Məhkəmə qərarları › İş №2(103)-7475/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7475/2021

17.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7475/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-62/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “əmək haqqı, yanacaq haqqı və əlavə xərclər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitələrinin sahibləri ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə əsasında 01 iyun 2019-cu il tarixdən şəxsi avtomobilləri ilə 01 sentyabr 2019-cu il tarixə kimi işlədikləri icarə haqqının İddiaçı1 18.000 manat pulun, İddiaçı3 14.000 manat pulun və İddiaçı2 10.500 manat pulun Cavabdeh MMC-dən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-62/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddia tələbi təmin olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh onu mübahisələndirmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin əsassız və qeyri-qanuni olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini qeyd edərək göstərmişdir ki, rayon məhkəməsi iddiaçıların müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməsi ilə bağlı məsələyə hüquqi qiymət verməmiş, həmçinin əlavə xərclərlə bağlı iddia tələbinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilməməsinə baxmayaraq, iddia tələbini tam təmin etməklə yanlışlığa yol vermişdir. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflər arasında icarə müqaviləsi olmasına baxmayaraq, iddiaçılar öz öhdəliklərini hansı müddət ərzində icra etmələri, gördükləri işlərin təhvil verilməsi, eləcə də əlavə xərclərlə bağlı iddia tələbinə dair sübutlar təqdim etməmişlər. Həmçinin, iddiaçılar əvvəlki direktor Azərin zamanında işləmişlər, buna görə də iddiaçılar iddia tələblərini Azərə qarşı verməlidirlər. Buna görə də, rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, icarə müqaviləsi əsasında 3 ay müqavilə şərtlərini yerinə yetirsə də, ona heç bir ödəniş edilməmiş, həmin müddət ərzində onun bir maşını icarədə olmuş, sürücüyə, yanacağa və maşının ehtiyyat hissələrinə əlavə pul xərcləmişdir. Ona görə də, apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlə müqavilə bağlanmış, müqavilə şərtlərini icra etmiş, iki ay 10 gün faktiki işləmiş, sonrakı müddətə iş dayanmış, o ancaq müqavilə pulunu istəyir, əlavə xərclərə dair tələbi yoxdur. Buna görə də, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, icarə müqaviləsi əsasında 3 ay 10 gün işləmiş, sonra iş dayanmış, 3 aylıq icarə haqqını tələb edir. Həmçinin, maşını özü idarə etməklə öhdəliklərini icra etdiyindən əlavə xərclərə dair tələbi yoxdur. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, iddiaçılar müqavilə şərtlərini icra etmiş, hüquqi şəxsin rəhbərinin dəyişməsi müqavilənin icrasından imtina üçün əsas olmamalıdır. Həmçinin, İddiaçı1 nəqliyyat vasitəsini digər iddiaçılardan fərqli olaraq, özü idarə etməmiş, sürücüyə əmək haqqının verilməsi, nəqliyyat vasitəsi üçün yanacaq, ehtiyyat hissələrin dəyişməsinə əlavə xərcləri çıxmış, həmin tələblər müqavilə şərtlərinə uyğun olmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edirəm. Sübutların tədqiqi: İddiaçılar İddiaçı3 ilə cavabdeh arasında 01 iyun 2019-cu il tarixdə “BMC” markalı, 99MN918 və 99MV918 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə nəqliyyat xidmətinin göstərilməsi haqqında iki müqavilə bağlanmış, həmin müqavilələrə görə İddiaçı3 “icraçı” qismində nəqliyyat xidmətinin göstərilməsini, cavabdeh isə “sifarişçi” kimi ona hər ay hər nəqliyyat vasitəsi üçün 3.500 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı2 ilə cavabdeh arasında 01 iyun 2019-cu il tarixdə “HowoZZ” markalı, 99HG876 nömrəli dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə nəqliyyat xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmış, İddiaçı2 nəqliyyat xidmətinin göstərilməsini, cavabdeh isə ona hər ay 3.500 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı1 ilə cavabdeh arasında 01 iyun 2019-cu il tarixdə bağlanmış maşın mexanizmlərin icarə müqaviləsinə əsasən mülkiyyətində olan “Shacman” yük markalı, **-VK-*** dövlət nömrə nişanlı avtomobili avtomobil yollarının tikintisi və təmiri işləri üçün Cavabdeh MMC-yə icarəyə vermiş, cavabdeh aylıq icarə haqqı olaraq 3.500 manat pulu İddiaçı1 ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə 31 dekabr 2024-cü il tarixədək bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(011)- 8463/2019 saylı qiyabi qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “əmək haqqı, yanacaq haqqı və əlavə xərclər” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnaməni ləğv edib işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(011)- 6577/2020 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. Xətai Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli protokolundan görünür ki, cavabdehin nümayəndəsi E.Quliyev bildirmişdir ki, iddiaçılar şirkətin ondan əvvəlki sahibinin vaxtında işləyiblər. Həmin şəxs Azər adlı şəxs olub, o, məhz işlərin görülməsi üçün Azərə 200.000 manat pul vermiş, Azər isə pul alıb işçiləri də istismar edib. İddiaçılar pulu şirkətdən yox, Azərdən istəməlidir (i/v 118-120). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Belə ki, Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Kollegiya qeyd edir ki, tərəflər arasında 01 iyun 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçılara məxsus nəqliyyat vasitələrini bir aylıq icarə haqqı hər nəqliyyat vasitəsi üçün 3.500 manat olmaqla icarəyə götürmüşdür. Həmin müqavilənin 3.11-ci bəndinə əsasən icarəçi maşın və mexanizmlərin yanacaq, ehtiyyat hissələri, sürücü və əmək haqqı ilə təmin etməlidir. Beləliklə, tərəflər arasında mahiyyət etibarı ilə icarə müqaviləsi bağlanmış, iddiaçılar həmin müqaviləyə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, icarə haqqı ödənilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçıların müqavilə üzrə öhdəliklərinin tam yerinə yetirmədiyi ilə bağlı qeyd edir ki, icarə müqaviləsinə əsasən cavabdeh iddiaçılardan xidmət almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin dəyərini ödəmək vəzifəsinin daşıyıcısıdır. Eləcə də, cavabdehin rəhbərinin dəyişməsi müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfdən icrasından imtina üçün əsas ola bilməz, belə ki, icarə müqaviləsinin tərəfi Cavabdeh MMC-dir. Həmçinin, Xətai Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli protokolundan görünür ki, cavabdehin nümayəndəsi E.Quliyev bildirmişdir ki, iddiaçılar şirkətin ondan əvvəlki sahibinin vaxtında işləyiblər. Həmin şəxs Azər adlı şəxs olub, o, məhz işlərin görülməsi üçün Azərə 200.000 manat pul vermiş, Azər isə pul alıb işçiləri də istismar edib. İddiaçılar pulu şirkətdən yox, Azərdən istəməlidir (i/v 118-120). Kollegiya eyni zamanda cavabdehin apellyasiya şikayətində əlavə xərclərlə bağlı sübut təqdim olunmadığı ilə bağlı qeyd edir ki, iddiaçılardan yalnız İddiaçı1 əlavə xərcləri tələb etmişdir və apellyasiya şikayəti İddiaçı1 münasibətdə təmin olunmalıdır. Belə ki, İddiaçı1 cavabdehlə aralarında bağlanan müqaviləyə istinad edərək əlavə xərclər çəkdiyini bildirsə də, bununla bağlı məhkəməyə bir-biri ilə əlaqəli, mötəbər və təkzibolunmaz sübutlar təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan, Kollegiya hesab edir ki, qətnamə İddiaçı1 aid hissədə dəyişdirilməli, onun xeyrinə tutulmalı məbləğ sübut olunan məbləğdə müəyyən edilməli, onun iddia tələbi əlavə xərc hissəsində təmin edilməməlidir. Belə ki, İddiaçı1 ilə cavabdeh arasında 01 iyun 2019-cu il tarixdə bağlanmış maşın mexanizmlərin icarə müqaviləsinə əsasən mülkiyyətində olan “Shacman” yük markalı, **-VK-*** dövlət nömrə nişanlı avtomobili avtomobil yollarının tikintisi və təmiri işləri üçün Cavabdeh MMC-yə icarəyə vermiş, cavabdeh aylıq icarə haqqı olaraq 3.500 manat pulu İddiaçı1 ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, cavabdehdən alınaraq İddiaçı1 verilməli məbləğ azaldılaraq (3500x3=10.500) 10500 (on min beş yüz) manat müəyyən edilməli, onun iddia tələbi əlavə xərc hissəsində təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, İddiaçı1 münasibətdə dəyişdirilməli, cavabdehdən 10500 (on min beş yüz) manat alınaraq İddiaçı1 verilməli, onun iddia tələbi əlavə xərc hissəsində təmin edilməməli, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, İddiaçı1 münasibətdə dəyişdirilməli, cavabdehdən 10500 (on min beş yüz) manat alınaraq İddiaçı1 verilməli, onun iddia tələbi əlavə xərc hissəsində təmin edilməməli, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-62/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi qismən, İddiaçı1 aid hissədə dəyişdirilsin. Cavabdeh MMC-dən (icarə haqqı olaraq) 10500 (on min beş yüz) manat alınaraq İddiaçı1 verilsin, onun iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar