektlərdə göstərilən fəaliyyətlə bağlı müdaxilə və maneəçiliklərin törədilməsinin "Cavabdeh1” MMC-yə, İddiaçı, Cavabdeh4, onların nümayəndələrinə və digər şəxslərə qadağan olunması; mülkiyyət hüququ ilə onun sahibliyinə və istifadəsinə verilmiş ümumi sahəsi 4564 kv.metr olan həmin qeyri-yaşayış sahələrində tərəfindən pəncərələrin və qapıların quraşdırılmasına, eləcə də daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsinə, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmirinə və s. bu kimi tikinti işlərinin yerinə yetirilməsinə çəkilən ümumi xərclərin (təxminən ******* manat) İddiaçı mübahisələndirdiyi obyektlərin həcminə müvafiq olaraq, mütənasib hissəsi miqdarında İddiaçı banklarda olna hesablaşma hesablarındakı, o cümlədən depozit hesablarındakı pul vəsaitlərinin çıxışına və qalan hissəsi miqdarında isə "Cavabdeh1” MMC-nin banklarda olan hesablaşma hesablarındakı pul vəsaitlərinin çıxışına həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmənin 14 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan Cavabdeh1 MMC-nin nümayəndəsi qismində Şahin Rəfiyev tərəfindən verilmiş şikayət məhkəmənin 25 iyun 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından Şahin Rəfiyevin Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənəd mövcud olmamaqla (adı çəkilən şəxsə verilmiş etibarnamə 31.12.2020-ci il tarixindək qüvvədə olmuşdur) birinci instansiya məhkəməsi onu tələbkarın təmsilçisi kimi qəbul etməklə səhvə yol vermişdir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilərək apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2235/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi qismində Şahin Rəfiyev tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7467/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7467/2021
06.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver