Məhkəmə qərarları › İş №2(103)-7518/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7518/2020

14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7518/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2726/2020 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) X16 ilkin iddia üzrə cavabdeh X5 qarşı “əşyaların mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus 1 ədəd televizor, 1 ədəd qorka, 1 ədəd güzgülü kamod, 1 ədəd stol və 6 ədəd stul, bir neçə ədəd qorkadakı qab-qacaq dəstləri, bir neçə ədəd meyvə qabları, 1 ədəd 3x4 ölçüdə xalça, 1 ədəd çıl-çıraq, 3 ədəd ayaqaltı, 1 ədəd dəhlizdəki darojka xalça, 1 ədəd soyuducu,1 ədəd paltaryuyan maşın, 1 ədəd yataq taxtı, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd güzgülü tremo, 1 ədəd tozsoran, 1 ədəd soba, bir neçə ədəd yorğan-döşək, bir neçə ədəd yataq örtüyü 1 ədəd künc divanı və paduşkalardan ibarət əşyaların mülkiyyətində olan ünvan 1ünvanında yerləşən 85 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının X15 ÖM 241338 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prosti, ev.37, m.85 ünvanında yerləşən 2 otaqlı, 29,01 kv.m-dən ibarət mənzil 2005ci il tarixdən ona xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Həmin mənzildə o və ailə üzvləri, oğlu Baxşıyev Röyal Mahir oğlu, qızı X17, nəvələri X18 və X19 qeydiyyatdadırlar. X9 və cavabdeh X11 xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti, ev.37, m.85 ünvanında yerləşən mənzilə müvəqqəti olaraq köçərək onunla birlikdə yaşamağa başlamışlar. İlk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri kəskinləşmiş və xx.xx.2019cu il tarixdə X9 və cavabdeh X11 mənzili tərk edərək həmişəlik yaşamaq üçün başqa evə köçüb getmişlər. Lakin Cavabdeh cehiz əşyaları bugünədək ona məxsus olan mənzildə qalmaqda davam edir. Cavabdeh X11 ona məxsus mənzildə heç vaxt qeydiyyatda olmamış, xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixinədək, yəni cəmi 5 ay yaşamışdır. Cavabdehin onun mənzilinə heç bir hüququ olmadığı təqdirdə, əşyalarının mənzildə qalması, mülkiyyətçi kimi hüquqlarını pozur, mənzildən istədiyikimi istifadə etməsinə, yaşamasına mane olur. Dəfələrlə cavabdehə müraciət edib əşyalarını özü ilə götürməsini xahiş etsə də, o bundan imtina etmişdir. Odur ki, məhkəməyə müraciət edərək əşyaların çıxarılmasını tələb etməyə məcbur olmuşdur. Daha sonra X1 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək iş üzrə Cavabdeh əri, onun isə övladı olan Baxşıyev Röyal Mahir oğlunun mülkiyyətində olan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olduğunu, hər iki cavabdehin uzun müddətdir, mənzildə yaşamadıqlarını, lakin R.Baxşıyevin formal olaraq olsa belə mənzildə qeydiyyatda qalmasının onun mülkiyyət hüquqlarını məhdudlaşdırdığını göstərmiş, hazırki işin başlanması üçün əsas olmuş iddia ərizəsində göstərilən tələblərlə yanaşı, həm də Baxşıyev Röyal Mahir oğlunun Bakı şəhəri, Xətai rayonu, Gənxcə prospektində yerləşən 37 saylı evin 85-ci mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehlər (bundan sonra-cavabdehlər) X11 və Baxşıyev Röyal Mahir oğlu qarşılıqlı iddia üzrə cavabdeh X12 qarşı “mənzilə köçürülmə və mərızilə pasport qeydiyyatına alınmağa razılıq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək özlərinin ünvan 1, mənzil 85 ünvanına köcürülməsi, X2 Baki şəhəri, Xətai rayonu, ünvan 4 mənzil 85 ünvanına rəsmi pasport qeydiyyatına alınmasına razılıq verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Baxşıyev Röyal Mahir oğlu X13 ilə xx.xx.2018-ci il tarixdə nikahlarını 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində 2757 nömrə ilə qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə Baxşıyeva Zərifə Röyal qızı doğulmuşdur. Ailə qurduqdan sonra X10 Baxşıyev Röyal Mahir oğlunun cavabdeh X14 ilə birgə yaşadıqları və rəsmi pasport qeydiyyatında olduğu ünvan 1, mənzil 85 ünvanına gəlin köçmüş, özünə məxsus qızıl-zinət əşyaları və cehiz əmlakını da gətirməklə birgə ailə üzvü olaraq yaşamışdır. Mənzilə dair kommunal ödəniş haqqları da kommunal müqavilələrin cavabdeh X3 adına olmasına baxmayaraq mütəmadi olaraq orada yaşadıqları dövrdə tərəflərindən ödənilmışdir. Cavabdeh X14 oğlunun 2015-ci il tarixdə qurduğu ilk evliliyini də qərəzli olaraq pozduğu üçün yenə də onun ailəsinə qarşı hüquqazidd hərəkətlər etməyə, hamilə olan həyat yoldaşını və onu mütəmadi olaraq narahat etməyə başlamışdır. Məqsədi yenə də oğlunun ailəsini dağıtmaq olmuşdur ki, cavabdeh X4 gəlin köçdüyü gündən mütəmadi olaraq incitməyə, ona mənəvi iztirablar verməyə başlamışdır. Hətta Vüsalənin bətnində dünyaya gələcək övlad olduğunu bildiyi halda, yenə də bu əməllərindən vaz keçməmişdir. Cavabdehin bu hərəkətlərinə isə reaksiya vermədiklərindən o, xx.xx.2019-cu il tarixdə, təxminən axşam saatlarında oğlunu və hamilə həyat yoldaşını əşyalarını belə götürməyə imkan vermədən dava-dalaş yaratmağa cəhd etməklə evdən qovmuşdur. Həmin vaxtdan nə qədər səy etsələr də, cavabdeh onları mənzilə buraxmamış, məcburiyyətdən gənc ailə üçün acınacaqlı olsa da, kirayədə yaşamağa başlamışlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001 -ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarlarının konkret tələblərindən də məlum olur ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mükiyyətçi ilə bağlanan müqavilədən deyil, valnız onunla etibarlı ailə əlaaələri əsasında varanır. İş materiallarından və təqdim edilən sübutlardan da məlum olur ki, iddiaçı Röyal Mahir oğlu Baxşıyev ünvan 1, mənzil 85 ünvanında rəsmi pasport qeydiyyatında olmaqla cavabdeh X.A.Axundova ilə daima yaşamış, digər iddiaçı X10 isə birgə nikah dövründə cavabdehlə bərabər yuxarıda qeyd olunan ünvanda yaşamış, cavabdehin hüquazidd və qərəzli davranışı ilə mənzildən qovulmuşlar. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2726/2020 saylı qətnaməsi ilə ilkin iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X5 məxsus cehiz əşyaları- 1 ədəd televizor, 1 ədəd qorka, 1 ədəd güzgülü kamo, 1 ədəd stol və 6 ədəd stul, bir neçə ədəd qorkadakı qab qacaq dəstləri, bir neçə ədəd meyvə qabları, 1 ədəd 3x4 ölçüdə xalça, 1 ədəd çıl-çıraq, 3 ədəd ayaqaltı, 1 ədəd dəhlizdəki darojka xalça, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd yataq taxtı, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd güzgülü tremo, 1 ədəd tozsoran, 1 ədəd soba, bir neçə ədəd yorğan-döşək, bir neçə ədəd yataq örtüyü 1 ədəd künc divanı və paduşkalar X1nın mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 85 saylı mənzildən çıxarılması, ilkin iddia ərizəsi cavabdeh Baxşıyev Röyal Mahir oğlunun ünvan 1 ünvanında yerləşən 85 saylı mənzilin yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, iddiaçı Baxşıyev Röyal Mahir oğlu cavabdeh X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 85 saylı mənzilə köçürülməsi, qarşlıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh X11 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, iddia ərizəsində cehizlərinin təkcə iddia ərizəsində qeyd olunan əşyalardan ibarət olmadığını qeyd etmişdir. Belə olan halda onun digər cehizləri cavabdehə qalacaqdır. Məhkəmə onun qeyd etdiyi amilləri nəzərə almadığından, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X8pellyasiya şikayətini müdafiə etdi, qarşılıqlı iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. X1vəcavabdeh Baxşıyev Röyal Mahir oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdeh X5 aid ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2726/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 29,01 kv.m yaşayış sahəsindən ibarət 85 saylı mənzil xx.xx.2005-ci il tarixdən xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyatdan keçmişdir. İddiaçının oğlu olan cavabdeh Baxşıyev Röyal Mahir oğlu ilə X13 xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə, ailə qurmuşlar. ünvan 1 ünvanında yerləşən 85 saylı mənzildə X16, Baxşıyev Röyal Mahir oğlu, X17, X18 və X19 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən sonra yarandığı üçün mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzildən istifadə ilə bağlı hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən sonra yarandığından, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya hesab edir ki, cavabdeh X2 mülkiyyətçi olan X1ndan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, o, iddiaçının ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarının müdafiəsi baxımından mübahisələndirilən hissədə cavabdeh X5 aid ilkin iddianı təmin, qarşılıqlı iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun mənzildə ilkin iddiada qeyd olunanlardan artıq əmlakının olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apellyator bununla bağlı tələb irəli sürmədiyindən, qeyd olunan dəlil əsaslı hesab edilə bilməz. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)- 2726/2020 saylı qətnaməsi mübahisələndirilən- qətnamənin cavabdeh X5 aid ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar