Məhkəmə qərarları › İş №2(103)-7516/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7516/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7516/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Qələndər qızının, cavabdeh "xxxx" QSC-nin nümayəndə və vəkilləri X1, X2 və Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)-509/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 ölümü ilə əlaqədar sığorta ödənişinin cavabdehlər "xxxx" QSC və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməsi və mənəvi təzminat olaraq 30000 manatın cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)-509/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" QSC-dən 15227,64 (on beş min iki yüz iyirmi yeddi manat, altmış dörd qəpik) manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" QSC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi öz qətnaməsində göstərir ki, “Bakı Metropoliteni" QSC-nin yaradılması haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropolitenin və "xxxx" 'Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçmişdir". Halbuki iddiaçının atası 1 saylı Tunel Tikinti İdarəsində işləmiş, yəni onun işəgötürəni məhz 1 saylı Tunel Tikinti İdarəsi olmuşdur. Vaxtilə iddiaçının atası Faiq Əsgərov ilə 1 saylı TTİ arasında mövcud olmuş əmək münasibətlərinin və həmin münasibətlərdən irəli gələn hər hansı mübahisəyə görə "xxxx" QSC cavabdeh ola bilməz. İşçini sığorta etdirmək vəzifəsini daşıyan həmin işçinin İşəgötürəni idi və “Qala Həyat Sığorta’’ ilə 11.03.2011-ci il tarixində bağlanmış QAL- 00000088 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" müqaviləsindən də göründüyü kimi müqavilə tərəfi olaraq hüquqi şəxs kimi çıxış edən 1 saylı TTİ olmuşdur.“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 7.3-cü bəndində də işçilərini sığorta etdirmək vəzifəsini yerinə yetirmədiyinə görə yaranan öhdəlik də məhz İşəgötürənin (bu halda, vaxtilə mövcud olmuş 1 saylı TTİ) üzərinə qoyulub. 1 saylı Tunel Tikinti İdarəsi isə "xxxx" ASC-nin hüquqi şəxs statusuna malik olan və qanunvericilikdə hüquqi şəxslər üçün müəyyən olunmuş bütün hüquq və öhdəliklərə, o cümlədən işçiləri ilə əmək müqavilələri bağlamaq, əmək hüquq münasibətlərindən irəli gələn məsələlər üzrə tərəf kimi çıxış etmək hüququna və vəzifələrə malik olan 11 törəmə müəssisələrindən biri olmuşdur. 01.09.2014-cü il tarixdə bu 11 törəmə müəssisənin, o cümlədən 1 saylı Tunel Tikinti İdarəsinin ləğv edilməsi haqqında qərar qəbul edilmiş və ləğvetmə prosessinə başlanılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq ləğvetmə barədə “Vergilər” qəzetində elanlar verilmiş və hüquqi şəxslərin ləğv edilməsinə dair mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun bütün prosedurlar yerinə yetirilmiş və nəticədə 11 törəmə müəssisələrinin ləğv edilməsi və kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılması barədə Vergilər Nazirliyi yanında Bakı şəhər Vergilər Departamentinin Kommersiya X10 Qeydiyyatı İdarəsi tərəfindən 2015ci ilin aprel ayında müvafiq bildirişlər verilmişdir. Bakı şəhər Vergilər Departamentinin Kommersiya X10 Qeydiyyatı İdarəsi tərəfindən 20.04.2015-ci il tarixdə verilmiş **********45 nömrəli bildirişdə 26.05.2000-ci il tarixdə D-418 nömrə ilə dövlət qeydiyyatına alınmış 1 saylı Tunel Tikinti İdarəsinin 17.04.2015-ci il tarixdə ləğv edildiyi və həmin qurumun Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarıldığı qeyd olunmuşdur. Mülki Məcəllənin 61.12-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi bu barədə qeydin X10 reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçının atasının işəgötürəni olan 1 saylı Tunel Tikinti İdarəsi 17.04.2015-ci il tarixdən ləğv olduğundan onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi öz qətnaməsində bu maddi normaları ümumiyyətlə tətbiq etməmişdir və buna dair hər hansı bir münasibəti bildirməmişdir. Bundan başqa, iddiaçının atası X4 ölüm faktı ilə bağlı açılmış cinayət işi üzrə icraata Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 20.11.2012-ci il tarixli Qərarı ilə xitam verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, X4 ölümü ilə nəticələnmiş bədbəxt hadisənin baş verməsində 1 N-li Tunel Tikinti İdarəsinin rəhbər vəzifəli şəxslərinin cavabdehliyi, yəni işəgötürənin təqsiri müəyyən olunmamışdır. Bundan əlavə, X4 ölümünün səbəbi onun tərəfindən tikintidə təhlükəsizlik texnikası qaydalarının, Qazmaçı və Dağ-mədən fəhlələri üçün təhlükəsizlik texnikası üzrə Təlimatının tələblərinin pozulması idi. Bu Qərar iş materiallarına əlavə olunmuşdur. Əmək Məcəlləsinin 239-cu maddəsindən göründüyü kimi, işəgötürən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli olduğu halda dəymiş zərərin əvəzini ödəməlidir. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. "xxxx" ASC-nin 1 saylı Tunel-Tikinti İdarəsinin sözügedən bədbəxt hadisədə təqsiri müəyyən edilmədiyinə görə, işəgötürən Əmək Məcəlləsinin 239-cu maddəsində göstərilən ödənişləri ödəməyə borclu deyildir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi öz qətnaməsində yuxarıda göstərilən maddi normaları tətbiq elməmiş, onlara öz münasibətini bildirməmişdir. Beləliklə, hesab edirik ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 28 aprel 2021-cı il tarixli 2(006)-509/2021 saylı Qətnaməsində maddi və prosessual normaların pozulmasına və düzgün tətbiq edilmədiyinə, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyinə görə sözügedən qətnamə iddianın təmin olunmuş hissəsində ləğv olunmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, "xxxx" ASC-də daxil olmaqla 11 müəssisə 2015-ci il tarixdə ləğv olunmuşdu. 2015-ci ildə törəmə müəssisələr ləğv olunmaqla onların hüquq və vəzifələri də ləğv olundu. Onlar Mülki Məcəllənin 59-cu maddəsinə istinad edirlər. Əmək Məcəllənin 239-cu maddəsinə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xətai Rayon Prokurorluğunun qərarına istinad edərək hazırki iddianı əsassız sayırlar. 1 saylı Tunel Tikinti İdarəsi ləğv olunmasaydı iddiaçının iddia qaldırmaq hüququ qalardı. 1 saylı İdarə sığortalı hesab olunur. İddiaçının anasına baş vermiş hadisə ilə əlaqədar yalnız 1900 manat ödənilib, o, da ancaq humanistlik üçün ödənilib. Ancaq iddiaçı tərəfə 60000 manat ödənilməyib. Bu məlumat texniki səhf olub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 bildirdi ki, 11 tikinti idarəsi törəmə müəssisə idilər və onlar 2015-ci ildə hüquq və vəzifələri başqa hüquqi şəxsə keçmədən ləğv olunublar. Sığorta etdirmək vəzifəsi də 1 saylı Tunel Tikinti İdarəsinin vəzifəsi olub. Həmin İdarənin vəzifəsinə görə hazırda təmsil etdiyi Cəmiyyət cavabdehlik daşımamalıdır. Bundan başqa, Ələsgərov Faiq vəfat edən vaxt oğlu -hazırki iddiaçı uşaq olsa da, onun arvadı var idi və hətta cinayət işində də arvadı hüquqi varis kimi tanınmışdı. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 bildirdi ki, Faiq Əsgərov öldüyü vaxt işəgötürən tərəfindən icbari qaydada sığortalanmamış, yəni onunla bağlı konkret sığorta müqaviləsi bağlanmamışdır. Əgər sığorta olunmuş olsaydı sığorta hadisəsi ilə əlaqədar veriləcək sığorta ödənişinin məbləği 15227,64 manat olmalı idi. Çünki, eyni vəzifədə işləyən şəxsin maaşına uyğun olaraq Nazirlər Kabinetinin 29 oktyabr 2010-cu il tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydasına və Maliyyə Nazirliyinin tərtib etdiyi düstura əsasən müəyyən edilmiş sığorta ödənişi məbləğidir. Çünki, DSMF-dən Əsgərov Faiqin əmək haqqısı barədə arayış təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Qələndər qızı bildirdi ki, 60.000 manat onlara ödənilməyib. Metropoliten bu barədə məktub verib, lakin sonra bildirdilər ki, həmin məktubda texniki səhv olub. Hüquq varisliyini təsdiq edən hazırki məktubu təqdim edir. Cavabdeh tərəfindən verilən bu məktubdan da görünür ki, hal-hazıradək hər ay iddiaçının anasına təyin edilmiş 521,43 manat ödənilir. Bu humanistlik baxımından deyil, Nazirlər Kabinetinin qərarınına əsasən ödənilir və hazırda da oğlu, yəni iddiaçı təhsil aldığı üçün cavabdeh QSC tərəfindən bu məbləğ ödənilir. Əvvəllər isə ilkin olaraq 487 manat ödənilirdi. Əgər, cavabdeh hüquqi varis deyilsə bu məbləği hansı əsasla ödəyir?Ona görə də şikayət əsassız olduğundan rədd olunmasını xahiş edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarında olan "xxxx" ASC-nin 1 saylı Tunel Tikinti İdarəsi ilə X8 arasında bağlanmış 30.03.2012-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X8 1 saylı Tunel Tikinti İdarəsində 162 №-li sahə - üçüncü dərəcəli yeraltı fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Lənkəran rayonu Liman şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən 26 sentyabr 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 548560 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31.08.2012-ci il tarixdə həyatla bir araya sığmayan travma səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.09.2012-ci il tarixdə 60 № ilə qeyd edilmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Həmin Qanunun 20.0.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir İddiaçının atası X8 31.08.2012-ci il tarixdə iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən vəfat etmişdir. Faiq Əskərov sığorta olunmamışdır. Hazırda iddiaçı atasının ölümü ilə bağlı müvafiq sığorta məbləğinin cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iş materialları əsasında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının atasının vəfat etməsi müəyyən edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası»na əsasən sığorta ödənişi kimi ödənilməli olan 15227,64 manat məbləğində pul iddiaçıya dəymiş zərərin əvəzi kimi "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropolitenin və "xxxx" Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçmişdir. Məhkəmə həmçinin hesab edir ki, digər Cavabdeh2 Sığorta Şirkəti ASCnin iddiaçı qarşısında hər hansı öhdəlik daşımadığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində və onun vəkili məhkəmə baxışı zamanı cavabdeh "xxxx" QSC-nin təqsiri nəticəsində iddiaçıya mənəvi zərərin vurulmasını qeyd etsə də, cavabdeh "xxxx" QSC-nin tərəfindən iddiaçıya mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının atasının ölümündə cavabdehin təqsiri müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassızdır və təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilən hissəsi, (şikayətlərin obyekti apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissəyə isə toxunulmur. Hazırki iş üzrə, iddianın təmin edilən hissəsi üzrə iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi bu hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin , 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən Cəmiyyət Bakı Metropolitenin və "xxxx" Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2014-cü il tarixli 201 nömrəli Qərarının 3-bəndinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropoliteninin və "xxxx" Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni və "xxxx" Səhmdar Cəmiyyəti hüquqi şəxs statusunu itirirlər. Göründüyü kimi, iddiaçının atası "xxxx" Səhmdar Cəmiyyətinin təsis etdiyi 1 saylı Tunel Tikinti İdarəsində işləsə də və onun işəgötürəni 1 saylı Tunel Tikinti İdarəsi olsa da bu hal cavabdehi hazırki iddia üzrə iddiaya cavab verməli olmayan şəxs hesab edilməsi üçün əsas ola bilməz. Çünki, yuxarıda qeyd olunan həm Prezidentin Sərəncamında, həm də Nazirlər Kabinetinin Qərarında müəyyən edilmişdir ki, cavabdeh Bakı Metropoliteninin və "xxxx" Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Demək, Bakı Metropoliteninin və "xxxx" Səhmdar Cəmiyyətinin hüquqi varisidirsə, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları da cavabdehə keçmişdirsə 1 saylı Tunel Tikinti İdarəsinin öhdəlikləri və vəzifələri də ona keçmişdir. 1 saylı Tunel Tikinti İdarəsi iddiaçının mərhum atası ilə bağlı sığorta etdirmək vəzifəsini yerinə yetirmədiyinə görə cavabdeh məsuliyyət daşımalıdır. Çünki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 7.3-cü maddəsinə əsasən bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Ona görə də 1 saylı Tunel Tikinti İdarəsinin ləğv edilməsi onun vəzifələrini yerinə yetirmədiyinə görə hazırki cavabdehi öhdəlikdən azad edə bilməz. Mülki Məcəllənin 61.12-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi bu barədə qeydin X10 reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Bakı Metropoliteni və "xxxx" Səhmdar Cəmiyyəti dövlət müəssisəsi olduğundan onların ləğv edilməsi, hüquq və öhdəliklərinin, habelə əmlakının yeni hüquqi varisə keçməsi dövlətin qərarı ilə, başqa sözlə hazırki işdə olduğu kimi Prezidentin sərəncamı və Nazirlər Kabinetinin qərarına əsasən həll edilmişdir. Ona görə də Mülki Məcəllənin 59.1-ci maddəsinin tələbləri baxımından 1 saylı Tunel Tikinti İdarəsinin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilə bilməzdi. Bununla yanaşı, cavabdeh qurumun İnsan Resusrsları və Xidmət Departamentinin 30 sentyabr 2019-cu il tarixli iddiaçının anasına ünvanladığı məktubundan da bəlli olur ki, iddiaçı tərəfə aylıq 521,43 manat təyin olunmuşdur və bugunədək də ödənilir. Əgər cavabdeh özünü 1 saylı Tunel Tikinti İdarəsinin hüquqi varisi hesab etmirsə, onda hansı əsasla qeyd olunan vəsaiti bugunədək iddiaçı tərəfə ödəyir? Əlbətdə ki, bu ritorik sual olsa da cavabdeh buna konkret münasibət bildirməli idi. Cavabdeh tərəf humanist məqsədlə iddiaçı tərəfə ödəniş etdiyini göstərsə də, bu inandırıcı və ağlabatan deyildir. Çünki, humanist məqsədlə uzun illər konkret məbləğlərdə ödənişlər edilə bilməz və bunun üçün əsas olmalıdır. İkincisi, iddiaçının atası X4 ölüm faktı ilə bağlı açılmış cinayət işi üzrə icraata Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 20.11.2012-ci il tarixli Qərarı ilə xitam verilməsi, X4 ölümü ilə nəticələnmiş bədbəxt hadisənin baş verməsində 1 N-li Tunel Tikinti İdarəsinin rəhbər vəzifəli şəxslərinin cavabdehliyi, yəni işəgötürənin təqsirinin müəyyən olunmaması da hazırki iddianın əsassızlığına dəlalət etmir. Çünki, hazırki iddianın predmeti və qanuni əsası fərqlidir. Yəni, iddiaçı Əmək Məcəlləsinin 239-cu maddəsinin tələblərinin pozulmasına görə dəymiş zərərin və əlavə xərclərin əvəzinin ödənilməsini tələb etmir. Ona görə də baş vermiş bədbəxt hadisəyə görə 1 N-li Tunel Tikinti İdarəsinin rəhbər vəzifəli şəxslərinin cavabdehliyinin, yəni işəgötürənin təqsirinin müəyyən olunub-olunmamasının hazırki idianın əsaslılığı baxımından heç bir əhəmiyyəti yoxdur. Başqa sözlə, iddiaçı cavabdehdən Əmək Məcəlləsinin 239-cu maddəsində göstərilən ödənişləri ödəməyi tələb etmir ki, iddia da əsassız sayılsın. Üçüncüsü, qət olunan məbləğin miqdarını tərəflər mübahisələndirməsə də apellyasiya instansiyası məhkəməsi həmin məbləği düzgün hesab edir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16.1 və 16.1.2-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq faydalanan şəxsə birdəfəlik sığorta ödənişi verilir. Həmin Qanunun 16.3-cü və 16.3.2ci maddəsinə əsasən birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəflik sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda verilir. Qanunun 17.4-cü maddəsinə əsasən bu Qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır. Nazirlər Kabinetinin 29 oktyabr 2010-cu il tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydasının 2.1-ci bəndinə əsasən birdəfəlik sığorta ödənişi qanunla müəyyən olunmuş hallarda aşağıdakı kimi hesablanır: 2.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda: 2.1.2.1. hər hanı bir faydalanan şəxs üçün birdəfəlik sığorta ödənişinin məbləği aşağıdakı düsturla hesablanır: Burada: BSÖi — faydalanan şəxsə verilən birdəfəlik sığorta ödənişi; i — faydalanan şəxsin say indeksi; N — sığorta olunanın himayəsində olmuş şəxslərin (ölümündən sonra doğulması gözlənilən uşağı nəzərə alınmaqla) sayıdır; P — sığorta olunanın illik əmək haqqı fondu; A — bu Qaydanın 2.1.3-cü bəndi ilə müəyyən edilmiş müvafiq cədvəldə nəzərdə tutulan, hər hansı bir faydalanan şəxsin, Qanunun 5.1.2.3-cü maddəsində nəzərdə tutulmuş halda isə qulluq edilənlərin ən kiçiyinin yaşına uyğun hesablama əmsalıdır. 2.1.2.2. faydalanan şəxs (şəxslər) üçün bu Qaydanın 2.1.2.1-ci bəndinə uyğun olaraq hesablanan sığorta ödənişinin (sığorta ödənişlərinin cəminin) məbləği sığorta olunanın peşə əmək qabiliyyətini itirmə dərəcəsinin 100 faiz olduğu hal üçün bu Qaydanın 2.1.1-ci bəndinə uyğun hesablanan məbləğindən çox olarsa, sığorta ödənişi (ödənişləri) sonuncu məbləğ 2.1.2.1-ci bəndinə uyğun hesablanan məbləğə (məbləğlərə) mütənasib şəkildə bölüşdürülməklə faydalanan şəxsə (şəxslərə) verilməlidir; 2.1.3. bu Qaydada nəzərdə tutulan hesablama əmsalı müvafiq şəxsin yaşından asılı olaraq aşağıdakı kimi müəyyən edilir: 2.1.3.1. Qanunun 5.1.2.1-ci və 5.1.2.2-ci maddələrində nəzərdə tutulmuş 23 yaşına çatmamış faydalanan şəxslərə verilən sığorta ödənişinə münasibətdə — 2 nömrəli cədvələ uyğun; Yaş Hesablama əmsalı Yaş Hesablama əmsalı 0 11,9745 12 8,4598 1 11,9521 13 7,9517 2 11,8040 14 7,4032 3 11,5968 15 6,8105 4 11,3556 16 6,1706 5 11,0903 17 5,4795 6 10,8000 18 4,7329 7 10,4842 19 3,9271 8 10,1403 20 3,0569 9 9,7684 21 2,1165 10 9,3654 22 1,0995 11 8,9306 — — Göründüyü kimi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2.1-ci və 5.2-ci maddələrinin tələbinə əsasən iddiaçı sığorta olunanın öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan faydalanan şəxs kimi hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və iddiasının qismən təmin edilməsi də əsaslı olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)- 509/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar