Məhkəmə qərarları › İş №2(103)-764/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-764/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-764/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1216/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, “X1 Mərkəzi” MMC-yə qarşı ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1216/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır. Buna görə də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili A.Tağıyev apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)- 2132/2018 saylı icra vərəqəsinin kserosurətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı Əli qızını cəlb edilməklə) müqavilə üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddianın təmin edilməsi, cavabdeh X4 28.750 ABŞ dolları kurs üzrə manatla 1 ABŞ dolları=1,70 manat olmaqla 48.875 manat məbləğində borc iddiaçı Cavabdeh1 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinə (həmin torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı Cavabdeh1 borc tələbinin ödənilməsi, ipoteka predmetinin borc tələbini əhatə etmədiyi təqdirdə isə borc məbləği qalan hissədə cavabdehdən tutulması qət edilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən Cavabdeh4nə, tələbkar Cavabdeh1, borclular İddiaçı, X5 göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara Cavabdeh4 14/16P saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinin ilkin satış qiyməti 60.000 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən Cavabdeh4nə, tələbkar Cavabdeh1, borclular İddiaçı, X5 göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara Cavabdeh4 14/16P saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinin satış qiyməti 51.000 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X1 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin Cavabdeh4nə, Cavabdeh1, İddiaçı təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, Cavabdeh4nə hərracın keçirilməsi barədə məlumat verilmişdir, lakin Cavabdeh1 onun bu ünvanda yaşamaması, İddiaçı isə onun ərazidə tapılmaması və qapı bağlı olması ilə bağlı bildirişlərin təqdim edilməsi mümkün olmamışdır. “X1 Mərkəzi” MMC tərəfindən Cavabdeh4nə ünvanlanmış 185 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, keçirilən hərrac zamanı alığı olmadığı üçün Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evi satılmamışdır. Buna görə də qanunvericiliyə uyğun qərar qəbul etmək üçün iş geri qaytarılmışdır. Cavabdeh4 tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-2132/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə həracın keçirilməsi üçün müvafiq sənədlər xx.xx.2019-cu il tarixdə “X1 Mərkəzi” MMC-yə göndərilmişdir. Bundan sonra “X1 Mərkəzi” MMC tərəfindən göndərilən sənədlər xx.xx.2020-ci il tarixli 185 nömrəli məktubla geri qaytarılmışdır. Keçirilmiş hərrac nəticəsində əmlak satılmamış və əmlak “X1 Mərkəzi” MMC tərəfindən Cavabdeh1 təklif olunmuşdur. Lakin həmin sənədin ona çatdırılmasını təsdiq edən rəsmi sənəd mövcud deyildir. Cavabdeh4 tərəfindən bununla bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həqiqətən hərrac təşkilatından mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin tələbkar tərəfə rəsmi olaraq çatdırılmamış və o, öz növbəsində buna münasibət bildirmək hüququndan məhrum edilmişdir. Eyni zamanda tələbkar Cavabdeh1 bildirmişdir ki, ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən bağ evi ona təklif edildiyi halda təklifi qəbul etməyə razıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinin tələbkarın adına rəsmiləşdirilməsi ilə bağlı hərracın yekun protokolunu tərtib edib Cavabdeh4nə göndərilməsini xahiş olunmuşdur. “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-47 No-li protokolun kserosurətinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 2132/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Cavabdeh4 14/16P saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 67c saylı bağ evi 0,02 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 60.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 38250 manata Cavabdeh1 satılmışdır. İş üzrə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67C saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb hərracın özünün deyil, onun nəticələrinin ləğv edilməsinə yönəlmişdir. Yəni iddiaçı hərracın keçirilməsini deyil, hərrac baş tutmamış elan edildikdən və həmin müddətdən 30 gün keçdikdən sonra hərraca çıxarılmış əmlakın qanunla müəyyən edilmiş qaydada tələbkara təklif edilməsi prosedurunun pozulmasını mübahisələndirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipotekaqoyana verilməsini təsdiqetmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərrac keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə: hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə: hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmus qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hazırkı mübahisədən görünür ki, Cavabdeh1 ipoteka predmetini əldə etməkdən imtina etməmiş, hərrac baş tutmamış elan edildikdən 30 gün sonra ipotekanı əldə etməsi ilə bağlı icra məmuru tərəfindən göndərilən təklif ona çatdırılmadığı üçün, o həmin imkandan istifadə edə bilməmişdir. Lakin bununla belə hərracla bağlı sənədlər icra məmuruna xx.xx.2020-ci il tarixdə qaytarıldıqdan sonra Cavabdeh1 bu barədə məlumat əldə edən kimi ipoteka predmetini əldə etmək niyyətini icra məmuruna bildirmiş və icra məmuru qanunla müəyyən edilmiş bu hüququn təmin edilməsi ilə bağlı hərrac təşkilatına müraciət etmişdir. Qanunun tələbindən də göründüyü kimi ipotekaya xitam verilməsi o zaman baş verir ki, ipoteka saxlayan 30 gün ərzində onun əldə edilməsi ilə bağlı iradə ifadəsini bildirməsin. Bundan əlavə, qanunvericilik təkrar hərracın baş tutmaması ilə bağlı elan verilməsini nəzərdə tutur. Belə ki, “İpoteka haqqında” AR Qanununun 43-cü maddəsinin tələblərinə əsasən hərrac təşkilatı həm ilkin hərrac, həm təkrar hərrac barədə elan vermək vəzifəsi daşıdığı kimi, həmin hərracların baş tutmaması ilə bağlı da elan vermək vəzifəsi daşıyır. Təkrar hərracın baş tutmaması ilə bağlı elanın verilməsi ipoteka saxlayana münasibətdə çox əhəmiyyətli və vacib ona görə hesab edilir ki, ipoteka saxlayana münasibətdə ipoteka predmetini 30 gün ərzində əldə etmək üçün müddətin axımı başlayır. Belə elanın verilməməsi, ipoteka saxlayanın hərraca çıxarılmış əmlakı 30 gün ərzində əldə etmək imkanının məhdudlaşdırır. Yəni təkrar hərrac baş tutmadıqda, hərrac təşkilatı bununla bağlı elan verməli və həmin elan verildikdən 30 gün ərzində ipoteka saxlayan hərrraca çıxarılmış əmlakı əldə etməzsə ipotekaya xitam verilir. Hazırkı iş üzrə, hərrac təşkilatı tərəfindən hərracın baş tutmaması ilə bağlı hər hansı elan verilməsi müəyyən edilməmişdir və belə elanın verilməsi il bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən ipoteka predmetini əldə etmək üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin Cavabdeh1 tərəfindən ötürülməsi ilə bağlı şikayətin dəlilləri əsaslı hesab edilə bilməz. Bundan əlavə, Cavabdeh1 ipoteka saxlayan kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə xeyrinə həll olunmuş işin uğurla sonda həll olunması və ədalətin bərpa olunması gözləntisi olmuşdur. Cavabdeh əldən çıxmış mülkiyyətin (ona məxsus pul vəsaitinin) sonda ona qaytarılmasını uzun müddət gözləmiş və son mərhələdə, yəni hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetini əldə etmək imkanını həyata keçirməsi onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpa edilməsi kimi qiymətləndirilməlidir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hərracın yekunları barədə protokol və ipoteka saxlayanla bağlanılmış müqavilə tam qanuni əsaslarla bağlandığı üçün onların etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1216/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar