Məhkəmə qərarları › İş №2(103)-7552/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7552/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7552/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1, İddiaçının vəkili X2, Cavabdeh1 QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Cavabdeh2 və 7 saylı dövlət notariat kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(003)-2204/2021 saylı qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Cavabdeh2 və 7 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 QSC mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edərək, mülki işin Pirallahı Rayon Məhkəməsinin 2(094)-44/2021 saylı mülki işlə birləşdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(003)-2204/2021 saylı qərardadı ilə vəsatət rədd edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh1 QSC şikayət verərək, qərardadın ləğv edilməsi və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hər iki işdə tərəf qismində Cavabdeh1 QSC və İddiaçı və cavabdeh qismində çıxış edir, İddiaçı iddia tələbi ipoteka müqaviləsinin etibarsızlığı, Cavabdeh1 QSC-nin iddia tələbi isə borcun tutulması və tutmanın İddiaçı tərəfindən mübahisələndirilən ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsi tələbidir. İddiaçı Cavabdeh1 QSC-nin Bakı şəhəri Pirallahı rayon Məhkəməsində “borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə baxılarkən Bakı şəhəri Pirallahı rayon Məhkəməsi tərəfindən ipoteka müqaviləsinin etibarsızlıq məsələsinə baxılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(003)-2204/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi X4 şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X5 şikayətin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, qeyd olunan mülki işlərə ayrı-ayrı məhkəmələrin icraatında baxılmasının ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə maneə yarada biləcək əsasları müəyyən edilmədiyindən, həmin işlərin bir icraatda birləşdirilməsi üçün zərurət yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsin əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Kollegiya qeyd edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Birinci instansiya məhkəməsi mübahisəli qərardadı qəbul edərkən bu halları nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 QSC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(003)-2204/2021 saylı qərardadı ləğv edilsin və Cavabdeh1 QSC tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş Bakı şəhər Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar