Məhkəmə qərarları › İş №2(103)-7557/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7557/2021

26.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7557/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4205/2021 saylı mülki işi üzrə 10.06.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqına 16041 və istifadə edilməmiş məzuniyyətə görə 1500 AZN tələbi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə verərək, cavabdeh Tvins MMC-nin bank hesablarına 17541 manat iddia məbləği həcmində həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4205/2021 saylı, 10.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Tvins MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə iddianı təmin etmə tədbiri barədə iddiaçının nümayəndəsi vəkil X3 ərizəsi təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 13.7, 157, 158, 159, 163-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçının nümayəndəsi və vəkili ərizəsində cavabdeh Tvins MMC-nin bank hesablarına 17541 manat iddia məbləği həcmində həbs qoyulmasını xahiş etsə də, gələcəkdə qəbul edilmə ehtimalı olan qətnamənin icrasına mane ola biləcək həqiqi və əsaslı hallar göstərməmişdir. İddianı təmin tədbiri o zaman tətbiq oluna bilər ki, gələcəkdə qəbul edilmə ehtimalı olan qətnamənin icrasına hansısa qanuna zidd maneə yaradıla biləcəyini təsdiq edən kifayət qədər əsaslı, həqiqi və ağlabatan dəlillər irəli sürülmüş olsun. İddiaçı şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4205/2021 nömrəli 10.06.2021- ci il tarixli qərardadını ləğv edərək iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, “Tvins“ MMC-yə məxsus əvvəllər işlədiyi “Pullman Bakı*' oteli 2020-ci ilin mart ayından fəaliyyətini dayandırıb və binası müalicə olunan xəstələrin yerləşdirilməsi üçün “TƏBİB“ in sərəncamına verilmişdi. İşçilərin 99 faizinə işə gəlməmək tapşırılmışdır. Koronavirus xəstələrinin sayı azaldıqdan sonra otel öz sahibinə təhvil verilmişdir. Yaranmış vəziyyətlə əlaqədar digər otellər Bakı şəhəri və digər bölgələrdə sonradan öz fəaliyyətlərini bərpa etsələr də “Pullman Bakı” oteli bu günə qədər öz fəaliyətini bərpa etməmişdir. 300-dən çox işçinin əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi, işçilərinin sayının ixtisan və s. əsaslardan xitam verilmişdir. Keçmiş iş yoldaşlarından əldə etdiyi məlumata əsasən aşağı pillədə və daha yuxarı vəzifələrdə çalışan işçilər də işdən çıxarılmışdır. Hətta Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə şikayətilərinə əsasən “Tvins“ MMC-yə son haqq-hesabın ödənilməsi üçün göstəriş verilsədə cavabdeh tərəfindən bu günə qədər heç bir ödəniş edilməmişdir. Eyni zamanda Məhkəməyə müraciətdən öncə məsələnin barışıq yolu ilə həll edilməsi üçün Cavabdeh MMC-yə müraciət etsələr də, cavabdeh pul vəsaitlərinin olmadığını əsas gətirərək ödənilməli olan məbləği ödəməkdən imtina etmişdir. Əldə etdiyi məlumata əsasən otel artıq fəaliyyət göstərməyəcək, bağlanacaqdır. Belə ki, otelin fəaliyyətinin bərpa edilməsi üçün ən azı 1 ay vaxt tələb olunur. Lakin hazırda otelin fəaliyyətinin bərpa edilməsi üçün heç bir hazırlıq işləri görülmür. Belə olduğu təqdirdə otel öz fəaliyyətini dayandıracaq və nəticədə ödənilməli olan əmək haqqı və digər ödənişlər Cavabdeh MMC-dən ödənilməyəcəkdir. Bu isə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə (və ya qeyri-mümkün edə) bilər. Məhkəmə iddia tələbini təmin etsə də qətnamənin real olaraq gələcəkdə icrası qeyrimümkün olacaqdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 05.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X6 apellyasiya şikayətini müdafiə edərək, tələbin əmək haqına dair olduğunu, iddiaçının əmək müqaviləsi əsasında işlədiyini, əmək haqqının düzgün hesablanmadığını, otel ilə əlaqə saxladıqda fəaliyyətlərini bərpa etmədiklərini bildirdiklərini, əmək hüquqlarının pozulması ehtimal edilən şəxslərin çoxluğu nəzərə alınaraq gələcəkdə iddianın təmin edilməsinin mümkün olmadığını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsinin iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 60, 71, 80, “X7 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 157-164, 236, 371, 372, 386, 388; 397.2-ci maddələrinə əsasən hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair 14 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). İddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır və iddiaçının hüquqlarının təminatına yönəlmişdir. Lakin bununla bərabər iddianın təmini tədbiri mülki hüquq subyektlərinin bərabərliyi, lüzumsuz yerə hüquqlardan məhrum edilməməsi, sui-istifadənin yolverilməzliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin edilməsinə xidmət etməlidir. Diqqətə çatdırılmalıdır ki, mövcud iş materiallarında X2 Bakı şəhər İdarəsi ilə olan yazışması mövcud olsada birinci instansiya məhkəməsinə iddianın əsasına, habelə iddianın təmin edilməsi tədbirinin həyata keçirilməsinə əsas ola bilə ilkin sübutlar və ya bunların əldə edilməsinə yönəlik müqvafiq vəsatətlər təqdim edilməmişdir. Belə ki, iddiaçının özü tərəfindən təqdim edilməsi mümkün olmayan sübutlar prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilə bilər. Mücərrəd qərarın verilməsi və müəyyənetmə tədbirlərin icra məmuruna həvalə edilməsi isə (diskresion səlahiyyətlərdən və dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva etməsə də ilkin əlamətlər üzrə tələbin bütün şübhələrdən kənar əsaslılığı prezumpsiyası iddianın təmini tədbirinin də mümkünlüyünü şərtləndirir və bu mənada sübutların təqdim (təmin) edilməsi zəruridir. İzah edilməlidir ki, iddianın təmin edilməsi barədə ərizənin rədd edilməsi barədə məhkəmə qərarının olması qərarda qeyd edilən çatışmazlığı aradan qaldıraraq yenidən əsaslandırılmış ərizə verilməsini istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4205/2021 saylı mülki işi üzrə 10.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar