Məhkəmə qərarları › İş №2(103)-755/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-755/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-755/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi iddiaçının nümayəndəsi və vəkili X5 cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı "sığorta məbləğinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3709/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60.849 manat sığorta pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Dövlət X2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdən daxili işlər orqanında, xx.xx.2012-ci ildən isə Gəncə şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası DİN Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli xəstəlik şəhadətnaməsi ilə o, xidmətkeçmə dövründə aldığı xəstəliklə əlaqədar DİO-da xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikası DİN-in xx.xx.2017-ci il tarixli Ə3236ş/h-001-17 saylı əmri ilə o, xx.xx.2017-ci il tarixdən səhhəti ilə əlaqədar DİO-dan xaric edilmişdir. Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin Zona TSEK-in xx.xx.2018-ci il tarixli arayışına əsasən ona müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir. «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icbari sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «c» bəndinə əsasən xidmət vəzifələrinin icrası ilə bağlı sığorta olunana əlillik təyin olunduqda, İ qrup əlillik dərəcəsinə görə sığorta məbləğinin 80 faizi miqdarında sığorta ödənişi verilir. Bu Qanuna (maddə 4) uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Gəncə şəhər BPİ-nin xx.xx.2018-ci il tarixli 120-11063-1218 saylı maliyyə arayışına əsasən onun 5 illik əmək haqqı 60.849 manat 25 qəpik təşkil edir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3709/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari sığorta edilir. Lakin İddiaçı Sadiq oğlu xidməti vəzifələrinin icrası ilə əlaqədar əlillik aldığı halda ona sığorta ödənişi verilmir. İddiaçı aid sənədlərə əsasən müddəti ötürülmədən xidmət vəzifələrinin icrası ilə bağlı sığorta olunana əlillik təyin olunmuş və qanunvericiliyə görə ona 2-ci qrup əlil kimi sığorta ödənişi verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3709/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X11 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası, sədrlik edənin işin hallarına dair məruzəsini, iş materiallarındakı sübutları araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3709/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in xx.xx.2017- ci il tarixli Ə3236Ş/H-001-17 saylı əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası DİOda xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən (səhhətinə görə) xidmətdən xaric edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Tibb İdarəsinin 540 saylı xəstəlik haqqında şəhadətnamənin 12-ci bəndinə əsasən İddiaçı xroniki böyrək xəstəliyi V mərhələ, proqramla hemodializ, nefrogen hipertoniya, renal anemiya, metabolik sindrom, piylənmə İV dərəcə, xroniki hepatoxolesistit, asteno-nevrotik vəziyyət, hər iki gözün yüngül dərəcəli hipermetropiyası diaqnozu qoyulmuşdur. Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin X1 xx.xx.2018-ci il tarixli arayışına əsasən İddiaçı xəstəliklə əlaqədar 1-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı səhhətində olan fəsadlar xəstəliklərdən yaranmışdır, onların iddiaçının xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı travma (xəsarət) nəticəsində yaranması iş materialları ilə təsdiq edilmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının əlilliyinə səbəb olan xəstəlik xidməti dövründə yaransa da, xidməti vəzifəsinin icrası ilə bağlı yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş 2-ci qrup əlilliklə bağlı xəstəliyi hərbi xidmətdə olarkən, xidməti vəzifəsinin icrası ilə bağlı yaranmışdır. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, andlı iclasçılar, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edilirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin bir faizi miqdarında müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığorta olunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığorta olunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığorta olunana əlillik təyin olunduqda; İ qrup - 80 faiz; İİ qrup - 60 faiz; İİİ qrup - 40 faiz. Həmin Qanunun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta hadisəsinin sığorta olunanın xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi, yaxud sığorta olunan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə. x xxxxx 2014-cü il tarixli 931-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin ikinci – “sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək dövlət sığorta orqanına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müraciət etmək hüququ vardır.” hissəsi ləğv edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla qanunazidd olmayan istənilən şərtlərlə müqavilə bağlamaq imkanı verir. Bu baxımdan, öhdəliklərinin əmələ gəlməsi əsasları arasında müqavilə aparıcı yer tutur. Müqavilə ilə tərəflər qarşılıqlı razılıq əsasında hüquq və vəzifələrini müəyyən etməklə öz əmlak mənafelərini təmin etmiş olurlar. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (Mülki Məcəllənin 926.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə belə qənaətə gəlir ki, iddiaçı xidməti dövründə sığortalanması və onun aylıq ödənişindən sığorta məbləğinin tutulması mübahisələndirilmir. İşin halları ilə müəyyən olunduğu kimi o xəstəliyi xidməti dövründə almış və xidmət etdiyi orqan bunu vermiş olduğu şəadətnamə ilə təsdiq etmişdir. İşin halları ilə müəyyən olunur ki, Sığorta müqaviləsi iddiaçı ilə cavabdeh arasında deyil, onun xidmət etdiyi orqanla cavabdeh arasında müqavilə bağlanmış, iddiaçı həmin müqavilə üzrə faydalanan şəxs hesab olunur. Belə olan halda onun sığorta olunması mübahisəli olmadığına görə xidmət müddətində yaranmış xəstəliyə görə sığorta məbləğini tələb etməkdə haqlıdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, əmək haqqı məbləği ilə bağlı məlumatların tam olmadığı nəzərə alınaraq 5 illik əmək haqqı məbləğini müəyyən etmək mümkün olmadığına görə, tutulmalı olan məbləğin dəqiq göstərilməsi yolverilən deyildir. Bu halda məhkəmə kollegiyası iddianın qismən təmin olunmalı olması nəticəsinə gəlir, konret məbləğin müəyyən olunması isə müvafiq olaraq icra mərhələsində həll olunmalıdır. Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 390, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3709/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Dövlət X4 5 illik əmək haqqının 80 faizi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar