Məhkəmə qərarları › İş №2(103)-7478/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7478/2020

30.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7478/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi (qardaşı) Elxan Mirzəyevin, cavabdehin nümayəndəsi (atası) Saleh Nurullayevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində tələb olunub ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4326/2015 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamə ilə uşağın (xx.xx.2008-cil təvəllüdlü X1) yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay atadan (İddiaçı) tutularaq anaya (Cavabdeh) verilən 500 manat alimentin miqdarı azaldılsın, aliment hər ay atanın aldığı təqaüdün 1/3 hissəsi kimi tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı azaldılaraq 300 manat müəyyən edilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Hər iki tərəf apelyasiya şikayəti verib. Atanın apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Ananın apelyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və iddia tam rədd olunsun. Məhkəmə iclasında iştirak edən, atanın nümayəndəsi Elxan Mirzəyev atanın apelyasiya şikayətinin əsaslı olduğunu, ananın nümayəndəsi Saleh Nurullayev isə ananın apelyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Məhkəmə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin və Mülki-Prosessual Məcəllənin 233.4-cü maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, alimentin tutulma forması (sabit forma) dəyişdirilərək aliment qazancın və başqa gəlirlərin 1/3 hissəsi kimi (nisbi formada) tutulmalıdır. Belə ki, aliment 2 formada tutula bilər: 1) sabit formada (sabit pul məbləği kimi); 2) nisbi formada (qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi). Aliment indiyə kimi sabit formada tutulub, hazırda isə nisbi formada tutulması üçün əsas mövcuddur. Belə ki, alimentin sabit formada tutulması müəyyən edildikdən (xx.xx.2015-ci il tarixdən) sonra atada sağlamlıq problemləri yaranıb və ona 1-ci qrup müddətsiz əlillik təyin olunub (iş v. 13, vəsiqə). Onun diaqnozu belədir: “Hər iki bud çanaq və diz oynaqlarının deformasiyaedici artozundan sonrakı vəziyyət. Hər iki bud-çanaq oynağının ankiliozu, bükücü və açıcı hərəkətlərin olmaması və kəskin ağrı sindromu ilə. Sol diz oynağının xroniki osteomieliti. İrinli maye ifraz olunan SVİŞ ilə. Qabarıq asteno nevrotik sindrom” (iş v. 82, TSEK-nın məlumat vərəqi). Habelə, atanın vəziyyətini əks etdirən, əlil arabasındakı fotoları da iş materiallarına əlavə edilib (iş v. 63-69). Hazırda atanın müstəqil gəlir mənbəyini (sahibkarlıq fəaliyyəti və digər fəaliyyətlə bağlı) olması, mülkiyyətində gəlir gətirə biləcək daşınar və daşınmaz əşyaların (avtomobil, qeyri-yaşayış sahəsi və digər) olması barədə heç bir sübut yoxdur. O, “qazanc əldə etmək qabiliyyətinə malik olan, lakin buna təşəbbüs göstərməyən şəxs” hesab edilə bilməz, çünki hərəkət edə bilməsi üçün kənar şəxsin köməyinə ehtiyacı var. Həmçinin, o, sağlamlıq problemi ilə bağlı tibbi xərcləri ödəməlidir. Belə vəziyyətdə alimentin sabit formada tutulması Ailə Məcələsinin 78-ci maddəsinin tələblərinə uyğun deyil. Sabit forma ən azı 3 məsələyə münasibətdə əsaslandırma tələb edir: 1) tərəflərin maddi vəziyyət; 2) tərəflərin ailə vəziyyəti; 3) uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanması. Yuxarıda qeyd edilənlər belə əsaslandırmanı mümkünsüz edir. Bundan fərqli olaraq nisbi forma belə əsaslandırma tələb etmir, mövcud olan və ya gələcəkdə ola biləcək qazancın və başqa gəlirlərin qanunda müəyyən edilmiş hissəsi kimi tutulur. Alimentin nisbi formada tutulması əks tərəfin mənafeyini pozmur. Belə ki, əks tərəf bildirir ki, ata yüksək qazanca və başqa gəlirə malikdir. Əgər əks tərəf bunu təsdiq edən sübutları qətnaməni icra edən icra məmuruna təqdim edərsə aliment yüksək qazancın və başqa gələrlərin hissəsi kimi tutulacaq. Aliment 1/3 hissə kimi tutulmalıdır. Bunu məhkəmə qeyd edilənlərlə əsaslandırır. Birinci, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi alimenti 1 uşağa görə 1/4 hissə kimi müəyyən etsə də, 76.2-ci maddə məhkəməyə bu miqdarı artırmaq səlahiyyəti verib. İkinci, atanın özü iddia ərizəsində alimentin 1/3 hissə kimi müəyyən edilməsini tələb edib. Bu zaman o, əlilliyi ilə bağlı verilən müavinətin 1/3 hissəsini nəzərdə tutub. Lakin aliment qazancın və başqa gəlirlərin 1/3 hissəsi kimi tutulmalıdır. Bu zaman Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 98 nönrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri” əsas götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4326/2015 nömrəli mülki iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü uşaq X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir hissəsi) miqdarında aliment tutularaq Cavabdeh verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar