Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7571/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tutulması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasındakı xx.xx.2011-ci il tarixli nikah pozulsun, həmin nikahdan doğulmuş iki uşaq - xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçının (ananın) yanında qalsın, uşaqların saxlanması üçün cavabdehdən (atadan) hər ay hər uşağa görə 193 manat aliment tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, nikah pozulsun, uşaqlar atanın yanında qalsın, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə uşaqların atanın himayəsində verilməsi hissəsində ləğv edilsin, uşaqlar ananın himayəsinə verilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin uşaqlara aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin yalnız uşaqlara aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Uşaqlardan birinin 10, digərinin isə 9 yaşı var. Ailə qanunvericiliyi “azyaşlı” anlayışını müəyyən etməyib, mülki qanunvericiliyə görə isə 14 yaşına qədər olan uşaqlar azyaşlı sayılır. Mülki Məcəllənin 28.3, 344.1, 1103.1, 1120.1-ci maddələrinə görə, azyaşlılar 2 yerə bölünür: 7 yaşınadək azyaşlı və 14 yaşınadək azyaşlı. BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Hazırkı işdə ananı və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyil. Uşaqların ananın barəsində dedikləri öz təsdiqini tapmır, anada uşaqlara zərər yetirə biləcək hər hansı mənfi cəhət müəyyən olunmur. O, “Yasamal Hospital”da kiçik tibb işçisi işləyir, uşaqları tərbiyə etmək, onların qayğısına qalmaq iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizanın rəyində (iş v. 64) qeyd olunub ki, ananın fərdi-psixoloji xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqresivlik əlamətləri müəyyən olunmur. O cümlədən, Binəqədi RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində (iş v. 84) qeyd olunub ki, uşaqların mənafeyi baxımından onların ananın yanında qalması məqsədəmüvafiq hesab edilir. Məhkəmə-psixoloji ekspertizanın rəyinə görə, uşaqların atalarına bağlılığı üzə çıxmaqla, anaya bağlılıqları müəyyən olunmur. Məhkəmə qeyd edir ki, uşaqların anaya bağlılığının olmamasına səbəb xx.xx.2022-ci il tarixdən etibarən ananın uşaqlardan ayrı yaşamasıdır. Ana öz iradəsindən asılı olmayaraq həmin vaxtdan uşaqlardan ayrı düşüb. O, bildirir ki, həmin tarixdə əri onun təhqir edib, vurmağa cəhd edib, ona görə də yaşadığı evi tərk edib, yəni atası gəlib onu evdən götürüb. Ana uşaqlarla birlikdə yaşamağa başladıqdan sonra onların arasında bağlılıq bərpa olunacaq. Bu, uşaqlara xas xüsusiyyətdir: uşaq kiminlə birlikdə yaşayırsa ona qarşı bağlılıq yaranır, kimdən ayrı yaşayırsa ona qarşı bağlılıq ya zəif olur, ya da olmur. Uşaqlar birinci instansiya məhkəməsində dinlənilərkən (iş v. 123) ata ilə birlikdə yaşamaq istədiklərini bildiriblər. 9 yaşlı uşağın firkinin nəzərə alınması məhkəmə üçün mütləq deyil. Ona görə də 9 yaşlı uşaq ana ilə birlikdə yaşamalıdır. 10 yaşlı uşağın fikrinin nəzərə alınması isə məhkəmə üçün mütləqdir. Belə ki, Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunub: “Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır”. Lakin bu maddədə “maraqlarına zidd olan hallar istisna olmaqla” ifadəsi ilə qaydadan istisna müəyyən edilib. 10 yaşlı uşağın anadan, o cümlədən ana birlikdə yaşayacaq 9 yaşlı qardaşından ayrı yaşaması onun maraqlarına ziddir. Ona görə də məhkəmə 10 yaşlı uşağın fikrini nəzərə almır. Beləliklə, məhkəmə Ailə Məcəlləsinin 22.2.1 və 60.4-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi uşaqlara aid hissədə ləğv edilməli, nikahın pozulmasından sonra uşaqlar ananın yanında qalmalı və uşaqlar atadan alınaraq anaya verilməlidir. O cümlədən məhkəmə Ailə Məcəlləsinin 22.2.2, 75 və 78-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, həmin qətnamə aliment tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli, uşaqların saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat aliment atadan tutularaq anaya verilməlidir. Nikahın pozulmasına aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi uşaqlara aid hissədə ləğv olunsun. Həmin hissədə iddia təmin olunsun. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalsın və uşaqlar ataları Cavabdeh alınaraq anaları İddiaçı verilsin. Həmin uşaqların saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Aliment uşaqların atadan alınıb anaya verildiyi tarixdən başlayaraq tutulsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7571/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7571/2022
16.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver