Məhkəmə qərarları › İş №2(103)-750/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-750/2024

11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-750/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: uşağın saxlanılması üçün aliment tutulması, valideynin maddi vəziyyətinin nəzərə alınması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh 2008-ci ildən qeyri-rəsmi ər-arvad münasibətlərində olmuş, xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından (münasibətlərindən) xx.xx.2009-cu il tarixdə Tural, xx.xx.2011-ci il tarixdə Ramal adını verdikləri uçşaqları dünyaya gəlmişdir.

2. Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların onun himayəsində saxlanılmaları və aliment ödənilməsi” tələbi İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmuş, onların arasında bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 analarının yanında qalmaları, onların saxlanılması üçün İddiaçı xx.xx.2019-cu il tarixindən etibarən hesablanmaqla hər ay hər uşağa görə 160 manat məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

3. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, xx.xx.2009cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmaları, onların xx.xx.2019-cu il tarixindən etibarən faktiki olaraq atalarının yanında qalmaları nəzərə alınaraq həmin dövr üçün hesablanmış aliment borcunun silinməsi qət olunmuşdur.

4. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, uşaqlar xx.xx.2019-cu il tarixindən etibarən atalarının himayəsində yaşayırlar.

5. İddiaçı birinci dərəcəli əlildir, xroniki böyrək çatışmazlığından əziyyət çəkir və 587 manat pensiya alır.

6. Cavabdeh hazırda İmişli rayonunda mağzada satıcı işləyir, aylıq qazancı 300 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin, habelə mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh rəsmi nikah bağlayaraq ailə qurmuş, nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-cu il təvəllüdlü X5 doğulmuşlar. Sonradan cavabdehin ona qarşı münasibəti pisləşdiyinə görə İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqları cavabdehin yanında saxlanılmışlar. Cavabdeh uşaqları onun üstünə ataraq başqa bir şəxslə qoşulub qaçmış, buna görə də iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək uşaqlarının yanında qalmasının müəyyən edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmiş, X4 və X5 onun yanında qalmışdır. Xroniki böyrək çatışmamazlığından əziyyət çəkdiyinə görə birinci dərəcəli əlildir, aldığı pensiya ilə uşaqlarını saxlayır. Lakin həmin məbləğ uşaqlarının maddi tələbatlarının ödənilməsinə kifayət etmir. Cavabdeh isə birgə nikahından olan uşaqları ilə maraqlanmır və onların maddi tələbatlarının ödənilməsi üçün ona heç bir köməklik göstərmir. Baxmayaraq ki, uşağın qayğısına qalmaq bir valideyn kimi cavabdehin də borcudur.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, cavabdeh isə maddi imkanının olmadığını, heç bir yerdə işləmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

10. Birinci instansiya məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

11. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci, 100.2-ci, “Uşaq hüquqları haqqında” Qanunun 8-ci, 13-cü, 19-cu, “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad edən məhkəmə mövqeyini belə əsaslandırmışdır: “Aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Cavabdeh övladları ilə maraqlanmır, onun heç bir tələbatlarını ödəmir. Bu səbəbdən də iddiaçı aliment tələbi ilə məhkəməyə müracət etmişdir”.

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və ədalətli qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin onun maddi vəziyyətini nəzərə almayaraq qanunsuz qərar çıxardığı, heç bir yerdə işləmədiyi üçün hər ay 440 manat alimenti ödəmək imkanının olmadığı, hər ay hər uşağa görə 60 manat olmaqla cəmi 120 manat aliment ödəyə biləcəyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

14. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirərək uşaqlar üçün ondan ümumilikdə 120 manat alimentin tutulmasını xahiş etmiş, iddiaçı isə cavabdehin hər uşağa görə 100 manat aliment ödəməsinə etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

18. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

“Uşaq hüquqları haqqında” Qanun

22. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun

23. Maddə 1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər

34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Ailə qanunvericiliyin sadalanan müddəaları (§18-20) alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

39. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

40. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında (§ 17); sabit pul məbləğində (§ 19,20). Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (§ 18), həmçinin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir (§ 20).

41. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, həmin minumumun bütünlüklə aliment ödəməli olan valideyndən tutulması mütləq deyildir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər”.

42. Cavabdehin özünün bildirməsinə görə satışı işləməklə ayda 300 manat maaş alır, onun hər hansı mənbədən əlavə qazanc əldə etdiyinə dair sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği ədalətli deyildir və qətnamənin alimentin məbləğinə aid hissədə dəyişdirilərək cavadehdən hər ay hər uşaq üçün 80 (səksən) manat məbləğində alimentin tutulması hazırki mübahisənin halları baxımından daha ağlabatandır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5507/2023 saylı iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi “xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. Apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar