Məhkəmə qərarları › İş №2(103)-756/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-756/2022

12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-756/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, e-2(010)- 2901/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Kamal oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair iddia ilə müraciət edərək, mülki cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı vurduğu maddi zərərə görə 55 000 (əlli beş min manat) manat və mənəvi zərərə görə 50 000 (əlli min manat) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qanunsuz olaraq alınmış həmin dövrdə dəyəri 55 000 (əlli beş min manat) manat olan 55 qutu İsveçrə istehsalı olan boz qablaşdırmada olan “KENT” siqareti və ya onun dəyərinin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, mənəvi zərərə görə 50 000 (əlli min manat) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycana gətirilən siqaretlərin satılmasında vasitəçilik edərək X6 və daha iki şəxs ilə birlikdə onların satılması ilə məşğul olmuşdur. 2015-ci ilin əvvəllərində birgə iş gördüyü şəxslərdən biri - Əliyev İlkin ona zəng edərək MTN-in Xəzər rayon idarəsinin əməkdaşı Cavabdeh1 adlı şəxs tərəfindən tutulduğunu, həmçinin ümumi dəyəri 100 000 manat olan hər birində 500 paçka olan 100 qutu siqaretin müsadirə olunduğunu bildirərək özünün buraxılması üçün 60 000 manat pul tələb edildiyini göstərmişdir. Bundan sonra o, pulu düzəltmək üçün müvəqqəti azadlığa buraxıldığını və MTN-ə gedib məsələni həll etməyə köməklik etmək lazım olduğunu demişdir. O, Cavabdeh1la görüşdüyü zaman sonuncu onu da həbs edəcəyini, cinayət məsuliyyətinə cəlb olunmaması üçün 60 000 manat pul tələb etmiş, lakin bir qədsər danışıqdan sonra Cavabdeh1 və Cavabdeh2lə 40 000 manata razılaşmışlar. Növbəti gün o, Cavabdeh1 40 000 ABŞ dolları pul vermişdir. Heydərin onu axtardığını və şərləyərək həbs etdirəcəyini düşünüb o Türkiyəyə getmiş və 2015-ci ilin mart ayının əvvəllərində Bakıya qayıtmışdır. Həmin ərəfədə Əzimov Zaura məxsus ümumi dəyəri 96 000 manat olan 96 qutu siqaretin MTN-nin Binəqədi rayon idarəsi tərəfindən tutulduğunu eşitmiş, həmin idarənin Heydər Hacıyev adlı əməkdaşı onu idarəyə çağırmış, ona məxsus 60 qutu siqaretin ölkəyə gətirildiyini, həmin siqaretləri gətirib təhvil verməyi, əks təqdirdə həbs ediləcəyini bildirmişdir. Həbs ediləcəyindən qorxduğu üçün həmin siqaretlərin 55 qutusunu “Qazel” markalı avtomobillə MTN-nin Binəqədi rayon idarəsinə gətirərək idarənin həyətində Heydər Hacıyevə təhvil vermişdir. Bu hadisə baş verən zaman Cavabdeh2 da orda olmuşdur. Yalnız 2015-ci ilin noyabr ayında Cavabdeh1 zəng vuraraq 40 000 ABŞ dollarını geri istəmiş, sonuncu ona 5000 manat pul qaytarmış, pulun qalan hissəsini isə yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Daha sonra Cavabdeh1 onu idarəyə dəvət edərək Baş Prokurorluğa ünvanlandığı ərizəsində və ifadəsində göstərdiklərinin yalan olması, Cavabdeh2 və Cavabdeh1 şikayətinin olmaması barədə teleqram vurmasını, vurmadığı təqdirdə gələcəkdə həbs olunacağını, özünə və ailə üzvlərinə müxtəlif problemlər yaradılacağını, vuracağı təqdirdə isə 20 000 manatı dərhal qaytaracağına, pulun qalan hissəsini isə yaxın bir ayda ödəyəcəyinə söz vermişdir. 2016-cı ildə İddiaçı Cavabdeh1la birgə poçta gedərək teleqram vurmuş, Cavabdeh1 isə 20 000 manat pul vermiş, pulun qalan hissəsini isə fevral ayının sonuna kimi verəcəyinə söz vermişdir. 2016cı ilin aprel ayında Cavabdeh2 qohumu Cavabdeh3 onunla əlaqə saxlayaraq Cavabdeh2 barəsində şikayətindən imtina etməsini, bunun müqabilində ona ödənilməli olan 65 000 manatın əvəzinə 40 000 manat ödəyəcəklərini bildirmişdir. O, Cavabdeh3la notariat kontoruna gedərək notarial qaydada əqd bağlamış, Rövşənin deməsinə görə Cavabdeh2 və Cavabdeh1 birgə verdiyi 40 000 manat pulu qəbul etmiş, 65 000 manatın 25 000 hissəsindən imtina edərək 40 000 manatı almağa razılaşmışdır. Lakin əqddə Cavabdeh3 guya ona 65 000 manat ödəməsi göstərilmişdir. Beləliklə, ümumi dəyəri 55 000 manat olan 55 qutu siqaret şəxsə geri qaytarılmamış, nə də onların dəyəri ödənilməmişdir. Bütün edilən qanunsuz hərəkətlər və mənəvi təzyiqlər iddiaçının daimi olaraq əsəb, gərginlik, stress keçirməsinə səbəb olmuş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2(010)- 2901/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 Kamal oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2901/2021 saylı iş üzrə 09.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, AR MPM-nin 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıya 65.000 manat məbləğində pul vəsaitinin ödənildiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini qərara almışdır. Halbuki iddiaçı tərəfindən məhkəmə prosesi zamanı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qanunsuz olaraq alınmış həmin dövrdə dəyəri 55.000 manat olan 55 qutu İsveçrə istehsalı olan boz qablaşdırmada olan “Kent” siqareti və ya onların dəyəri cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması xahiş edilmişdir. Məhkəmə qətnaməsində qeyd olunan hal ilə bağlı heç bir rəy verməmiş və işin faktiki hallarını, iş üzrə sübutları araşdırmadan ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Kaml oğlu iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, onun nə istintaq müddətində, nə də hərbi məhkəmədə heç bir etirafı olmayıb ki, İddiaçı saxlamışlar.Onun 55 qutu siqaretdən xəbəri yoxdur.O vaxtlar o, Xəzər rayon MTN-şöbəsində işləyirdi, həmin hallarla bağlı iddiaçının saxlanması isə Binəqədi rayonunda olub.Nə səbəbə onlara qarşı iddia qaldırıb heç cür əsaslandırmamışdır. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı birinci instansiya məhkəməsinin iclasında öz iddia tələbini və cavabdehlərin ona vurulmuş zərərin aradan qaldırılması ilə bağlı məsuliyyətlərinin yaranmasının əsası kimi Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu və 30 noyabr 2017-ci il tarixli hökmləri ilə müəyyən olunmuş hallara istinad etmişdir. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Lakin iddiaçı ona dəymiş ziyanın cavabdehlər tərəfindən ödənilməli olduğuna dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, o cümlədən bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bu baxımdan Cavabdeh3 münasibətdə iddiaçı həmin şəxsin cavabdehlərə yaxın şəxs olduğunu və pulun qaytarılmasında vasitəçilik etdiyini bildirsə də, sonuncu tərəfidnən ona hansı və nə məbləğdə zərər vurulmasına dair sübut təqdim edə bilməmişdir. Digər cavabdehlərə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Lakin yuxarıda qeyd olunan hökmlər məhkəmədə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, heç bir cavabdeh həmin hökmlər əsasında məhkum olunmamışdır.(Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü X5 Azərbaycan Respublikası CMin 179.3.1, 179.3.2, 313, 341.2.1,və 341.2.3-cü maddələri ilə, Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü isə X2 Azərbaycan Respublikası CM-in 125, 145.3., 179.3.1, 179.3.2, 311.3.1, 341.2.1, 341.2.3-cü və s.maddələri ilə, X3 145.3, 182,3.1, 182.3.2 və.s maddələri ilə təqsirli bilinmələri barədədir). Bu isə ona dəlalət edir ki, yuxarıda qeyd olunan məhkəmə aktları cavabdehlərə münasibətlərə preyudisial xarakter daşımırlar. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş İddiaçı adından 7E-7018 reyestrlə rəsmləşdirilmiş razılıq ərizəsinin təsdiq edilmiş çıxarışından görünür ki, o (İddiaçı) Cavabdeh2 və Cavabdeh1 ona olan 65000 manat borcunu tam olaraq ödənildiyini, gələcəkdə qaytarılmış borcla bağlı heç bir iddiası olmayacağına imza etmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir ki, iddiaçıya vurulmuş zərəri tam ödədikdən sonra onun (iddiaçı) qarşısında digər zərərə görə məsuliyyət daşıyırlar. Belə olan halda cavabdehlərin əməlləri nəticəsində iddiaçıya maddi ziyan vurulması təsdiq edilmədiyinə görə iddia əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının cavabdehlərə yönəltdiyi tələbinin ona dəymiş maddi ziyanla əlaqədar çəkdiyi xərclərin ödənilməsi hissədə təmin edilmədiyindən müvafiq olaraq tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki həmin tələb digər tələblərdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh2 Kamal oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər formal mülahizələrə əsaslanmaqla hər hansı mötəbər sübutlarla təsdiqini tapmamışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2(010)- 2901/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar