Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7469/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-577/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Lənkəran şəhəri Şəhidlər Xiyabanı 69 ünvanında yerləşən X4 İstismar İdarəsindən ona məxsus cəmi 120 metr boruların, bazar qiyməti 1330 AZN olmaqla, qaytarılması və ya həmin boruların qarşılığında nağd pul şəklində 1330 manat pulun, dəymiş 50.000 manat mənəvi ziyanın ödənilməsi və ödənilmiş 10,40 manat dövlət rüsumunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-577/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı 20.05.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-577/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi işdə iştirak edən tərəflərə rəsmi qaydada məhkəmənin 29 mart 2021-ci il tarixli məktubu ilə göndərilmişdir. İddiaçı 16 aprel 2021-ci il tarixdə qətnaməni rəsmi qaydada əldə etmiş və apellyasiya şikayəti ilə 20.05.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-577/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-577/2021 nömrəli 04 mart 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu apelyasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmış, apelyasiya şikayətində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra iddiaçının qanunla müəyyən edilmiş qaydada təkrar apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Daha sonra iddiaçı 17.06.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qərardadda qeyd olunan çatışmazlığı aradan qaldıraraq apellyasiya şikayətinə dövlət rüsumunun əlavə edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı qətnamədən 16 aprel 2021-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı 17.06.2021-ci il tarixdə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməklə, qətnamədən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş, lakin ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-577/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7469/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7469/2021
05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver