Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-759/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı1 və X2 Cavabdeh qarşı “cehizlərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vərərək, Cavabdeh məxsus 1 ədəd şkaf, 1 ədəd taxt və 1 ədəd termodan ibarət yataq dəsti, 1 ədəd televizor altı, 1 ədəd qorka və 1 ədəd servantdan ibarət cehiz əşyalarının onun hesabına ünvan 1 ünvanındakı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-3693/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə 25.06.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların iki uşaqları olmuşdur: 17.04.2015-ci il təvəllüdlü Altun və 10.05.2018-ci il təvəllüdlü Tahirə. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və uşaqlar ananın yanında saxlanılmışdır. Bununla yanaşı Nərimanov Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin ünvan 2 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd edilmişdir. Halhazırda cavabdehə məxsus şkaf, taxt və termodan ibarət yataq dəsti, stol, stullar və qorkadan ibarət qonaq otağı dəsti cehiz əşyaları kimi fərdi yaşayış evində qalmışdır. Həmin əşyaların evdə olması onlara maneə yaradır. Evin ümumi sahəsi kiçik olduğundan onlar cavabdehə məxsus əşyaları evdən çıxartmadan evə başqa əşya ala bilmirlər. Eyni zamanda cavabdeh artıq onların ailə üzvü olmadığından hesab edirlər ki, cehiz əşyaları da evdən çıxarılmalıdır. Dəfələrlə cavabdehdən və valideyinlərindən cehiz əşyaların götürülməsini tələb etsələr də, heç bir nəticə verməmişdir. Bu da bir mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, mübahisəli tikilidə övladları ilə birgə yaşamaq istəyir, ona görə də cehiz əşyalarının həmin evdən çıxarılmasına razı deyil. Çünki, onun ünvan 3 ünvanındakı evə köçürülməsi ilə bağlı məsələ həll edilməyincə hazırkı işə baxılıb yekun qərar qəbul edilə bilməz. Digər tərəfdən, onun məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Onun məhkəmə iclasında iştirakı təmin olunsa idi, hazırkı iş üzrə iddiaçıya qarşı tikiliyə köçürülmə barədə iddiasının olması ilə bağlı məhkəməni məlumatlandırmaq imkanı olardı. Birinci instansiya məhkəməsi işə baxarkən onun mübahisəli tikiliyə köçürülmə barədə istəyinin olub-olmaması və bu barədə iddia tələbinin olub-olmaması məsələsini ümumiyyətlə araşdırmamışdır. İddiaçı1 məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisələndirilməyən hallarına görə İddiaçı1 Cavabdeh ilə 25.06.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların iki uşaqları olmuşdur: 17.04.2015-ci il təvəllüdlü Altun və 10.05.2018-ci il təvəllüdlü Tahirə. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və uşaqlar ananın yanında saxlanılmışdır. Nikaha daxil olarkən cavabdeh özü ilə cehiz əşyaları da gətirmiş və həmin əşyaları yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, İstixana ev, mənzil 21 ünvanında yerləşdirmişdir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və özbaşına tikilidir. Aralarında bağlanmış nikah pozulsa da, cavabdehə aid həmin cehiz əşyaları qeyd olunan mənzildə qalmışdır. Hazırda iddiaçıların tələbi cavabdehə məxsus cehiz əşyalarının evdən çıxarılması barədədir. Birinci instansiya məhkəməsi çıxarılması tələb olunan daşınar əşyaların siyahısının cavabdehin nümayəndəsi tərəfindən etiraf olunduğunu, cavabdehin başqa bir işdə qaldırdığı mənzilə köçürülmə tələbinin məhkəmə qətnaməsi ilə rədd edilməsini və s. halları nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 165.1, 165.2, 225-ci maddələrini və s. normaları rəhbər tutaraq iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, cavabdeh öz etirazında və apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində mənzilə köçürülmə barədə iddia qaldırdığını, həmin iddiaya baxılmadan hazırkı işə baxılmasının mümkün olmadığını əsas gətirərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmamaış, əksinə, cavabdehin mənzilə köçürülmə barədə iddiasının məhkəmə qətnaməsi ilə rədd edildiyi müəyyən olunmuşdur. Şikayətin dəlilləri üzrə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Cavabdeh həqiqətən də məhkəmədə İddiaçı1 və X1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia qaldırmış, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin başqa bir dəlili birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi və onun iştirakı olmadan işə baxılması barədədir. Məhkəmə kollegiyası iş materialları ilə təkzib olunduğundan bu dəlili də əsassız sayır və qeyd edir ki, işdə olan sənədlərə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən bütün şəxslərə, o cümlədən cavabdehə bildiriş göndərilmişdir. Bundan başqa, cavabdehin istifadəsində olan 055 719 89 16 saylı telefon nömrəsinə də bununla bağlı SMS bildiriş göndərilmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmır və formal mülahizə xarakteri daşıyır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-759/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-759/2022
26.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver