Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-753/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «subroqasiya qaydasında pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4949/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları:
1. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh “Nissan Navara” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
2. xx.xx.2022-ci il tarixli ********** nömrəli icbari sığorta şəhadətnaməsi ilə“Audi S8” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığorta edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı "xxxx" ASC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 5464,30 manat sığorta ödənişi, 74,64 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, cəmi 5539,34 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus olan, "xxxx" ASCdə “icbari sığorta” qaydasında sığortalanmış “Nissan Navara” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş və X2 idarə etdiyi “Audi S8” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmiş və İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4949/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbinin təmin edilərək Cavabdeh iddiaçı Bakı Sığorta ASC-nin xeyrinə 5464,30 (beş min dörd yüz altmış dörd manat, otuz qəpik) manat sığorta ödənişinin, 74,64 (yetmiş dörd manat, altmış dörd qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 5539,34 (beş min beş yüz otuz doqquz manat, otuz dörd dörd qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənətində göstərib ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymiş avtomobil “Audi S8” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə icbari sığorta ödənişi olaraq 10464,3 manat məbləğində pul ödənişi edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçmişdir. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandıraraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı Sığorta ASCnin xeyrinə 5464,30 manat sığorta ödənişi, 74,64 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddia tələbinin təmin edilməməsini xahiş edib göstərir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə sadələşdirilmiş icraat qaydasında mülki işlərə iddia tələbi 5000 manatadək olan hallarda baxıla bilərdi. Ancaq məhkəmə prosessual hüquq normalarını pozub işə sadələşdirilmiş icraat qaydasında baxıb. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Ödəniş tapşırığı qeyd edilən vəsaitin ödənilməsini və ya başqa sözlə, həmin ödəniş tapşırığın icra edilib-edilməməsi yoxlanılmamışdır. Həmçinin qüsur aktında qeyd edilən zədələrin hadisə nəticəsində əmələ gəlib-gəlməməsi araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
8. İddiaçı "xxxx" ASC apellyasiya şikayətinə yazılı etirazında şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib etirazı bununla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən, o cümlədən "xxxx" MMC tərəfındən verilmiş qüsur aktından, Bakı şəhər DYPİ-nin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə biləıı halın təfərrüfatları barədə" arayışına və Bakı şəhər DYPİ tərəflndən verilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2023-cü il tarixli, CM 208/23 saylı sığorta aktından müəyyən olunur ki, "Nissan Navara" markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil və “Audi S8” markalı, 10AG010 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində "Audi S8" markalı, ** AG *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 10464,3 (on min dörd yüz altmış dörd manat otuz qəpik) manat məbləğində qiymətləndirilmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında müəyyən edilmiş qiymətləndirməyə uyğun olaraq "Audi S8" markalı, 10AG010 dövlət qevdiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 10464,3 (on min dörd yüz altmış dörd manat otuz qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfındən həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişinin edilməsini təsdiq edən 1 “C” proqramından çıxarışdan müəyyən olunur ki, 10464,3 (on min dörd yüz altmış dörd manat otuz qəpik) manat məbləğində zərərin 5000 (beş min) manat məbləğində olan hissəsi "xxxx" ASC tərəfındən ASC-yə ödənilmişdir. Göstərilən sənədlər "xxxx" MMC tərəfındən verilmiş qüsur aktında müəyyən edilmiş qiymətiəndirmə aktının məhz xx.xx.2023-cü il tarixdə "Nissan Navara" markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil və "Audi S8" markalı, 10AG010 dövlət qeydiyyat nişanlı avlomobilin iştirakı ilə baş vemıiş sığorta hadisəsinə aid olduğunu və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığında göstərilən 10464,3 (on min dörd yüz altmış dörd manat otuz qəpik) manat məbləğində sığorta ödənişinin məhz həmin hadisə ilə bağlı "Audi S8" markalı, 10AG010 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənildiyini sübut edir və birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdıraraq sübutlara düzgün hüquqi qiymət vermişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli BS-C-23/0809 seriya nömrəli məktubdan göründüyü kimi ASC tərəfindən Cavabdeh qeydiyyatda olduğu və yaşadığı ünvana məktub göndərilərək "Audi S8" markalı, 10AG010 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi prosesində iştirak etmək təklif edilmiş, sonuncu tərəfindən məktub cavabsız saxlanılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq apellyasiya icraatında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşsa da birinci instansiya məhkəməsi prosessual hüquq normalarını da pozmaqla iddianı tam təmin etməklə haqlı olmamışdır.
20. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə qismən uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə tam aradan qalxmadığından iddia qismən haqlı sayılır. 21.Əvvəla Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan... az olan iddialar(kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.Hazırki işdə isə iddiaçı cavabdehdən 5464,30 manat sığorta ödənişi tələb edib. Demək ki, iddianın qiyməti beş min manatdan artıq olduğundan bu işə sadələşdirilmiş qaydada baxıla bilməzdi. Ancaq birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin məcburi tələbini(MPM-in 284-4.1, 284-4.1.2) pozmaqla işə sadələşdirilmiş qaydada baxmışdır.
22. Apellyasiya şikayətinin digər dəlilinin yoxlanılması ilə əlaqədar "xxxx" ASC-yə verilmiş sorğuya cavab olaraq göstərilib ki, iddiaçının hesabından ABB Sabunçu fililalında xidmət olunan "xxxx" MMC-nin hesabına xx.xx.2023-cü ildə 10464.30(on min dörd yüz altmış dörd manat, otuz qəpik) manat vəsait köçürülmüşdür və bu vəsait eyni gündə “Azərbaycan Beynəlxalq Bankı”na 5503550AZN230412 referans nömrəsi ilə çatmışdır. Deməli şikayətin bu dəlilinin də əsaslı olmadığı öz təsdiqini tapır.
23. Apellyasiya şikayətinin digər dəlillərinin yoxlanılması ilə əlaqədar iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Çünki, sığorta predmeti olan “Audi S8” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həqiqi məbləği xüsusi biliyə malik ekspert tərəfindən müəyyən edilməmişdir.
24. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2- 9/570/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2020-ci il buraxılışlı, mühərrikin iş həcmi 3905 sm3, "Audi" markalı, “S8” model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9925,00 manat O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 8975,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 950,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8890,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 7940,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 950,00 manat Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisasiaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2020-ci il buraxılışlı, mühərrikin iş həcmi 3905 sm3, "Audi" markalı, "S8" model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(103)-753/2023 №li mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır.
25. Göründüyü kimi, iddiaçı sığortalı avtomobilə 10464.30 manat məbləğində zərər dəydiyini müəyyən etdiyindən, sığorta ödənişi həmin məbləğdə ödənilmişdir. Ancaq apellyasiya instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyi ilə zərərin məbləği dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8890,00 manat müəyyən edilmişdir. Qeyd olunan məbləğdən icbari sığorta üzrə ödənilmiş məbləğ çıxıldıqda cavabdehin subroqasiya hüququ üzrə ödəməli olduğu məbləğ 3890 manat olmalı idi. Düzdü, sual oluna bilər ki, iddiaçı sığorta ödənişi olaraq sığortalıya 10464.30 manat ödəmişdir və icbari sığorta üzrə ödənilən məbləğ nəzərə alınmaqla qalan 5464,30 manatı zərər vuran şəxsdən tələb etməkdə haqlı idi. Lakin zərər vuran, yəni hazırki iş üzrə cavabdeh də törətdiyi mülki hüquq pozuntusu həcmində mülki hüquqi məsuliyyət daşımalı və həddindən artıq maliyyə itkisinə məruz qalmamalıdır. Ona görə də 3890 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
26. Göstərilənlərdən əlavə, birinci instansiya məhkəməsi qətnaməsinin təsviri və nəticəsində yanlışlığa da yol verilərək cavabdehin baş vermiş yol nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığı və qət edilən məbləğin müştərək qaydada tutulması qeyd olunmuşdur. Ancaq qeyd olunan hallar iş materialları ilə təsdiq olunmadığından həqiqi hesab edilmir
27. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4949/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli, Cavabdeh 3890 (üç min səkkiz yüz doxsan) manat sığorta ödənişi, 74,64(yetmiş dörd manat, altmış dörd qəpik) manat dövlət rüsumu, 0,40(qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 3965,04 (üç min doqquz yüz altmış beş manat, dörd qəpik) manat alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4949/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 3890 (üç min səkkiz yüz doxsan) manat sığorta ödənişi, 74,64(yetmiş dörd manat, altmış dörd qəpik) manat dövlət rüsumu, 0,40(qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 3965,04 (üç min doqquz yüz altmış beş manat, dörd qəpik) manat alınaraq iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.