Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7477/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X2 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) “evin və hasarın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)-870/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X2 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) “evin və hasarın bərpa edilməsi” tələbinə tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)- 870/2022 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin olunmamışdır. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(103)-5621/2022 saylı qərardadı ilə şikayət üzrə apellyasiya qeyri mümkün hesab edilmiş (apellyasiya şikayəti verilməsi üçün müvafiq prosessual müddətin ötürülməsi), buna müvafiq olaraq da Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(001)-870/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Bundan sonra, iddiaçı yenidən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin məzmununda həmçinin buraxılmış prosessal müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)- 870/2022 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpa olupması, eyni zamanda apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsi müzakirəyə çıxarılmış və iddiaçının nümayəndəsi (vəkili) yoxlanılan məsələ ilə bağlı bildirmişdir ki, tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən riayət olunmaqla apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən isə, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. MPM-nin 361.1.4-361.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Apellyasiya şikayəti isə MPM-in qeyd olunan normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş formada (Əlavə 2) tərtib olunmamış, yəni 2 saylı Əlavədə göstərilən bir çox zəruri hissələr şikayətdə öz əksini tapmamış (maddi və prosessual hüquq normalarının pozulmasına dair konkret dəlillər, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və s.), əksinə qanunvericiliyin tələblərinə zidd olaraq şikayətin məzmununda buraxılmış prosessual müddətin bərpasına dair dəlillər göstərilmşidir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bununla yanaşı, qeyd edildiyi kimi apellyasiya şikayətində qanunvericiliyin tələblərinə zidd olaraq buraxılmış prosessual müddətin bərpasına yönəlmiş dəlillər öz əksini tapmış, müddətin üzrlü sayılarq bərpa olunması xahiş edilmişdir. Halbuki, MPM-in 133.3-cü maddəsinin tələblərinə görə, işdə iştirak edən şəxs, prosessual müddətin bərpası barədə ərizə verməklə yanaşı, müddəti buraxılmış zəruri prosessual hərəkəti edə, müvafiq instansiyası üçün şikayətini təqdim edə bilər. Lakin işin materiallarından MPM-nin 133.3-cü maddəsinin tələbləri qaydasında prosessual müddətin bərpasına dair ayrıca ərizə verilməsi müəyyən edilmir. Belə ki, iddiaçı apellyasiya şikayətinin mətnində buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir ki, bu da qanunvericiliyin tələblərinə uyğun müvafiq ərizəni əvəz etmir. Baxılan iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməklə yanaşı, prosessual müddətin bərpasına dair ayrıca ərizə verildiyi təqdirdə, belə ərizəyə mahiyyəti baxıla bilərdi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının prosessual müddətin bərpasına dair ərizəsi olmadan, müddətin bərpası məsələsi üzrə hüquqi qiymətləndirmənin aparılması MPM-nin 133-cü maddəsinin tələblərinə uyğun deyildir. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361-ci və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)-870/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)- 870/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 2(103)-7477/2022 saylı qərardadı ləğv olunsun, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7477/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7477/2022
13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver