Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7529/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC və üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra və probasiya şöbəsinə qarşı “qiymətləndirmənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 3248/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC və üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 və 117 saylı ünvanlarda yerləşən mənzillərə dair cavabdeh MMC tərəfindən aparılmış xx.xx.2016-cı il tarixli 718/16 saylı qiymətləndirmənin etibarsız hesab edilməsi və yeni qiymətləndirmə təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə müraciət edərək, ünvan 2 və 117 saylı ünvanlarda yerləşən mənzillərin hərraca çıxarılmasının təxirə salınması barədə qərardad qəbul edilməsi və həmin qərardadın dərhal icraya yönəldilərək Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 3248/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı tərəfdən qərardaddan verilmiş şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi, vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin halları hərtərəfli araşdırılmamış, nəticədə əsassız qərardad qəbul edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qanuni qüvvəsini almış qətnamənin olmasını və qətnamənin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq icraya yönəldilməsini, həmin icra işinin icrasının dayandırılmasının müvafiq icra orqanının səlahiyyətinə aid olmasını nəzərə alaraq ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, istinad olunan qətnamənin surəti hazırki işin materiallarına əlavə olunmamış, məhkəmə tərəfindən həmin qətnamə ilə ipoteka predmeti olan mənzillərin ilkin satış qiymətinin müəyyən edilib-edilməməsi kimi hallar araşdırılmamışdır. İddia ərizəsinin məzmunundan görünür ki, Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "X1 Azərbaycan" QSC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı borcun tutulması, ödəmənin ipoteka predmeti olan ünvan 1 və 117 saylı ünvanlarda yerləşən mənzillərə yönəldilməsi, mülkiyyətçi İddiaçı, habelə həmin mənzildə qeydiyyatda olan və yaşayan digər şəxslərin mənzildən çıxarılması barədə iddiası təmin edilmiş, qətnamənin icrası ilə bağlı verilmiş icra vərəqinə dair icra hərəkətlərini həyata keçirən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş sifarişə əsasən cavabdeh "Cavabdeh" MMC tərəfindən mənzillərin qiymətləndirilməsi aparılmış və mənzillər müvafiq olaraq 110.000 və 95.000 manat ilkin qiymətləndirmə dəyəri ilə hərraca çıxarılmışdır. İddiaçı isə hazırda həmin qiymətləndirməni mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, qiymətləndirmənin etibarsız hesab edilməsi ehtimalının olduğunu nəzərə alsaq, hazırki iş üzrə iddia tələbi təmin edildiyi halda, digər tərəfdən həmin qiymətləndirmə üzrə müəyyən edilmiş qiymətlərlə hərracın keçirilməsi hazırki iş üzrə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə bilər. Odur ki, məhkəmə tərəfindən iddianı təmin tədbiri barədə ərizəyə qiymət verilərkən, qeyd olunan hallar araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. ... Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir". Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddianı təmin tədbiri barədə iddiaçının ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-3248/2020 saylı qərardad ləğv edilsin və İddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7529/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7529/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver